42 yaşlı keçmiş futbolçu Aleksey Buqayev Krasnodarda saxlanılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, onun üzərində təxminən 495 qram mefedron aşkar edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, Buqayev küçədə narkotik vasitə əldə edib. Alekseyə qarşı xüsusilə külli miqdarda narkotik alverinə cəhd maddəsi ilə cinayət işi açılıb.
Həbsi zamanı Buqayev polisə müqavimət göstərib və buna görə itaətsizliyə görə 7 gün həbs cəzası alıb.
Qeyd olunur ki, idmançı narkotik kuryer işlədiyini etiraf edib. Məlumata görə, eks futbolçu təcridxanada bir gün qaldıqdan sonra istintaqla əməkdaşlığa razılaşıb. O, futbolçu karyerasını bitirdikdən sonra maddi sıxıntılar yaşamağa başladığını bildirib.
Belə ki, o, spirtli içki içməyə başlayıb və vergi ödəməyib. Buna görə də onun 70 min rubl (təxminən 1274 manat) borcu yaranıb. Bu səbəbdən o, narkotik alverçisi kimi fəaliyyətə başlayıb. Narkotik alverçiləri vasitəsilə o, Soçi və Krasnodarda paylamalı olduğu 500 qram mefedron əldə edib.
Futbolçu Moskva “Torpedo”sunun yetirməsidir. O, Rusiyanın “Tom”, “Lokomotiv”, “Ximki” və “Krasnodar” kimi klublarında da çıxış edib. 2010-cu ildə karyerasını bitirib. 2004-2005-ci illərdə futbolçu Rusiya millisinin heyətində yeddi oyun keçirib.