“Mançester Yunayted”in rəhbərliyi “Ştutqart”ın 27 yaşlı hücumçusu Seru Qirassini diqqətlə öyrənir və onu bəyənirlər. Transfer yanvarda baş tuta bilər. Futbolçunun özü də buna böyük maraq göstərir və İngiltərə Premyer Liqasında oynamaq arzusunda olduğunu gizlətmir.
Lent.az xarici mediaya istinadla bildirir ki, Qirassinin “Mançester Yunayted”in siyahısında olması daha əvvəl insayder Fabrizio Romano tərəfindən təsdiqlənib. Bundan əlavə, klub RB Leypsiqdən olan Timo Vernerin agentləri ilə danışıqlar aparır.
“The Guardian” xəbər verir ki, “Nyukasl” da Qirassi ilə maraqlanır və onun müqaviləsindəki sərbəst qalma bəndi 17,5 milyon avrodur.
Seru Qirassi Fransada doğulmuş qvineyalı hücumçudur. O, karyerasının böyük hissəsini Fransa klublarında keçirib. Onun oynadığı sonuncu fransız klubları isə “Amyen” və “Renn”dir. 2022/2023 mövsümündən bəri o, “Ştutqart”da oynayır və gözlənilmədən Bundesliqada bombardirlər sırasına qoşulub.
Bundan sonra top klubların skautlarının xüsusi diqqətini çəkib. Hazırda 10 matçda 15 qol vuran Qirassi yalnız Harri Keyndən (18 qol) geri qalır.