Azərbaycan millisi 2021-ci ildə keçirdiyi ikinci oyunda da uduzub.
Apasport.az saytının məlumatına görə, yığmamızın martda aldığı məğlubiyyətlər komandamızın FİFA reytinqinə mənfi təsir edəcək.
Son cədvəldə 1180 xalla dünyanın 108-cisi olan Canni de Byazinin yetirmələrinin yeni mövqeyi həm də qonşu pillələrdəki komandaların nəticəsindən asılı olacaq. Amma yığmanın xal aktivi azala-azala gedir.
DÇ-2022-nin Portuqaliya ilə seçmə oyununda 0:1 hesabı ilə uduzan milli 3,4 xal itirib. Qətərlə görüşün yoldaşlıq statusu daşıması üzündən 1:2 hesablı yenilginin itkisi daha azdır. Komandamız asiyalılarla qarşılaşmada aktivini 3 xal azaldıb.
İtirə-itirə gedən yığma iki qarşılaşmada 6,4 xal geri düşüb. Bu isə əmsalımızın 1174-ə qədər azalacağı deməkdir. Belə itki təxminən 3-4 pilləlik geriləmə vəd edir. Təbii ki, aşağı sıralardakılar da uğursuz çıxış etməsə.
Amma De Byazinin komandası özü də durumunu yaxşılaşdıra bilər. Martın 30-da Serbiyaya uduzmasa, məğlubiyyətlərdən daha böyük qazanc əldə olunacaq. Bu isə əmsalın artması ilə nəticələnəcək.