Vaqif Cavadov: “Hər oyun tapşırıq var idi ki, Vaqifi oynatmayın” - MÜSAHİBƏ
03 mart 2020 12:24 (UTC +04:00)

Vaqif Cavadov: “Hər oyun tapşırıq var idi ki, Vaqifi oynatmayın” - MÜSAHİBƏ

 

Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadovun apasport.az saytına müsahibəsi

“Onların istəkləri nə olubsa, rəhbərliyə mən demişəm”
- Təxminən 1 ildir böyük futboldan uzaq düşmüsüz. Klubsuz qalmağınızın əsas səbəbini nədə görürsünüz?
- Ciddi bir səbəbi yoxdur. Analoqu olmayan şeylər baş verib. Futbolçularla hər zaman əla münasibətim olub. Bilirəm ki, hamısı xətrimi çox istəyir. Özümdən demirəm, əminəm ki, heç bir futbolçu haqqımda pis söz deməz. Çünki hamısı ilə qardaşlıq etmişəm, nə ehtiyacları varsa belə, bunu hər zaman baş məşqçiyə, klub prezidentinə demişəm. “Qarabağ”da oynadığım vaxtda da belə olub. Heyətdə Aslan Kərimov, Azər Məmmədov, Ayxan Abbasov, Aftandil Hacıyev, Zaur Həşimov da yer alanda lazımi sözü mən və Kənan Kərimov demişik. Özümün deyil, futbolçuların və komandamızın mənafeyi üçün danışmışam. İstəkləri nə olubsa, rəhbərliyə mən demişəm. Təbii ki, otağa tək girib danışmamışam, yanımda adamlar olub. Bununla bağlı faktlarım da var. Oynamamağa gəlincə, bu, zəif olmağıma və ya nəyəsə görə deyil. Ola bilər ki, bunda 30-40 faiz səhvim var. Amma əsas səbəblər başqadır. Çox şeylər var ki, açılmalıdır, zamanla hər şey bilinəcək. Yəni günahın 30 faizi məndədirsə, 70 faizi futbola yad insanların bu sahədə olmasındadır. 

- Sözünüzdən belə çıxır ki, hər zaman hər şeyi doğru danışdığınız üçün klubsuz qalmısız?
- Yəqin ki. Bilmirəm kimə nə etmişəm. Amma faktları demək istəyirəm. Klublar var ki, onlara təklif edildikdə Vaqif Cavadovun komandaya uyğunlaşa bilmədiyi cavabını verirlər. Necə olur, indiyədək uyğunlaşa bilirdim, indi yox? Bir il futbol oynamadım, ardınca gəlib “Keşlə”yə xeyir verdim, ölkə kubokunu qazandım. Orada Vaqifin payı yoxdur? Özü də klub prezidentinin hər oyun tapşırığı var idi ki, Vaqifi oynatmayın, əsas heyətdə olmasını istəmirik.
 
“Burada ya mən, ya da Vaqif Cavadov qalmalıdır”
- Bu tapşırıq kimə verilmişdi?

- “Keşlə”nin sabiq baş məşqçisi Yuri Maksimova. Məndən soruşurdu ki, sən nə etmisən, bunlar mənə belə deyir? Komanda uduzurdu, Maksimov da rəhbərliyin sözünə qulaq asmadı, taktikasını dəyişdi və öz bildiyi kimi oynatdı. Əsas heyəti dəyişdi, məni oynatmağa başladı. “Keşlə” nəticə verdi. Ölkə kubokundan əlavə, Premyer Liqada da 7 oyun uduzmadıq. 

