"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov
21 iyul 2021 19:52 (UTC +04:00)

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov

Qurban Qurbanov: "Problemlər var" 

 

"İlk oyunlar bir az çətin keçir. Buna baxmayaraq, hazırlığımız pis alınmayıb".

Apasport.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsrail "Aşdod"u ilə keçirəcəkləri Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis transferlərdə bəzi problemlərin olduğunu bildirib: "Müəyyən problemlər var. Çalışacaq ki, bunlar meydanda özünü göstərməsin. Sabah ən yaxşısını etməyə çalışacağıq. Müsahibələrimdə bildirdim ki, ən çox transferlərə zaman ayırırıq. Amma tam istədiklərimizi əldə etməmişik. Müzakirələr və axtarışlar davam edir. Asan deyil, bizdən asılı olmayan səbəblər var. Bəzi detallarda razılaşmışıq. Bəzən klublarla anlaşa bilməmişik. Biz peşəkar klubuq, əlimizdə olanların performansını saxlamaq istəyirik. Transfer məsələsi son vaxt dünya bazarında problemə çevrilib. Bu il bizə daha çox futbolçu almaq lazım idi. Bir neçə oyunçu komandanı tərk edib. Qarşıdakı vaxtlarda düşündüyümüz transferləri həll edəcəyik".

Qurbanov hər iki qapıçının "Aşdod"la oyuna hazır olduğunu, lakin start heyətdə kimin meydana çıxması ilə bağlı qərar verilmədiyini söyləyib.

O, yeni transfer Marko Veşoviç haqqında bunları diqqətə çatdırıb: "Onun zədəsi var idi. 6 ay oynamayıb. Mayda "Legiya"da və millidə matçlar keçirib. Ümumi durumu pis deyil. Yığmanın oyunlarından sonra fərdi məşq edib. Bu, bizə bir az narahatlıq verir. Sabah "18-lik"də olacaq. Lazım gəlsə, ondan istifadə edə bilərik".

Mütəxəssis rəqibi bacardıqları qədər təhlil etdikləri etdiklərini sözlərinə əlavə edib: "Rəqibdə dəyişikliklər çox olub. Bəlkə sabah bizim düşündüyümüzdən fərqli oynaya bilərlər. Bu komandanın öz oyun üslubu var. Ondan əl çəkmirlər. Diqqətli müdafiə olunur və təhlükəli əks hücumlara çıxırlar. Sabah qalib gəlmək üçün futbolçulardan çox şey tələb olunur".

Baş məşqçi azarkeşsiz futbolun maraqsız olduğunu bildirib: "Futbolçu daha çox azarkeşə görə oynayır. Fanatlar daim uğurlarımız üçün sevinir. Onların tribunada olması bizim üçün üstünlükdür. Buna hamımız sevinirik. Azarkeşləri meydanlara qayıtmaqları münasibətilə təbrik edirəm. Biz onlar üçün darıxmışıq. Futbolu onlar üçün oynayırıq. Meydanda əlimizdən gələni etməyə çalışacağıq. Fanatların meydanda olması bizim üçün əlavə üstündür".

Qurbanov Ramil Şeydayevin durumunun pis olmadığını söyləyib: "Aqressiv futbolçu həmişə istənilən komandaya fayda verir. Şeydayev sabahkı oyuna hazırdır. Onun potensialını açmağa çalışacağıq. Musa Qurbanlını isə əsas heyətdə görməyəcəyik (gülür)". 

Mütəxəssis son olaraq hücum mövqeyindəki çatışmazlıqdan danışıb: "Hamımız hücum xəttini düşünürük. Bilirəm ki, mütləq bu mövqeyə bir oyunçu lazımdır. Bundan əlavə müdafiədə problem var. Oranı da yaxşılaşdırmaq istəyirik. Bəzən hər klubda böyük dəyişikliklərə ehtiyac olur. Bu gün biz hər şeyi yenidən qurmaq istəyirik. Komandada xeyli dəyişiklik etmək istəyirəm. 3-4 illik kollektiv qurmaq istəyirik. Çox tələsmək də istəmirik ki, yanılmayaq. Sosial şəbəkələrdən uzağam, amma diam fikirlərlə maraqlanıram. Azarkeşlər də komandanın yaxşı olmasını istəyir. Bu yöndə işlər gedir. İstəyirik ki, transferlər edək. İnanın ki, asan və rahat deyil. Bəzən sonda kiçik elementlər bizə mane olub. Əlimizdəki oyunçuların da sağlamlığını və formasını qoruyub saxlamaq niyyətindəyik".

Qeyd edək ki, iyulun 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Aşdod" oyunu saat 20:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra İsraildə olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2160
avatar

Oxşar yazılar