Qazaxıstanın Kustanay şəhərində 1988-ci il Seul Yay Olimpiya Oyunlarının mükafatçısı Aleksandr Miroşniçenkonun xatirəsinə yeniyetmələr arasında boks turniri keçirilib. Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yarışda milli komandamız məşqçilər Elbrus Rzayev və Hüseyn Bağırovun rəhbərliyi altında çıxış edib.
Qazaxıstana yollanan 10 boksçumuzdan 6-sı Vətənə medalla dönüb. 57 kq çəki dərəcəsində mübarizə aparan Cavid İsgəndərzadə bütün döyüşlərini qələbə ilə başa vuraraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ümüd Rüstəmov (50 kq) və Mirağa İsmayılov (60 kq) gümüş, Elşən Məmmədov (52 kq), Malik Həsənov (46 kq) və Cavidan Verdizadə (54 kq) bürünc medal qazanıb.