“Qızıl top”u onlar da ala bilərdi, amma...
19 mart 2021 14:02 (UTC +04:00)

“Qızıl top”u onlar da ala bilərdi, amma...

Dünya futbolunda uzun illər sürən Lionel Messi – Kriştianu Ronaldo hegemonluğu yavaş-yavaş başa çatır.

Apasport.az saytının məlumatına görə, 2008-ci ildən bəri cəmi bir dəfə “Qızıl top” mükafatı bu iki superulduzdan birinə qismət olmayıb.

Maraqlıdır, əgər Messi və Ronaldo olmasaydı, bu illərdə “Qızıl top”u kimlər qazanardı? Adıçəkilən oyunçuların varlığına üzülənlər aşağıdakılardır:

Fernando Torres – 2008
İspaniyalı sabiq forvard 2008-ci ildə Ronaldo və Messidən sonra “Qızıl top” uğrunda yarışda 3-cü yeri tutdu. Həmin mövsüm Premyer Liqada vurduğu 24 qolla bombardirlər yarışında da Ronaldodan geri qaldı. AVRO-2008-in finalında vurduğu qələbə qolu ilə İspaniya yığmasını çempionluğa daşıdı.

Xavi Ernandes – 2009, 2011
“Barselona”nın və İspaniya millisinin liderlərindən olan Xavi 2009 və 2011-ci illərdə yalnız komanda yoldaşı Messi və Ronaldodan geri qaldı. “Barselona”nın həmin illərdə La Liqanı və Çempionlar Liqasını qazanmasında böyük pay sahibi oldu.

Andres İnyesta – 2010, 2012
İnyesta “Qızıl top” mübarizəsində 2010-cu ildə Messidən sonra ikinci oldusa, iki il sonra həm komanda yoldaşı, həm də Ronaldonun ardından ilk “üçlüy”ü qapadı. Xavi kimi, İnyesta da “Barselona”nın qızıl dövrünün önəmli simalarından idi.

Frank Riberi – 2013
Fransalı 2013-cü ildə “Bavariya”nın Bundesliqanı və Çempionlar Liqasını qazanmasına töhfə verdi. Ancaq bu, “Qızıl top” üçün yetərli olmadı. Riberi yalnız 3-cü yeri tuta bildi.

Manuel Noyer – 2014
Həmin mövsümü möhtəşəm keçirən qolkiperin də “Qızıl top”a gedən yolunu Leo və CR7 kəsdi. Halbuki “Bavariya” ilə Bundesliqanı, Almaniya yığması ilə də Avropa çempionatını qazanmışdı. Messi ilə Ronaldo olmasaydı, yəqin ki, bu mükafata sahib çıxan ikinci qapıçı kimi tarixə düşərdi.

Neymar – 2015, 2017
“Barselona”ya keçəndə onun gələcəkdə bu mükafata yiyələnəcəyinə şübhə edilmirdi. Ancaq hələ də buna nail olmayıb. 2015 və 2017-ci illərdə yaxın olsa da, üçüncülüklə kifayətləndi. Messi və Luis Suaresin dəstəyi ilə qarşısıalınmaz hücumçuya çevrilən braziliyalı PSJ-yə keçdikdən sonra heç ilk “üçlüy”ə düşə bilməyib.

Antuan Qrizmann – 2016
Fransalı 2016-cı ili əla keçirdi. Həmin ildə baş tutan Avropa çempionatını 6 qolla bombardir kimi tamamladı. “Atletiko”da da qollarını sıralayırdı. Ancaq “Qızıl top” yarışında üçüncü oldu.

Vircil van Deyk – 2019
Niderlandlı müdafiəçi iki il əvvəl Lionel Messidən cəmi 7 səs az toplayaraq ikinci yeri tutdu. “Liverpul”un ÇL-i qazanmasında əvəzsiz xidməti olmuş, Premyer Liqada da mövsümün ən yaxşı müdafiəçisi seçilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3177
avatar

Oxşar yazılar