“Təyyarədə qadın yaxınlaşdı ki, səni sevmirdim, amma...” -  SİRLİ ULDUZLAR
01 aprel 2021 20:15 (UTC +04:00)

“Təyyarədə qadın yaxınlaşdı ki, səni sevmirdim, amma...” - SİRLİ ULDUZLAR

O, Türkiyənin yetişdirdiyi ən güclü hücumçulardan biridir. Son günlərdə yenidən diqqət mərkəzinə düşməyi bacardı. “Ay-ulduzlar”ın DÇ-2022-nin seçmə mərhələsində Niderland üzərindəki qələbəsinin memarı məhz o oldu. Son olaraq Latviya ilə görüşdə də fərqlənərək hesabına növbəti qol yazdırdı. Bəli, düz anladınız. Lent.az-ın “Sirli Ulduzlar” layihəsində söhbət Türkiyənin 4 böyük klubunun hamısında oynamış, hazırda “Lill”in uğurları üçün çalışan Burak Yılmazdan gedəcək. 35 yaşlı forvardın həyat hekayəsini öz dilindən eşidək...

“Dünya bir yana, atam bir yana”

“1985-ci ildə Antalyada anadan olmuşam. Futbola 7 yaşımda “Antalyaspor”un akademiyasında başlamışam. İlk məşqçim atam olub. 16 yaşımadək akademiyanın bütün yaş qruplarında oynadım. Atamın akademiyada məşqçilik etməsi mənim üçün böyük üstünlük idi. Əslində 7-8 yaşındakı uşaqlara əsəbiləşmək olmaz. Amma atam digər uşaqlardan fərqli olaraq, məni danlaya bilirdi. Mənim üçün dünya bir yana, atam bir yana. Övladlarıma atam kimi ata olmağa çalışıram”.

“Atamın başımıza sığal çəkməsi bizə bəs edirdi”

“16 yaşımda “Antalyaspor”un əsas komandasına yüksəldim. Çox yaramaz, dəcəl uşaq idim. Bir dəqiqə bir yerdə dayanmazdım. Amma atamdan qorxardım, ona əsla hörmətsizlik etməzdim. Atamla aramızda pərdə var idi. Mən atasının boynuna sarılan, onun üzündən öpən uşaqlardan olmamışam. Çünki atamdan çox çəkinirdim. Onun başımıza sığal çəkməsi bizə bəs edirdi. İbtidai sinifdən başlayaraq liseydə təhsil aldığım vaxtadək həmişə dəcəl olmuşam. Əslində, o xasiyyətim indi də qalır (gülür). Özümdən tez çıxan insanam, amma hirsim tez soyuyur. Bir də meydandakı Burakla meydandan kənardakı Burak fərqlidir. Meydanda daha aqressiv, daha əsəbiyəm. Bu isə uduzmaq istəməməyimdən irəli gəlir. Məğlub olmağı qəbul etmirəm. Nərd, playstation oynayanda da beləyəm, uduzanda özümdən çıxıram”.

“Çətin anında həyat yoldaşımın yanında ola bilmədim”

“İki qız övladım var. Onlar gülərkən və ya ağlayarkən keçirdiyim hissləri heç vaxt yaşamamışdım. Allaha mənə iki gözəl övlad payı verdiyinə görə şükür edirəm. Qızlarım həyatımdır. Onların istədiyi hər şeyi edən bir atayam. Qızlarıma “yox” deyə bilmirəm. Xüsusən də ağlayırlarsa, deməli, istədikləri mütləq olacaq. Allah bütün övladlara həmişə gözəl günlər göstərsin.

İkinci qızım Derin doğulanda Çində idim. Həmin gün Çin çempionatında oyunum var idi. Türkiyə və Çin arasında 6 saatlıq fərq var. Əslində, Derinin həmin gün dünyaya gələcəyini gözləmirdik, doğuş bir neçə gün sonra reallaşmalıydı. Amma qızım daha tez doğuldu. Çətin anında həyat yoldaşımın yanında ola bilmədim. Amma həmin gün çıxdığım oyunda qol vura bildim. Derini doğulandan 3 gün sonra görə bildim. Bir tərəfdən sevinmiş, digər tərəfdən üzülmüşdüm”.

