Bir ay sonra 55 yaşı tamam olan Yaponiya millisinin sabiq hücumçusu Kazyoşi Miura yeni mövsümdə ölkənin 4-cü divizionda çıxış edəcək.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “həmişəcavan” futbolçu “Yokaqama”dan “Suzuka Point Getters” klubuna transfer olunub.
O, keçən ilki mövsümün sonunda ikinci liqaya düşmüş “Yokaqama” klubunda cəmi 4 oyun keçirib.
Qeyd edək ki, yaşına baxmayaraq, nüfuzlu Transfermarkt saytı veteranı 100 min avro qiymətləndirir.
Xatırladaq ki, Miura karyerasına hələ 1986-cı ildə Braziliyanın “Santos” klubunda başlayıb. Karyerası ərzində 14 klub dəyişib. Yaponiya millisinin heyətində 89 oyuna çıxıb, 55 qol vurub.
Miuranın rekordunda 1994/95-ci illərdə çıxış etdiyi indiki Andriy Şevçenkonun baş məşqçisi olduğu İtaliyanın “Jenoa” klubu da var.
2017-ci ilin mart ayında - 50 yaşından 7 gün sonra Miura peşəkar futbol tarixinin ən yaşlı aktiv oyunçusu olmaqla əfsanəvi ingilis Stenli Metyusun nailiyyətini geridə qoyub.
Altı gün sonra Miura tarixdə peşəkar səviyyədə qol vuran ən yaşlı oyunçu oldu.