Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında qadınlar arasında 25 metr məsafədə pnevmatik tüfəngdən atəş açma yarışlarında qızıl medal qazanan Doreen Vennekamp bu növdə 2023-cü il üzrə ən yüksək reytinqə malik olan atletdir.
Lent.az-ın xəbərinə görə, dünya rekordçusu olan idmançı yarış haqda təəssüratlarını bölüşüb.
Doreen Vennekamp deyib ki, finala kimi hər şey onun üçün yaxşı olub: “Həlledici yarışda isə istəyimə çata bildim. Gördüyünüz kimi, medal boynumdadır. Ukrayna təmsilçisi Olena Kosteviçlə aramızda çox yaxşı rəqabət oldu. O, finalın gedişində önə keçə bildi. Bu, təsadüf deyildi. Olena olimpiya medalları qazanan çox güclü idmançıdır. Diqqətimi toplayıb sona yaxın bir neçə sərrast atışla onu keçə bildim”.
28 yaşlı atıcı iddialı danışaraq birinci pilləyə layiq olduğunu bildirib:
“Qızıl medal mənim üçün sürpriz olmadı. Çünki, reytinqdə birinci sıradayam. Yarışdan qabaq Olena mənə yaxınlaşıb dedi ki, məğlub edilməzsən, bunu göstər. Final göstərdi ki, mən həqiqətən birinci yerə layiqəm”.