Müsəlmanları birləşdirən qeyri-hökumət qurumu olan Beynəlxalq İmamlar Şurası İslam dininin davamçılar olan idmançılara 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarına getməyi qadağan edib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Şuranın saytındakı bəyanatda deyilir ki, qadağa Çində yaşayan uyğur müsəlmanlarına edilən zülmlə bağlıdır.
İddia olunur ki, olimpiadada iştirak “uyğurların soyqırımına və etnik təmizləməsinə görə məsuliyyət daşıyan tiran və despotik rejimin maraqlarına birbaşa xidmət edəcək”.
ABŞ, Avstraliya və Böyük Britaniya da oyunları boykot etməyə çağırıb: onlar öz diplomatlarını Çinə göndərməkdən imtina ediblər.
Çinin Sincan bölgəsində bir milyondan çox uyğur - türk əsilli müsəlman yaşayır.
Avropa və Amerika mediası uzun müddətdir ki, bu etnik qrupun nümayəndələrinin ölkə hakimiyyəti tərəfindən zorla dövlət düşərgələrində saxlandığını və işləməyə məcbur edildiyini iddia edir.
Bundan əlavə, orada yaşayan müsəlmanlara övladlarına ənənəvi adlar qoymağın qadağan edildiyi, donuz əti yeməyə və spirtli içki içməyə məcbur edildiyi iddia edilir.
Pekindəki Olimpiada 2022-ci il fevralın 4-dən 20-dək keçiriləcək.