“Mən oynayan vaxtlar Zaqatala stadionunun boş günü olmurdu” – Qurban Qurbanov
27 iyun 2021 12:11 (UTC +04:00)

“Mən oynayan vaxtlar Zaqatala stadionunun boş günü olmurdu” – Qurban Qurbanov

“İllərdir eyni proses təkrarlanır, birinci diviziondan Premyer Liqaya vəsiqə qazanan komanda elitaya yüksəlmir. Budəfəki vəziyyət də əvvəlcədən bəlli idi”.

Bunu Lent.az-a müsahibəsində “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qardaşı Musa Qurbanovun prezidenti olduğu “Zaqatala” klubunun Premyer Liqaya buraxılmamasına münasibət bildirərkən deyib.

O, növbəti mövsüm də elitada 8 komandanın iştirak edəcəyinin öncədən məlum olduğunu söyləyib: “Təxminən 5-6 ildir ki, çempionatda 8-dən artıq komanda oynamır. Yenə eyni halın təkrarlanacağını bilirdik. Təbii ki, mən bunun tərəfdarı olmamışam. Əlbəttə, rəqabət olmalıdır. Çox istərdim ki, hər komandanın haqqı verilsin. Əgər komanda aşağı dəstədə birinci yer tutubsa, mütləq Premer Liqaya çıxarılmalıdır. Həmçinin elitada da sonuncu olan birinci diviziona düşməlidir. “Zaqatala” “Neftçi-2”dən sonra ikinci yeri tutdu və Premer Liqaya çıxmaq şansı var idi. Artıq neçə ildir ki, Premyer Liqada 8 klub mübarizə aparır. Digərləri birinci divizionda vaxt keçirir desəm, kobud çıxacaq. Hansısa maraq olmalıdır ki, oradakı futbolçular, məşqçilər, klub rəhbərləri öz işlərinə daha məsuliyyətli yanaşsın”.

Qurbanov bölgə təmsilçilərinin Premyer Liqada iştirakının vacibliyini vurğulayıb: “Bölgə komandaları olmadan keçirilən çempionat elə də maraqlı deyil. Onların elitada iştirak etməsini çox istərdim. Futbolun gözəlliyi, inkişafı bölgələrdədir. Çünki onların azarkeşləri fərqlidir. Mən fərqli komandaların avrokuboklarda iştirakının tərəfdarıyam. Çünki xaricdən gələn klublar hər şəhərin, bölgənin öz mədəniyyəti ilə tanış ola bilərlər. Gəncənin, Zaqatalanın, Tovuzun hərəsinin öz mədəniyyəti var. Belədə Azərbaycan haqda daha yaxşı fikir formalaşacaq. Adicə futbolçularım yalnız paytaxtda oynadıqları üçün Bakı mədəniyyətini görürlər”.

Gəncə futbolu barədə xüsusi fikir səsləndirən “Qarabağ”ın çalışdırıcısı bölgələrə diqqəti artırmaq lazım olduğunu deyib: “Biz futbola cavabdehiksə, sponsoru özümüz tapmalı, işimizi də özümüz yaxşılaşdırmalıyıq. Bu gün AFFA neçə klubu maliyyələşdirir. Özüm bölgə futbolundan çıxmışam. Gəncə ən çox oyunçu verən bölgələrdən biridir. Orada hazırlamadan futbolçu yetişir. Azarkeşləri də fərqlidir. Biz Gəncədə oyunlara gedəndə tribunalarda 15-17 min azarkeş olurdu. Bu, Azərbaycan üçün çox böyük rəqəmdir. Avrokuboklardakı bəzi matçlarımıza 8-12 min azarkeş toplaşıb. Amma Gəncədə 3-4 il əvvəl 15 mindən çox tamaşaçı olurdu. Əgər orada çempionatda müntəzəm çıxış edən komanda olsa, inanmıram ki, oyunlarına 20 mindən az azarkeş gəlsin. 20 min azarkeş futbola sevgi, onların 10 mininin övladının futbola marağının olması deməkdir”.

49 yaşlı çalışdırıcı artıq bölgələrdə də futbola marağın azaldığı qənaətindədir: “Mənim oynadığım vaxt Zaqatala stadionunun boş günü olmurdu. Qəbələdə də həmçinin. Futbolumuzun uğuru bölgələrimizdədir. Bölgələrdə futbol olmadığından və komandaları Premyer Liqada iştirak etmədiyindən, futbola sevgi də azalır. Yüz minlərlə azarkeşdə futbola qarşı nifrət yaradırıq. Pandemiya dönəmində tam şahidi olduq ki, azarkeşsiz sanki futbol oynamırsan. Boş tribunlar önünə çıxırsan. Amma 1000-2000 azarkeş olanda sevinirdik ki, səs-küy yaranacaq, fanatlar arasında deyişmə olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5379
avatar

Nigar Adil

Oxşar yazılar