- “Keşlə”nin prezidenti Zaur Axundovun tapşırıq verdiyini nəzərdə tutursuz?
- Zaur Axundov Maksimovun köməkçilərinə deyirdi. Maksimov da səbəbini məndən soruşurdu. Deyirdim ki, heç nə etməmişəm. Avropa Liqasında “Balzan”a 1:4 uduzduqdan sonra Bakıya gəldik və iclas oldu. Maksimov dedi ki, mən gedirəm. Ondan qabaq o, 2-3 dəfə komandadan ayrılmaq istəyib. Hətta onu heç kim saxlaya bilmirdi. Həmin zaman mən, Slavik Alxasov, Orxan Sadıqlı və Tərlan Quliyev otağına gedib dedik ki, komanda səni istəyir, qal. Bu, ölkə kubokundan qabaq idi. “Balzan”la oyundan sonra isə Maksimov komandanı yığdı və dedi ki, burada ya mən, ya da Vaqif Cavadov qalmalıdır, bildiriblər. Mən də “rəhbərlik məni istəmirsə, gedərəm, amma komanda sizinlə işləmək arzusundadır” dedim. Maksimov da bununla razılaşmadı. Bildirdi ki, ya ikimiz də qalırıq, ya da mən gedirəm. “Keşlə” mənimlə Fuad Bayramovu istəmirdi. Kamran Ağayev də vurğuladı ki, bunu kim deyirsə, gəlsin özümüzə söyləsin. Sonra Rəmiş Malıyev gəlib bildirdi ki, biz elə deməmişik. Maksimov onun belə şərt qoyduğunu açıqlasa da, Malıyev elə söhbət olmadığını qeyd etdi. Amma Rəmiş sonradan “Balzan”la görüşdə Vaqif Cavadovun əsas heyətdə oynamasını istəmirdik” dedi. Maksimov səbəbini soruşdu və baş məşqçi kimi qərarlar vermək hüququnun özünə məxsus olduğunu xatırlatdı. O da “rəhbərlik bizik və Vaqifi oynatmağını istəmirik” söylədi. Həmin vaxt Malıyevə dedim ki, oyunlarda məni görmək istəmirsinizsə, komandaya niyə çağırmısız? Kuboku qazanmışıq, nəticə vermişik, hər şeyi biz etmişik, indi mənə qarşı belə hərəkətin səbəbi nədir? Hər oyunda eyni şey yaşanırdı. İnanmıram ki, Zaur Axundovun mənimlə şəxsi prinsipi olsun, onunla təkbətək də danışmışam, gözəl insandır. Tək kiminsə əleyhinə danışmıram. Sadəcə olanları deyirəm. Bunları indi açıqlamağımın səbəbi futbolumuzun get-gedə çökməsi ilə bağlıdır. Analoqu olmayan şeylərlə məşğuldurlar. Mən sıradan futbolçu deyiləm. Dörd ay oynamadım, gəldim, “Keşlə”də nəticə verdim.

“Azərbaycan futbolunda oyun satanlar, onlar arasında millidə çıxış edənlər də var”
- Bu söhbətlər necə yekunlaşdı?

- Yuri Maksimov komandadan getdikdən sonra Mladen Milinkoviç gəldi. Serbiyalı bizə rəhbərlik etməyə başladıqda kapitan Kamran Ağayev və mən idik. Yəni qapıçımız zədəli olduğundan kapitan mən olurdum. Kapitanlıq sarğısına elə də önəm vermirəm, sadəcə bu, komandanın sənə verdiyi hörmətdir. “Qəbələ” ilə BOS-un ehtiyat meydançasında yoldaşlıq oyunu keçirirdik. Matça çıxanda görürəm ki, kapitan sarğısını Slavik Alxasova verirlər. O da gətirib mənə uzatdı, dedim ki, problem deyil, sən tax qoluna. Kollektiv özü sarğını mənə verirdi. Mladen Milinkoviç də bildirir ki, özüm Vaqifin hansı reaksiyanı verəcəyini yoxlayırdım. Həmin vaxt kənardan məşqçilər də qayıtdı ki, yox, tapşırıq Slavikin kapitan olması üçün gəlib. Bu da tapşırıqla olur? Yaxud “yuxarıdan” zəng edirlər ki, Vaqifi dəyiş, Vaqifi oynatma. Mən hər oyuna bu vəziyyətdə çıxırdım. Yuri Maksimovun vaxtında, “Zirə” ilə ilk hissə 0:0 başa çatmışdı. Baş məşqçiyə deyildi ki, onu dəyiş. Amma ukraynalı bunu etmədi və ikinci hissə başlayan kimi başla qol vurdum. Daha sonra Andre Klennon da fərqləndi və qalib gəldik. Maksimov köməkçilərinə deyirdi ki, zəng edib söyləyin, bəs nə oldu? İkinci məşqçiyə tapşırıqlarını verirdilər. Əgər mən səhv danışıramsa, sübut edə bilərəm. Hər bir danışığımızın səs yazısı var. Alnıaçığam, nə pis işim var, nə də kiminsə yanında gözükölgəliyəm. Hər zaman oyunlarda can qoymuşam. Çoxları deyə bilər ki, indiyə kimi niyə demirdin, indi danışmağa başladın? Mən təkbaşına necə vuruşa bilərdim? 

