Dmitri Yeremeyev, keçmiş futbolçu
06 aprel 2021 14:55 (UTC +04:00)

Dmitri Yeremeyev, keçmiş futbolçu

“Futbolumuza baxanda iyrənirəm” - Dmitri Yeremeyev

Azərbaycanda doğulmuş, karyerası boyu “Xəzri”, OİK, “Dinamo”, “Bakı”, “Qarabağ”, “Gəncə”, “Bakılı” kimi klubların formasını geyinmiş Dmitri Yeremeyev hazırda Rusiyada yaşayır.

Futboldan uzaq düşən 42 yaşlı mütəxəssis apasport.az saytının “Ofsayd” rubrikasının budəfəki qonağıdır.

Dmitri Yeremeyev xaricdə yaşasa da, Azərbaycan futbolunun hazırkı durumu barədə ürəkağrısı ilə danışıb.

“Futbolumuza baxanda iyrənirəm”

- Neçə ildir Rusiyadasınız, ora niyə getmisiniz?

- İlk növbədə məni yada saldığınız üçün çox sağ olun. Artıq 3 ildir ki, Rusiyadayam. Yoldaşım Rusiya vətəndaşıdır, hazırda Pyatiqorskda yaşayırıq. Azərbaycan futbolu başdan-ayağa monopoliyadır, orada qalıb nə edəcəkdim? Bizim də peşəmiz futbol idi, amma kənarda qalmışdıq.

- Bəs nə işlə məşğulsunuz?

- Mağaza açmışıq, özümüz də işlədirik. Şükür Allaha, dolanışığımız yaxşıdır.

- Futbol üçün darıxmırsınız?

- Burada da arada futbol oynayıram. Bəlkə də, elə biləcəklər ki, iş istədiyim üçün belə danışıram. Ancaq mən həmişə futboldan uzaq durmaq istəmişəm. Arzum bizneslə məşğul olmaq idi. Azərbaycan futbolunda işləməyin nə olduğunu görürdüm. Fırıldaqçıların əlindən gəlib harada işləyə bilərəm? Açığı, futbol üçün heç darıxmıram da. Çünki futbolumuza baxanda iyrənirəm. Orada uşaq futbolunda işləsən, gərək kiminsə əlinə baxasan. Bir neçə uşaq məşqçisi ilə müntəzəm danışıram. Deyirlər ki, ölkədə uşaq futbolu pis gündədir. Bu gedişlə Azərbaycandan futbolçu çıxmayacaq. Çünki uşaq futbolunda iş düzgün qurulmayıb. Sabah kimin valideyninin pulu olacaq, 50 manat verəcək, uşağı əsas heyətdə oynayacaq. Pulu olmayanın övladı da ehtiyatda qalacaq. Bizdə elə indi də vəziyyət belədir.

“Onun Rusiya futbol ictimaiyyətində hörməti Azərbaycandankından çoxdur”

- Futboldan niyə uzaq düşdünüz? Buradan təklif olmadı?

- Açığı, Rusiyadan qayıtmaq fikrim yoxdur. Bakıya elə-belə dincəlməyə gələcəyəm. Azərbaycan klubları bir neçə il fəaliyyət göstərib dağılır. AFFA-da belə insanlar oturduğu müddətdə vəziyyət dəyişməyəcək. 

- Bəs Azərbaycandan, qohumlarınızdan ötrü darıxmırsınız?

- Əlbəttə ki, darıxıram. Mən Azərbaycanda doğulmuşam. Anam Bakıda yaşayır, evim oradadır. Koronavirusa görə Bakıya gedə də bilmirəm. Amma orada hamı ilə, bütün veteran futbolçularla əlaqə saxlayıram. Vəziyyət düzələn kimi gələcəyəm. Ürəyim yandığı üçün danışıram. Yoxsa deyərdim ki, vecimə də deyil.

- Rusiyadan futbolumuz o qədər pis görünür?

- Bilirsiniz, burada “Spartak”ın, MOİK-in, “Dinamo”nun, “Zenit”in və digərlərinin oyunlarına baxıram. Nəyə görə gürcülər, özbəklər, ermənilər Premyer Liqa komandalarının əsas heyətində oynayırlar, bizimkilər gəlmirlər? Çünki çempionatımız pis gündədir, rəqabət yoxdur. Veteran futbolçular özləri də söhbət edəndə gileylənirlər ki, eyni komanda ilə nə qədər oynamaq olar? Əslində müsahibə verməkdən qaçırdım. Amma görürəm ki, Azərbaycanda futbol nə günə düşübsə, bəzi veteran futbolçular dilə gəliblər. Mən də artıq partlayıram, ürək sözlərimi demək istəyirəm. Çünki özümü azərbaycanlı sayıram. Rusiya Premyer Liqasında bizim də oyunçumuz olsun ki, fəxrlə oyunlarını izləyim. Xaricə gedən də yalandan deyir ki, məni sıxırdılar. Burada heç kimi sıxmırlar. Sənə verilən 5 dəqiqəlik şansdan elə istifadə eləməlisən ki, növbəti matçda daha çox meydanda olasan. Heç kimin milliyyətinə baxmırlar, kim güclüdür oynayır. Nazim Süleymanovu Rusiyada hələ də tanıyırlar, çünki oyunu ilə bunu qazanıb. Bir azərbaycanlı kimi, mənə də ləzzət edir. Nazim müəllimin Rusiya futbol ictimaiyyətində hörməti Azərbaycandankından çoxdur.

