“El Klasiko”da 100-cü qələbə
13 yanvar 2022 02:49 (UTC +04:00)

“El Klasiko”da 100-cü qələbə

İspaniya Superkubokunda mübarizəyə start verilib.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində təşkil olunan turnirin yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

Həlledici görüşə vəsiqə uğrunda birinci dueldə əzəli rəqiblər “Real”la “Barselona” üz-üzə gəlib. 248-ci “El Klasiko”nun birinci hissəsində komandalar hərəyə bir dəfə fərqlənib. Əvvəlcə Vinisyus Junior hesabı açsa da, 42-ci dəqiqədə Luk de Yonq bərabərlik topunu vurub.

İkinci hissə Xavinin yetirmələrinin üstünlüyü şəraitində keçsə də, yenə “Real” önə keçib. Bu dəfə 72-ci dəqiqədə Kərim Benzema adını tabloya yazdırıb. Buna baxmayaraq, kataloniyalıların növbəti dəfə status-kvoya gücü çatıb. Sonradan meydana daxil olan Ansu Fati hesabı 2:2 edərək, matçın daha 30 dəqiqə uzanmasına şərait yaradıb.

Karlo Ançelottinin kollektivi üçüncü və sonuncu dəfə hesabda önə keçməyi bacarıb. Federiko Valverdenin 98-ci dəqiqədəki qolu qarşılıqsız qalınca, “Real” 3:2 hesablı qələbə qazanaraq, yanvarın 16-da finalda iştirak hüququna yiyələnib.

Beləliklə, “El Klasiko”lar tarixində 100-cü qalibiyyətinə sevinən “Real” əzəli rəqibi önündə ardıcıl qələbə seriyasını 5 matça yüksəldib. Bununla madridlilər Superkuboka ən çox sahib çıxan kataloniyalılarla (13 dəfə) fərqi 1-ə endirmək iddiasını davam etdirir.

Qeyd edək ki, İspaniya Superkubokunda yarımfinal mərhələsinin digər oyunu bu gün keçiriləcək. “Atletiko” ilə “Atletik” arasında görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1734
avatar

Oxşar yazılar