İranın futbol yığması dünya çempionatının qrup mərhələsinin 2-ci turunun oyununda Uels yığmasını 2:0 hesabı ilə məğlub edib.
Lent.az xəbər verir ki, İran komandasının qollarını əsas vaxta əlavə edilən 9-cu dəqiqədə Ruzbeh Çeşmi və 11-ci dəqiqədə Ramin Rezayan vurub.
Uels yığmasının qapıçısı Ueyn Hennessi 86-cı dəqiqədə meydandan qovulub.
İlk turda iranlılar ingilislərə böyük hesabla uduzublar (2:6), uelslilər amerikalılarla bərabərə qalıb (1:1). Uels yığmasının kapitanı Qaret Beyl milli komanda tarixində 110-cu oyununu keçirib. Beyl ehtiyat oyunçular skamyasında qalan müdafiəçi Kris Qanteri keçib. Bundan başqa, hücumçu 40 qolla millisinin tarixində bombardirlər siyahısındadır.
İran milli komandası turnirdə iştirak tarixində dünya çempionatında üçüncü qələbəsini qazanıb. Bundan əvvəl iranlılar 1978, 1998, 2006, 2014, 2018-ci illərdə dünya çempionatlarında çıxış ediblər, 1998-ci ildə İran komandası ABŞ komandasını (2:1), 2018-ci ildə mərakeşliləri (1:0) məğlub edib. İranlılar dünya çempionatının pley-off mərhələsinə heç vaxt çıxmayıblar.
Uels komandası ikinci dəfədir dünya çempionatına iştirak edir. Daha əvvəl 1958-ci ildə oynayıb və ¼ final mərhələsində Braziliyaya 0:1 hesabı ilə uduzublar. Uels yığması seçmə mərhələnin pley-off mərhələsində Avstriya (2:1) və Ukrayna (1:0) komandalarını məğlub edərək indiki dünya çempionatında iştirak etmək hüququ qazanıb.
İran millisi iki oyundan üç xal toplayaraq B qrupunda ikinci yerdə qərarlaşıb. Qrup lideri İngiltərə yığması (3 xal; 1 oyun), ABŞ komandası üçüncü (1; 1), dördüncü Uels komandasıdır (1; 2). Növbəti oyunda iranlılar noyabrın 29-da ABŞ komandası ilə, eyni gündə uelslilər ingilislərlə qarşılaşacaq.