“Keçmiş futbolçuların çoxu səsini çıxarmır, susur”

- Onda siz Azərbaycan Premyer Liqasının da izləməzsiniz...

- Çempionatımız gülməli vəziyyətdədir. Premyer Liqamıza, ümumiyyətlə, baxmıram. Hesabları bilirəm, amma oyunları izləmirəm. “Qarabağ” neçə ildir ki, bir ayaqla çempion olur. Çünki rəqabət yoxdur. Bu mövsüm bir az “Neftçi” yaxşıdır. Qalanları yalandan oynayır. Axırıncı yerdə gedən “Sabah” klubundan milliyə 6 futbolçu çağırılmışdı. Dünyanın heç bir ölkəsində belə bir şey yoxdur. Yığmanın heyətini görəndə sadəcə güldüm. Ramil Şeydayev “Sabah”da əsas heyətə düşə bilmirdi, amma həmişə millidə yer alır. Onun nə üstünlükləri var ki, həmişə çağırılır? Ağabala Ramazanov niyə kənarda qalmalıdır? Çünki qardaşı onların istəmədiyi formada müsahibələr verir. Milli şəxsi iş yeri deyil, bura Azərbaycanındır. Keçmiş futbolçuların çoxu isə səsini çıxarmır, susur. Rusiyadan orada baş verən hadisələri izləyəndə əsəbiləşirəm. Burada dost-tanışla bir araya gələndə ağzımı açıb Azərbaycan futbolu barədə heç nə deyə bilmirəm. Yalandan tərifləyə bilmərəm axı. Adamdan soruşarlar ki, hansı futbolçularınız var, neçəsi Rusiya çempionatında çıxış edir? Azərbaycan futbolundakı bu sistemi kökündən dəyişmək lazımdır. 8 klubumuz var, oyunçular da onlar arasında gəzirlər. Badri Kvaratsxeliyanın oğlu Xviçanı almaq üçün Avropa klubları “Rubin”in qapısını çemodan dolu pullarla döyürlər. Potensiallı oyunçu belə olar. Onu Gürcüstan Futbol Federasiyası və ya hansısa menecer irəli çəkmir ki. Öz oyunu ilə bu inamı qazanır. Özbək futbolçu Eldor Şomurodov “Rostov”da özünü göstərdi, “Cenoa”ya transfer olundu. Bizdə elə sistem qurublar ki, oyunçular ölkədən çıxa bilmirlər və ya çıxmaq istəmirlər.

“Azərbaycan futbolu bir tərəfdən gülməli, digər tərəfdən ağlamalıdır”

- Siz Rusiyada özünüzə iş qura bilmisiniz. Amma Azərbaycanda hələ də işsiz mütəxəssislərin sayı kifayət qədərdir. Yəni bütün problemlər AFFA-dan qaynaqlanır, başqa günahkar yoxdur?

- Bu yaxınlarda Zaur Ramazanovun sizin saytınıza verdiyi müsahibəni oxudum, çox xoşuma gəldi. Neçə nəfərlə əlaqə saxlamışamsa, hamısı Zaurun kişi kimi hər şeyi düz dediyini bildirdi. Təkcə Zaur Ramazanov yox, futbolu sevən keçmiş oyunçuların hamısı kişi kimi düzü deməlidir. Çünki Azərbaycan futbolu bir tərəfdən gülməli, digər tərəfdən də ağlamalıdır. Bəziləri 1-2 manata görə səslərini kəsiblər. Onları da qınamıram. Sabah ağızlarını açan kimi onları da işdən çıxaracaqlar. Elə onların qorxusuna görə futbolumuz bu durumdadır. AFFA-da oturanlar futbol üçün nə ediblər? Niyə Zaur Ramazanov, Mahir Şükürov, Nazim Süleymanov və digər futbol adamları bu peşədən kənarda qalmalıdırlar? AFFA-da oturanlar guya iş görürlər ki? Elə onların yerinə futbolun içindən çıxmış adamları təyin eləsinlər də. Bəlkə gedib Elxan Məmmədova (AFFA-nın vitse-prezidenti nəzərdə tutulur – R.S.) yalvarmalıdırlar ki, bizə iş ver? Bunlar illərini futbola həsr etmiş insanlardır. Nazim Süleymanovun ad günündə çox adam onu təbrik eləmədi. Çünki qorxdular ki, AFFA-dan kimsə görər, onları işdən çıxarar.

