Bu gün Konfrans Liqasında pley-offun püşkü atılacaq.
Apasport.az saytının məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qıtənin üçüncü dərəcəli klub turnirində mübarizəni davam etdirən Azərbaycan vitse-çempionu “Qarabağ”ın da rəqibi bəlli olacaq. Qrup qaliblərinin birbaşa 1/8 finala yüksəldiyi Konfrans Liqasında pley-offda 16 klub qüvvəsini sınayacaq.
Lakin bu komandalardan biri hələ dəqiqləşməyib. Ləğv edilən “Tottenhem” – “Renn” görüşünün taleyi bilindikdən sonra İngiltərə təmsilçisinin, yoxsa “Vitess”in qrup ikinci olacağı dəqiqləşəcək.
Püşkatma öncəsi komandalar iki səbətə bölünüb. Qrupunda ikinci yeri tutanlar, o cümlədən “Qarabağ” səpələnmişlər sırasındadır.
Avropa Liqasından üçüncü yer sahibi kimi bura yuvarlananlar səpələnməmişlər səbətindədir. Pley-offun ilk matçları da səpələnməmişlərin meydanında baş tutacaq. Bu mərhələdə eyni ölkə təmsilçiləri bir-biri ilə görüşə bilməz.
Səpələnmişlər
“Bodo Qlimt” (Norveç)
“Makkabi” (Təl-Əviv, İsrail)
PAOK (Yunanıstan)
“Partizan” (Serbiya)
“Qarabağ” (Azərbaycan)
“Randers” (Danimarka)
“Slaviya” (Çexiya)
“Vitess” (Niderland)/“Tottenhem” (İngiltərə)
Səpələnməmişlər
“Seltik” (Şotlandiya)
“Fənərbaxça” (Türkiyə)
“Lester” (İngiltərə)
“Marsel” (Fransa)
“Midtülland” (Danimarka)
PSV (Niderland)
“Rapid” (Avstriya)
“Sparta” (Çexiya)
Qeyd edək ki, pley-offun ilk oyunları gələn il fevralın 17-də, cavab matçları 24-də keçiriləcək. 1/8 finalın püşkü fevralın 25-də atılacaq.