“Mən xəstə oluram, onlar həkim”

“Hər iki qızım - həm Nazlı, həm də Derin çox ağıllı və istedadlıdır. Amma onların gələcəyi ilə bağlı indidən plan qurmuruq. Hazırda elə yaşdadırlar ki, onları ancaq öpmək, oxşamaq, onlarla oynamaq istəyirəm. Hansı peşəni seçəcəklərsə, daim yanlarında olacam. Bir addım atarkən, bir qərar verərkən övladlarımı düşünürəm. Uşaqlarımdan ayrı qalanda çox darıxıram. Qızlarımla tez-tez oyunlar oynayırıq. Mən xəstə oluram, onlar həkim və məni müayinə edirlər.

“Məni buraxmaq istəmirdilər”

“Çinə uyğunlaşmaqda çox çətinliklər yaşadım. Düzdür, oraya türkiyəli tərcüməçi və aşpaz aparmışdım. 2 ilə yaxın müddətdə mənimlə birlikdə Çində yaşadılar, nazımla oynadılar. Yeməklərlə əlaqədar çox sıxıntı keçirmədim. Çünki orda müsəlman çevrənin işlədiyi bir yer var və orda halal ət satırlar. Bununla belə, Çində çox problemlə üzləşdim. Dünyanın ən çirkli havasının olduğu ölkə Çin, şəhər isə Pekindir. Mən də Pekində qalırdım. Maşınlar o qədər çoxdur ki, hərəkət dözülməzdir. Bu baxımdan da Pekin birinci yerdədir. Çinin Türkiyədən 6 saat öndə olması mənə böyük problem yaradırdı. Xüsusən də yığmaya gəlib qayıdandan sonra nə çəkdiyimi bir Allah bilir. Bundan əlavə, təyyarə ilə 12 saatlıq yol qət etmək lazım gəlirdi. Amma müsbət tərəfləri də var idi. Çinə gedib yaxşı pul qazandım. Həmin pulların qarşılığını oyunumla artıqlaması ilə verdim. Məndən çox razı idilər, buraxmaq istəmirdilər. Amma həmin anda uşaqlarıma daha yaxın olmaq istədiyim üçün Türkiyəyə qayıtdım. Bir də üzərimdə böyük əməyi olan “Trabzonspor”dan təklif almağım qərarımda mühüm rol oynadı. Çinlilər dəqiq, doğru insanlardır. Çin yeməklərinin də dadına baxdım, amma xoşuma gələn olmadı”.

“Əsəbi nəzərlərlə mənə baxırdı...”

“Kənardan baxanda məni tanımayanlar özümdən razı, heç nəyi bəyənməyən biri olduğumu düşünə bilər. Amma məni tanıdıqdan sonra elə olmadığımı anlayırlar. Sadə insanam. Bir dəfə təyyarə ilə səfər edirdim. Təyyarədə pilot, stüardessalar və sərnişinlərlə şəkil çəkdirirdim. Yanımızda orta yaşlı bir xanım dayanmışdı, əsəbi nəzərlərlə mənə baxırdı. Nəsə demək istədiyini hiss etdim. Elə o anda “Burak, bir dəqiqə səni olarmı” dedi, mən də “buyur, bacım” dedim. Sözünə davam edərək “Burak, haqqını halal et, səni heç sevmirdim, amma belə insan olduğunu bilmirdim, meydanda başqa cür görünürsən” dedi. Sonra onunla da birgə şəkil çəkdirdik”.

“Onu atam kimi sevirəm”

“Həyatımın dönüş nöqtəsi Şenol Günəşlə qarşılaşmağımdır. Mənim üçün xüsusi insandır o. Günəşlə qarşılaşmasaydım, indiki səviyyəmdən çox aşağıda olardım. Düzdür, istedadım var idi. Amma Şenol hoca bu istedadın üzə çıxmasında böyük rol oynadı. Məhz onun sayəsində bu günlərə gəldim. Türkiyədəki ən böyük məşqçilərin hamısı ilə çalışdım, hər birinə böyük hörmətim var. Amma Şenol Günəşin həyatımdakı, karyeramdakı yeri ayrıdır, mənim üçün ən yaxşısı odur. Onu atam kimi sevirəm.