- Amma maraqlıdır ki, Tərlan Əhmədov baş məşqçi postuna gəldikdən sonra onunla çalışmadız.
- Tərlan Əhmədov yaxın bildiyim insan idi. Bütün günü bir yerdəydik. Hətta işləmədiyi dövrlərdə də, AZAL-dakı vaxtlarında da bir yerdə olurduq. “Keşlə”yə gəldikdən sonra mənə dedi ki, komandama lazım deyilsən. Əlbəttə ki, bunu kimə görə söylədiyi bəllidir. Hətta demişdi ki, guya məni AZAL-a 300 manata götürmüşdü. Tərlana dedim ki, heç olmasa qıldığın namazdan qorx. Mən heç AZAL-dan maaş da almırdım, 300 manata ehtiyacım da yox idi. Dost idik deyə həm ona, həm də Rail Məlikova görə ora getmişdim. Demişdi ki, guya məni ona tapşırıblar. Mən də bildirdim ki, məni sənə kim tapşıra bilər axı, bütün günü bir yerdə idik. Mümkünsüz şeylər danışırdı, şayiələr uydururdu. Onlar kimi nədənsə, kimdənsə qorxacaq pis işim yoxdur. Bilirsiz, idmançı - futbolçu ailəsiyik. Atam, əmim Azərbaycan futboluna töhfə veriblər. Əgər mən də az da olsa, bunu bacarmasaydım, insanlar sevgi göstərməzdilər, məni tanımazdılar. Biz heç vaxt dövlətimizi, futbolumuzu satmarıq, elə insanlardan deyilik. Amma Azərbaycan futbolunda oyun satanlar, onlar arasında millidə çıxış edənlər də var. Bunların hamısını bilirlər. Düzdür, ad çəkə bilmərəm. Çünki əlimdə - kağız üzərində fakt yoxdur. Amma kimin yanına gediblər, nə işlə məşğul olublar, hamısını açıqlaya bilərəm. Üstəlik, millidə oynayırlar. Bu, analoqu olmayan şeylərdir. Necə ola bilər ki, 38 yaşlı Maykl Essyen “Səbail”ə lazımdır, nəsə verə bilir, amma 30 yaşında ola-ola deyirlər ki, Vaqif lazım deyil? 38 yaşlı adam məşqçi kimi kömək ola bilər. Halbuki mən Azərbaycana futbolçu kimi hələ də nəsə vermək gücündəyəm. Çünki artıq çəkim, zərərli pis vərdişim yoxdur. Bəli, müəyyən müddətdir klubsuzam, tez-tez komanda dəyişirdim. Amma nəyə görə? Bax, bu cür hörmətsizliklərə görə. Düzünü dediyim üçün sevmirlər.

“O qədər pis futbolçuyam ki, uşaqlarla məşq edim?”
- Qışda heç bir klubdan təklif almadınız?

- AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədovla görüşdüm, danışdım. Futbolçu kimi olmasa belə, məşqçi kimi də fəaliyyət göstərə biləcəyimi söylədim. O da sağ olsun, bildirdi ki, bəzi insanlara deyərəm, görək necə olacaq. Dedim ki, sizdən nəyisə xahiş etmirəm, sadəcə bu məsələnin səbəbini öyrənmək istəyirdim. Məsələn, biri zəng edir ki, oynatma, digəri başqa şey, səbəb nədədir? Guya kollektivlə yola getmirəm, elə deyil. Hamı məni yaxşı insan kimi tanıyır. Futbolçunun heç biri ilə heç vaxt konfliktim olmayıb. Rəhbərlər onlardır, məşqçilər onlardır, nə istəyirlər uydura bilərlər. O da məni anlayışla qarşıladı.

