Argentinalı hücumçu Lionel Messi "İnter Mayami"də debüt matçını dəyərləndirib.
Lent.az xarici mediaya istinadla bildirir ki, onun fikirləri Şimali Amerika Böyük Futbol Liqasının (MLS) rəsmi saytında yayılıb.
“Oyunda son şansım idi və həmişə olduğu kimi vurdum. Bəxtim gətirdi ki, top düz hədəfə getdi, qapıçı onu tuta bilmədi”, - hücumçu bildirib. Futbolçu bir daha vurğulayıb ki, o və ailəsi Amerika klubuna keçidindən razıdırlar.
Messi Meksikanın “Kruz Asul” klubu ilə Liqalar Kuboku turnirinin qrup mərhələsinin ilk oyununda 54-cü dəqiqədə əvəzedici kimi meydana daxil olub. Görüş Fort Lauderdale stadionunda keçirilib.
Qarşılaşma “İnter Mayami”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Əsas vaxtda həlledici qolu cərimə zərbəsini dəqiq yerinə yetirən Messi vurdu.
Messinin "İnter Mayami"yə keçidi rəsmi olaraq iyulun 15-də elan edilib. Hücumçu ilə müqavilə 2025-ci il mövsümünün sonuna kimi hesablanıb.