Fatih hocanı da çox istəyirəm, xüsusi adamdır, güclü məşqçidir. Onunla işləməyən birinin bunu başa düşməsi mümkün deyil. Terimlə də birgə gözəl anlarımız olub. Onları sözlə ifadə etmək çox çətindir. Nə dediyimi anlamaq üçün o hissləri yaşamaq lazımdır. Sadəcə, onu deyə bilərəm ki, Fatih hocanın da rəhbərliyi altında oynadığım üçün özümü çox şanslı hesab edirəm. Terimlə işləməkdən zövq almışam”.

“Bundan sonra oynayacağım komandaları özüm seçdim”

“20-21 yaşımda “Beşiktaş”a getdim, ordan göndərildim. Ondan sonra 3 ay “Manisaspor” macəram oldu, çox yaxşı keçdi. Nəticədə “Fənərbaxça”ya transfer edildim, amma ordan da göndərildim. Ardınca “Trabzonspor”a getdim və ondan sonra oynayacağım komandanı özüm seçdim. Yəni bir daha göndərilmədim, seçimləri mən etdim. Həyat belədir, gərək təslim olmayasan. Futbolçu üçün 17-22 yaş aralığı çox təhlükəlidir. Xüsusən həmin ərəfədə vaz keçmək olmaz. Akademiyada oynayarkən məndən daha istedadlı uşaqlar var idi. Amma onlar səhv qərarlar və yanlış həyat tərzinə görə yuxarı pillələrə çıxa bilmədilər. İdmanda güclü xarakterin olmalıdır”.

“Dedim mən bu ölkədə qol kralı olacağam”

“Fənərbaxça”daydım, məni heyətə salmırdılar. Luis Araqonesin dövrü idi. Hətta oyunlara 17 futbolçu aparırdılar, 18-ci olaraq da məni götürmürdülər. Təbii ki, buna səbəblər sırasında öz səhvlərim də var idi. Amma mənim günahım 30-35 faiz idi. Bir gün dostum, komandadakı futbolçulardan biri qayıtdı ki, Burak Yılmazdan heç nə gözlənilmir, ancaq ehtiyatda qalır. Söz mənə pis təsir etdi. Dedim ki, mən bu ölkədə qol kralı olacağam. Mən o sözü deyəndə heç kəs inanmırdı, dostum belə. Sözümü tutdum və bir neçə dəfə çempionatın bombardiri oldum. Futbolçu karyeramda 24 yaşımadək heç kimə qulaq asmadım. Mənim səhvim bu idi. Niyə qulaq asmırdım? Fikrimcə, bu, gəncliklə əlaqəli idi”.

“Qol vurmaqdan çox qələbə qazanmaq önəmlidir”

“Bu günədək formasını geyindiyim hər klub mənim üçün dəyərlidir. Hansı komandada uğurlu olmuşamsa, bunda baş məşqçilərin və komanda yoldaşlarımın böyük rolu olub. Meydana çıxanda yalnız bir şeyi düşünürəm: oyunumla faydalı olmalıyam. Hamı hücumçudan qol gözləyir. Amma mənim üçün qol vurmaqdan çox qələbə qazanmaq önəmlidir. Düzdür, ikisi bir yerdə olanda daha yaxşı olur (gülür). Amma ilk növbədə komandanın qələbəsi gəlir, sonra hücumçunun qol vurması”.

“İki qərarımı dəyişmək istərdim”

“Keçmişə qayıtmaq imkanım olsaydı, nəyi dəyişərdim? Yanlış qərarlarım olub. Həyatımda iki qərarımı dəyişmək istərdim. Amma bunların nə olduğu sirr qalsın, söyləyə bilmərəm, sadəcə, yaxınlarım bilirlər. Düzdür, həmin səhv qərarlarımın yekunu olaraq yaxşı yerlərə gəlib çıxa bildim, uğur qazandım. Amma “kaş ki, digər variantı seçəydim” dediyim iki hadisə var”.

“Mismar vura bilmirəm, heç nədən başım çıxmır”

“Biznesim yoxdur, ticarətlə məşğul deyiləm. Futboldan başqa heç nədən başım çıxmır. İnanmazsınız, mismar vura da bilmirəm. Çox dərs buraxdığım üçün universitetdən qovulmuş adamam. O qədər də bədxərc deyiləm. Əvvəl avtomobillərə həvəsim var idi. Amma yaş artdıqca o həvəsim getdi. İndi təkcə saatlara marağım var”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6429
avatar

Rizvan Babayev

Oxşar yazılar