- Zaur Axundovun özü ilə necə, görüşüb, səbəbini öyrənmədiz?
- Xeyr, onunla görüşməmişəm. Zaur müəllim də yaxşı insandır. Kimdənsə qorxmuram, çəkinmirəm, asılacağım da yoxdur. Zaur Axundov rəhbərdir, amma onun da öz rəhbəri var.

- Sizin oynamamağınızı istəyən kimdir?
- Bilmirəm axı. Əgər bilsəydim, açıq deyərdim. Elxan Məmmədovla da danışmışam. Dedim ki, futbol oynamaq istəyirəm, o da bildirdi ki, sənə xəbər edəcəm. Bir müddət sonra mənə “Səbail” rəhbərliyindən zəng gəldi və dedilər ki, gəl bizdə məşq et, sonrasına baxarıq. Mən də dəvətlərinə görə onlara təşəkkür etdim və dedim ki, ikinci komandaya gedib sizə nə verə bilərəm? O qədər pis futbolçuyam ki, hörmət bu olsun, yaxud uşaqlarla məşq edim? Onlara məşq keçə bilərəm. 38 yaşında Maykl Essyen oynayır. Adlı-sanlıdır, amma Azərbaycan futboluna heç nə verə bilməz. 30 yaşında milliyə də kömək etmək mümkündür. Maykl Essyen “Səbail”də əsas heyətdə oynayır, o qədər pul qazanır. Halal xoşu olsun, kiminsə pulunda gözüm yoxdur. Essyenin həmin pullara heç ehtiyacı da yoxdur. Başa düşməlidirlər ki, yerli futbolçular çox deyil axı. Emil Balayev, Səlahət Ağayev, Anar Nəzirov, Orxan Sadıqlı nə qədər yaxşı qapıçı olsalar da, Kamran Ağayevin yerini heç kim verə bilməz. O, bir il klubunda dayanmasa da, millidə necə lazımdır, elə də oynayırdı. Ad-sanını qoruyub-saxlayırdı. Kamranla dostluğum da yoxdur, sadəcə olanı deyirəm. Bizim elə çox futbolçularımız yoxdur ki, onları 29-30 yaşında itirək, onlarla prinsip aparaq.

“Elxan Məmmədova dedim ki...”
- Sezar Meza Kollini milliləşdirmək məsələsinə necə şərh verərdiniz?

- Mən hər zaman milliləşdirməyə qarşı olmuşam. Dmitri Nazarov, Ufuk Budak, Riçard Almeyda bizə nə verib axı? Almeyda, Almeyda deyirdik, nə oldu? Bir xal qazandıq. Elə azərbaycanlılar oynasınlar da Almeydanın yerinə, uduzsun, amma təcrübə qazansın. Pis də olsa, yaxşı da olsa, özümüzünkü oynasın. Azərbaycanlıların yerini legionerə verirsiniz. İndi də Sezar Meza Kolli gündəmə gəlib. Guya o nə edəcək? Gələcək milliyə, öz oyununu göstərəcək, aldadacaq, alınacaq, ya alınmayacaq. Özünü reklam edəcək ki, sabah harasa getsin. Bu cür futbolçuları çox görmüşük. Riçard Almeydanın özü də həmçinin. Onlar Azərbaycan üçün can atmırlar. Andre Ladaqa, Leandro Qomeş, Daniel Axtyamov indi haradadır? Ramil Şeydayevi axırda gətirdilər “Sabah”a. Özü də görün uşağı necə “sındırırlar”. Futbolu bilənlər, sevənlər sözlərimi oxuyacaq və düz dediyimi təsdiqləyəcəklər. Necə ola bilər ki, Ramil Şeydayev kimi oyunçunu 87-ci dəqiqədə oyuna buraxırsan? Axı o, millinin əsas futbolçularındandır. Əgər Ramil hazır deyilsə, ya meydana buraxma, ya da yeni qoşulubsa, 50-60-cı dəqiqədən sonra şans ver. O boyda adlı-sanlı futbolçunu meydana 87-ci dəqiqədə buraxıb, “sındırmaq” olmaz axı. Şeydayevi onsuz da itirmişik.

