Dünya çempionatının favoritlərindən biri kimi göstərilən Argentina millisinin super ulduzu Lionel Messi Səudiyyə Ərəbistanı ilə oyundan əvvəl diqqət çəkən açıqlamalar verib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, zədəli olduğu xəbərini təkzib edib: “Fiziki olaraq özümü çox yaxşı hiss edirəm. Heç bir problemim yoxdur. Dünya çempionatına çox yaxşı gəlirəm”.
Ötən aylarda verdiyi "mənim üçün son dünya çempionatı" ifadəsini təkrarlayan Messi deyib: "Bu dünya çempionatı mənim üçün xüsusidir, çünki yəqin ki, sonuncu olacaq. Böyük arzumu həyata keçirməyə çalışacağam”.
“Argentinalı olmayan insanların mənim üçün Argentinanı dəstəkləməsi çox gözəldir, minnətdaram”, - deyən 35 yaşlı futbolçu bildirib: "Səudiyyə Ərəbistanı oyunundan əvvəl komanda yoldaşlarıma deyəcəyəm ki, dünya çempionatı təcrübəsindən həzz alın, çünki onların yaşında mən bundan həzz almırdım".
Messinin sözlərinə görə, bu komanda ona 2014-cü ildəki heyəti xatırladır: “Çox oxşar komanda idi. Meydanda nə etməli olduğumuzu çox yaxşı bilirdik. Bura əla forma ilə gəlmək əladır və bu, bizə inam verir".
Argentina millisi bu saatlarda dünya çempionatının ilk oyununda Səudiyyə Ərəbistanı ilə qarşılaşır və hesab artıq açılıb. Messi 10-cu dəqiqədə onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.