"Bayer"in nümayəndəsi yarımmüdafiəçi Florian Virtsin müqaviləsi ilə bağlı vəziyyəti şərh edib. Daha əvvəl məlum olmuşdu ki, futbolçu ən azı bir il yay transfer pəncərəsində klubla müqaviləsini uzada və transferdən imtina edə bilər.
Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, Virtsin hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatır.
“Bayer” uzun illər Florian Virts və ailəsi ilə çox etibarlı və yaxın münasibət saxlayır. Müqavilə məsələləri yalnız “Bayer” rəhbərliyi ilə Virts ailəsi arasında müzakirə olunur. Mövcud müqavilə vəziyyətində hər hansı bir dəyişiklik olarsa, klub əlbəttə, bu barədə Virts ailəsi ilə məsləhətləşərək məlumat verəcək. Bu mövzuda əlavə şərh verməyəcəyimizi başa düşməyinizi xahiş edirik”, - jurnalist Florian Plettenberq X sosial şəbəkəsində (keçmiş Twitter) klubun nümayəndəsindən sitat gətirir.
Bu mövsüm Florian Virts klub üçün bütün yarışlarda 24 oyun keçirib, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.