- Azərbaycana geri qayıtdığı üçün?
- Xeyr. Mən Azərbaycana 17 yaşımda gəlmişəm. Özü də digərləri kimi 10 deyil, 1 zənglə. Aleksandr Əliyev və ya Aleksenadr Səmədov kimi 10 dəfə qapıma gəlməyiblər. Şahin Diniyev atama bir dəfə zəng etdi və mən də dedim ki, qayıdıram. Amma onlara nə vədlər verdiyini danışmaq istəmirəm. Çünki bunlar məni maraqlandırmır. Sadəcə kimin pula gəldiyinə fikir vermək lazımdır. Elxan Məmmədova dedim ki, futbolçu kimi alınmırsa, məşqçi olmağa da hazıram. Savadım, karyeram da var. Dedilər ki, oxumalısan, ona da razılaşdım. Hər halda, oynaya-oynaya, yaxud milli komandada hansısa yaxşı məşqçinin yanında da oxumaq olar. Praktikada görürük ki, çempionat gedə-gedə məşqçi də olurlar. Ad çəkmək istəmirəm, amma 1 deyil, 2-3 elə oyunçu var. Mənə gələndə deyirlər ki, məşqçiliyə başlamaq istəyirsənsə, hansısa U-12, U-13 komandasında işlə, öyrən. Çoxu deyə bilər ki, sən kim olmusan axı mənəm-mənəm deyirsən? Təki mənim kimi karyeraları olsun. Pulla gedib xaricdə oynamağı demirəm. Hər yerdə öz ustalığımla, futbolçu keyfiyyətlərimlə gedib çıxış etmişəm. Məni xarici klublar istəyib və getmişəm. Heç kimə pul verib, hansısa komandaya keçməmişəm.
 
“AFFA-da veteranlar oturub, hanı onlar, niyə danışmırlar? Lap əmim olsun”
- Bundan sonra nə etməyi düşünürsüz? Gözləmə mövqeyi tutacaqsız?

