Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğunun nəticəsində 2021-ci ilin ən yaxşı baş məşqçisi seçilən “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun mükafatlandırma mərasimi olub.
Lent.az Apasport.az-a istinadən xəbər verir ki, tədbir “Fairmont” oteldə baş tutub.
Tədbir zamanı Ağdam klubunun baş məşqçisi mükafatını alıb. O, 11-ci dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi adına layiq görülüb.
Təcrübəli mütəxəssisin təəssüratları belə olub: “Videoçarxa baxanda yenidən həyəcanlandım. Hər belə uğurdan, ilin məşqçisi seçildikdən sonra məsuliyyətim daha da artır. Bir tərəfdən buna sevinirəm ki, çəkdiyimiz hər kiçik əziyyətə böyük dəyər verilir. Buna görə hər birinizə təşəkkür edirəm”.
Qeyd edək ki, 67 jurnalistin qatıldığı sorğuda Qurban Qurbanov 58 səs toplayaraq, digər namizədləri böyük fərqlə geridə qoyub.