“Futbolumuzun hələ təməli atılmayıb”

- Bəs çıxış yolunu nədə görürsünüz?

- AFFA-nın özündə köklü dəyişiklik olmalıdır. Çünki bu insanlar futbolumuz üçün heç nə eləməyiblər. Futbolun içindən çıxmış adamlar ora təyin olunmalı, yeni düşüncə formalaşmalıdır. İllərdir hamımız öz aramızda dərdləşirik. Futbolumuzda tonlarla pullar yeyildi, sistemsiz bir iş gedir. Sistemi qurmaq, onu işə salmaq üçün də vaxt lazımdır. Çünki futbolumuzun hələ heç təməli atılmayıb. AFFA-da məşqçilərə kateqoriya verirlər. Elə o qurumdakıların özlərini kursa göndərmək lazımdır ki, futbolun necə inkişaf etdiyini öyrənsinlər. İnanın ki, heç onlara kateqoriya verməzlər. Çünki futbolun nə olduğunu bilmirlər. Deyirlər ki, futbolumuza sponsor gəlmir. Niyə də gəlsin? Sabah pulum olsa, Azərbaycanda klub saxlamaram. Qarşıma elə şərtlər qoyacaqlar ki, o pulu internata versəm, daha faydalı iş görmüş olaram. AFFA-nın qoyduğu şərtlərə görə heç kim yaxın durmur. İndi də klubların çoxunu özləri maliyyələşdirir. Analoqu olmayan bir haldır. Klubu assosiasiya saxlayır. Artıq neçə ildir ki, birinci divizionun qalibi Premyer Liqaya buraxılmır. Gah deyirlər lisenziyanın şərtlərinə cavab vermirsiz, gah da deyirlər pulunuz yoxdur. Elədirsə, birinci divizion nəyə lazımdır? Uşaqların başını boş yerə aldadırlar. “Kəpəz”, “Turan Tovuz” kimi komandalar aşağı liqada gün keçirirlər. Guya futbol oynayırlar. Futbolçu üzə çıxarmaqda məşhur olan Gəncədən, Tovuzdan indiki durumda oyunçu çıxmaz. Azərbaycanda futbol məhv olub. Deyirlər ki, birinci divizionda danışılmış oyunlar var. Orada oynayan uşaqlar aylarla maaş almırlar. Nə etməlidirlər, acından ölməlidirlər? Açığı, onları da qınamıram. Belə vəziyyətdə çox dözə bilməzlər. O uşaqları dərhal da cəzalandırırlar. Soruşan yoxdur ki, niyə bu işə qol qoyublar? Futbolçunun nə yediyi, aylardır maaş almadığı ilə heç kim maraqlanmır.

“Gözə soxmaq üçün birini Premyer Liqaya gətirəcəklər”

- Yeri gəlmişkən “Kəpəz” və “Turan Tovuz”un gələn mövsüm Premyer Liqada iştirakı ilə bağlı müzakirələr aparılır. Onların gəlişi futbolumuza nə qazandıra bilər?

- Artıq neçə ildir bu xəbəri oxuyuram. Şəxsən mən bunun baş verəcəyinə inanmıram. Bəlkə də, gözə soxmaq üçün onlardan birini Premyer Liqaya gətirəcəklər. Amma bununla iş bitmir. Zaqatala, Lənkəran, Yevlaxda da klubları bərpa edib çempionata gətirmək lazımdır. Lənkəranda o cür stadion batıb getdi. Bir daha qeyd edirəm ki, futbolun inkişafı üçün AFFA-da dəyişiklik reallaşmalı, sponsorlar cəlb olunmalıdır. “Kəpəz”ə cibxərci verib, deyəcəklər ki, Gəncədə futbolu dirçəltdik. Əvvəl ajiotaj var idi. “Bakı” ilə “Xəzər Lənkəran” üz-üzə gələndə iki prezident bir-biri ilə prinsip aparırdı. Bir həftə əvvəldən insanlar həmin matçı gözləyirdilər. 2-3 saat öncədən stadion dolurdu. Elə “Kəpəz” – “Turan” matçlarında da belə idi. Mən belə çempionat istəyirəm. İndiki çempionat məhlə yarışına oxşayır. İndi koronavirus var, qadağa qoyulub. Guya xəstəlik olmayanda oyunlara gələn olurdu ki?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3069
avatar

Oxşar yazılar