Yanvarın 25-də Ukrayna Futbol Assosiasiyasının UAF) XXVI Konqresi keçirilib və bu konqredə qurumun yeni prezidenti seçilib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, UAF prezidenti postunu “Dinamo”, “Milan” və Ukrayna millisinin əfsanəvi hücumçusu Andrey Şevçenko tutub.
O, korrupsiya və mənimsəmədə şübhəli bilinən, hazırda istintaq təcridxanasında oturan Andrey Pavelkonun 2015-ci ildən tutduğu vəzifəyə yeganə namizəd olub.
Assosiasiya prezidentinin seçilməsi UAF-ın XXVI Konqresinin gündəliyinin üçüncü məsələsi olub. Şevçenko çıxışı zamanı 15 dəqiqə ərzində Ukrayna futbolunun əsas problemlərindən danışıb, həmçinin onun inkişafı ilə bağlı fikirlərini bölüşüb.
2004-cü ilin “Qızıl top” qalibinin namizədliyinə səs verməzdən əvvəl konqres nümayəndələri yekdilliklə UAF rəhbəri Andrey Pavelkonun vəzifəsindən azad edilməsini dəstəkləyiblər. Şevçenkonun lehinə 93 nümayəndə səs verib, bir nəfər isə bitərəf qalıb.