Cristiano Ronaldo rekordunu yenilədi, Lionel Messi isə Ferens Puşkaşı keçərək estonlara qarşı beş qoldan sonra dördüncü yerə yüksəldi.
Millətlər Liqasının ikinci turunda Portuqaliya yığması İsveçrəni darmadağın edib - 4:0. Meydan sahiblərinin heyətində Kriştiano Ronaldo iki dəfə fərqlənib.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, beləliklə, Ronaldo millinin heyətində öz qol rekordunu yeniləyib. "Mançester Yunayted"in futbolçusunun aktivində 117 qol var. Bu, milli komandaların bütün oyunçuları arasında ən yaxşı nəticədir. İkinci yeri 109 qol vuran İran millisinin sabiq futbolçusu Əli Daei tutur.
Argentina millisinin hücumçusu Lionel Messi yüz qola xeyli yaxınlaşıb. Onun komandası yoldaşlıq görüşündə Estoniyanı 5:0 hesabı ilə məğlub edib. Bütün qolları Lionel vurub.
İndi onun millidə 86 qolu var. O, əfsanəvi macar hücumçusu Ferens Puşkaşı (84 qol) qabaqlayıb və hazırda milli komandaların ən yaxşı bombardirləri siyahısında dördüncü yeri tutur.
Dünyanın ən yaxşı qolçularının reytinqi:
1. Kriştiano Ronaldo (Portuqaliya) – 117
2. Əli Daei (İran) – 109
3. Mohtar Dahari (Malayziya) – 89
4. Lionel Messi (Argentina) – 86
5. Ferens Puşkaş (Macarıstan) - 84