Əlindəki "kozır"dan imtina – “Neftçi” ənənəsi
08 iyul 2020 18:33 (UTC +04:00)

Əlindəki "kozır"dan imtina – “Neftçi” ənənəsi

Son illər transfer dönəmlərində sürpriz gedişləri ilə hər kəsi təəccübləndirən "Neftçi" ənənəsini davam etdirir.

Apasport.az saytının məlumatına görə, "flaqman"ın bu gün Rəhman Hacıyevlə bağlı qərarını da birmənalı qarşılamaq mümkün deyil.

Mövsüm bitər-bitməz Tural Axundov, Soni Mustivar, Vangelis Platellas, Baqali Dabo, Vild-Donald Gerye ilə sağollaşan "ağ-qaralar" müqaviləsi davam edən Hacıyevi də "Keşlə"yə icarəyə verdi. Yuxarıda adları sadalananların gedişinə bir don geydirmək olar. Axundovdan yaxşısını tapmaq mümkündür, Mustivar az oynayıb çox qazanırdı, Platellas potensialını tam aça bilmədi, Gerye çox pul istədi, Dabo intizamsız idi və s. Maraqlıdır, hər iki ayağı ilə oynamağı bacaran Rəhman Hacıyevin gedişinin səbəbi nə oldu?

Bəli, Hacıyev əsas heyətin daimi üzvü deyildi, amma şans verildiyi zaman özünü pis tərəfdən göstərmirdi. Digər tərəfdən indi bu səviyyədə yerli oyunçu tapmaq özü müşkül məsələyə çevrilib. Yerli futbolçu baxımından o qədər kasad dövrdəyik ki, Rəhman hazırda istənilən klubumuzu gücləndirəcək səviyyədədir. "Neftçi"dəki təcrübəlilərdən onun oyun üslubuna yaxın yalnız Saman Nərimancahan qalıb ki, o da əcnəbidir.

"Neftçi"nin bu qərarından nə başa düşmək olar? Rəhbərlik ya gəncləşdirmə siyasətinə keçir, ya da daha yaxşısını tapıb. Birinci ehtimal çox da inandırıcı deyil. Çünki büdcəsi azalan klub indidən 5-6 əcnəbi futbolçu ilə ilkin razılığa gəlməz. Bəs ən yaxşısını tapıblarsa? Kimdir o ən yaxşı? Azərbaycanda sırf həmin mövqedə alternativ kimi oynayacaq neçə futbolçunun adını çəkmək olar? Rəhim Sadıxov, Aleksey İsayev... "Neftçi" bəlkə onların hər ikisi və ya biri ilə anlaşıb? Əvvəla İsayev də Hacıyevlə eyni mövqe oyunçusu deyil, fərqli funksiyaları icra edirlər. İkincisi, İsayevlə Sadıxovun çempionluğa oynayacaq klubda gözlənilən performansı sərgiləyib-səriləməyəcəyi özü böyük sual işarəsidir.

İstənilən halda, "Neftçi" Rəhman Hacıyevi “Keşlə”yə icarəyə verməklə əlindəki "kozır"dan imtina etmiş oldu. Paytaxt təmsilçisinin qısa müddətdə onun kimi keyfiyyətli alternativ tapa bilməyəcəyi də dəqiqdir. Çempionluğu düşünən klub üçün yüksək səviyyəli "11-lik" kifayət deyil. Keyfiyyətli alternativ də mütləqdir...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3475
avatar

Oxşar yazılar