Həm “Mançester Yunayted”, həm də “Milan”da oynayanlar - SİYAHI
12 mart 2021 12:55 (UTC +04:00)

Həm “Mançester Yunayted”, həm də “Milan”da oynayanlar - SİYAHI

Vaxtilə Çempionlar Liqasının favoritləri arasında göstərilən “Milan”la “Mançester Yunayted” hazırda ikinci dərəcəli klub turniri olan Avropa Liqasında mübarizə aparır.

Apasport.az saytının məlumatına görə, 1/8 final mərhələsində məhz bu iki komanda rəqibdir.

“Rossonyerlər”lə “qırmızı şeytanlar” arasında ikincilərin meydanında baş tutan ilk görüşdə qollu heç-heçə qeydə alınıb – 1:1. Keçmişdə bu iki nəhəng klub arasında bir neçə oyunçu keçidi olub. Elə dünənki oyunda “Milan”ın heyətində meydana çıxan müdafiəçi Dioqo Dalot müqavilə ilə “Mançester Yunayted”ə məxsusdur.

Bəs Dalotdan əvvəl karyerası ərzində hər iki klubda çıxış etmiş futbolçular kimlər olub?

Co Cordan

O, hər iki komandanın uğurları üçün çalışmış ilk futbolçudur. Cordan həm də bu iki klub arasında transfer razılığına səbəb olan ilk oyunçudur. 1978-1981-ci illərdə “qırmızı şeytanlar”da çıxış edən Cordan növbəti iki mövsümü isə “rossonyerlər”də keçirib.

Rey Uilkins

2018-ci ildə vəfat edən Uilkins 1979-1984-cü illərdə İngiltərə, 1984-1987-ci illərdə isə İtaliya klubunun şərəfini qoruyub. O, karyerası ərzində “Çelsi”, “Reyncers” kimi klublarda da oynadı.

Yesper Blomqvist

Blomqvist adıçəkilən iki klubla yanaşı, “Parma”nın ən yaxşı dönəmlərində bu komandanın formasını geyinib. Bunun nəticəsində isveçli DÇ-1994-ə yollanan heyətdə yer aldı.

Massimo Taibi

Aleks Ferqyusonun belə, uğursuz transferləri olub. Taibi, yəqin ki, şotlandiyalı mütəxəssisin ən uğursuz keçididir. İki dəfə “Milan”a transfer olunan, lakin hər iki gedişində ehtiyatda qalan qapıçı 1999-cu ildə “Mançester Yunayted”ə üz tutdu. “Mankunianlar” hər iki qapıçı zədələndiyi üçün onu almaq məcburiyyətində qaldı. Cəmi 4 matçda çərçivədə dayanan italyan qolkiper kobud səhvlərlə buraxdığı qollarla xatırlanır.

Yap Stam

Uzun müddət futbol dünyasının ən bahalı müdafiəçisi olan niderlandlı 1998-ci ildə “Mançester Yunayted”ə keçdi. 2001-ci ildə rekord məbləğə “Latsio”nun yolunu tutan Stamın ondan sonrakı dayanacağı “Milan” oldu.

Devid Bekhem

“Mançester Yunayted”in əfsanəvi futbolçusu “Los Anceles Qalaksi”də olduğu vaxt formada qalmaq üçün iki fərqli mövsümdə “Milan” formasını geyindi. Bekhem 2008/09 və 2009/10 mövsümlərində yarım il A seriyası təmsilçisinin şərəfini qorudu.

Matteo Darmian

Karyerasına “Milan”da başlayan Darmian orada çox şans qazanmadı. “Torino”da yüksəlişə keçdikdən sonra “Mançester Yunayted”ə transfer edildi. Ötən mövsüm “Parma” üçün İtaliyaya qayıdan müdafiəçi hazırda icarə əsasında “İnter”dədir.

Zlatan İbrahimoviç

İsveçli superulduz Avropanın “böyük beşlik” ölkələrinin 4-də qol vurmağı bacardı. Hazırda “Milan”ın bombardiri olan veteran forvard “rossonyerlər”də ikinci dönəmini keçirir. O, 2016-cı ilin yayında “Mançester Yunayted”ə keçdi və il yarımdan sonra “Los Anceles Qalaksi”nin yolunu tutdu.

Dioqo Dalot

“Porto”dan cəmi 18 yaşında “Mançester Yunayted”ə transfer olunan Dalot hazırda icarə əsasında “Milan”da çıxış edir. Portuqaliyalı mövsümün sonunda müqavilə ilə məxsus olduğu “Mançester Yunayted”ə dönməlidir.

# 1203
avatar

Oxşar yazılar