- Ailəm var, valideynlərim var, onları qoyub hansısa ölkəyə getmək çətin olar. Çünki ailəmə qayğı göstərən vaxtımdır, valideynlərim yaşlıdır, övladlarım da balacadır. Hamısını götürüb başqa ölkəyə gedə bilmərəm. Böyük risk ola bilər. Bilirsiz, çox görmüşəm, xarici klublara zəng edib deyirlər ki, həmin oyunçunu götürmə. Rail Məlikov və Saşa Yunisoğlu “Dənizlispor”a gedəndə rəhbərliyə zəng edib deyirmişlər ki, onları komandaya qəbul etməyin, sizə xeyir verməyəcəklər. Bunu klub rəhbərliyi edir. Federasiya bunun qarşısını almalıdır. İnkişaf etmək istəyiriksə, xaricə yollanan oyunçularımıza daha çox qayğı göstərib, onlara dəstək olmalıyıq, pisə belə yaxşı deməliyik. Nə qədər çox legionerimiz olsa, bir o qədər yaxşıdır. Mən də vaxtımı gözləməliyəm ki, zaman dəyişsin. Bəlkə bəziləri Cavadovlar soyadını, bizi futboldan silmək istəyirlər, amma bu mümkünsüzdür. Çünki tarix yazılıb, illərlə də belə qalacaq. Cavadovlar ailəsinin doqquzu da idmançıdır. Bibilərim, əmilərim hamısı belə olublar. İlqar Qurbanovun anası Şövkət Cavadova otüstü xokkey üzrə idman ustasıdır. Cavan məşqçilər karyerasına necə başlayırlar? Cennaro Qattuzoya “get uşaq komandasında ikinci məşqçi işlə” deməyiblər. Əlbəttə ki, oxuyurlar. Azərbaycan futboluna, millisinə daim hörmət qoymuşam. Vaxtilə Rusiyadan çıxıb Azərbaycana gəlmişəm və öz oyunumla, vurduğum qollarla xalqımı sevindirmişəm. Bəlkə səhv deyirəm? Camaatın sevgisini qazanmışam. Mahir Şükürov, Elnur Allahverdiyev, Kamran Ağayev, Rəşad Sadıqov, Vüqar Nadirov, Elvin Məmmədov, Aleksandr Çertoqanov, bir sözlə, hamımız milli üçün ən yaxşısını edirdik. Kimisə az, kimisə çox sevilə bilər. Adını çəkdiyim uşaqlar milli üçün canlarından keçiblər. Ola bilər ki, baş məşqçi kimi işləməsinlər. Amma bu cür futbol oynamış insanları AFFA-ya cəlb edib, başqa struktura yönəltmək olar. AFFA-da veteranlar oturub, hanı onlar, niyə danışmırlar? İstəyir lap əmim olsun, niyə danışmır? Nə işlə məşğuldurlar? Məşqçilər Komitəsi var, hansı işləri görürlər? Uşaq futboluna baxaq, U-17 komandalarında uşaqların əksəriyyəti qapıya zərbə vura bilmir. Bunu Məşqçilər Komitəsi, AFFA görməlidir. Deyəcəklər, Vaqifə iş vermədikləri üçün danışır. Vaqif danışmalıdır də, vaxtı var. Sabah guya iş versələr, danışmayacam? Məndən nəsə soruşsanız, yenə də olanı deyəcəm. Otururlar AFFA-da, müəyyən qədər maaş alırlar, “malalamaqla” vaxt gedir, futbolumuz və futbolçularımız da “ölür”. Hansı veteran futbolçumuz bir xal qazanana qədər nəsə açıqlama verirdi? Qurban Qurbanovun üstünə necə düşdülər? Dedilər ki, nəticə vermədi, bunu çıxarın. 5-6 il əvvəl camaat stadiona gəlirdi. İndi tribunalar boşdur. Çünki biz yenidən 10 il geri düşdük. Millimizi, futbolçularımızı sevdirməkdənsə, nifrət qazanırıq. Tək-tük oyunçumuz var, onları da “öldürürük”. Rəşad Sadıqov əla futbolçudur, məşqçi biliyi də yaxşıdır. Bəli, futbolda hansısa nöqsanları ola bilər. Amma onun müasir futbola baxışı var, yaxşı baş məşqçi ola bilər. Vaqif, Kamran, Mahir kimi oyunçuları icraçı direktor da təyin etmək mümkündür. Ola bilər, kimsə universitet bitirməyib. Bu hər şey demək deyil. AFFA-da veteranları yığıblar, müəyyən məbləğdə maaş verirlər, onlar da danışmırlar. Ay qardaş, danışmaq lazımdır. Hamısına böyük hörmətim var, hamısı ilə də münasibətim var, məni düzgün başa düşsünlər, heç kimin çörəyinə bais olmaq istəmirəm. Onlar orada niyə oturub? Danışmaq, iş görmək üçün. Orada maaş alırlar, danışmırlar. Məni də sabah orada işə götürsələr, boş-boşuna oturmayacam axı. Mən danışacam, problemlərimizi deyəcəm. Millidə o qədər futbol oynamışam. Karyeram ərzində qırmızı vərəqə belə almamışam. Amma deyirlər, xasiyyətim pisdir. Halbuki indiyə qədər meydanda heç kimlə dalaşmamışam, oyundan qovulmamışam. Kimlər nə alır, nə işlər görür, onda onların xarakterləri uyğundur? Belə olmaz axı. Futbolumuzun inkişafı yoxdur. Vaqif Cavadovu guya kimsə istəmir. Hər bir insanın öz xasiyyəti olmalıdır, yaltaq olmalı deyil. Gərək yaltaq olum ki, futbol oynayım? Əgər şəxsiyyətin yoxdursa, böyük idmançı da ola bilməzsən. Məşqçinin hər dediyini etməklə də futbolçu olmaq olmaz. Bəli, tapşırığını yerinə yetirmək lazımdır. Amma 80 faizini öz beyninlə etməlisən. Onda məşqçi elə robot oynadardı da. “Sumqayıt”da batırmaq istədilər. Amma ora getdim, oyunumla sübut etdim ki, mümkün deyil. Samir Abasov bizə - azərbaycanlılara görə Samir Abasov olub, legionerlərə görə yox. Bunu o da unutmamalıdır. “Sumqayıt” turnir cədvəlində üçüncü yerdə gedirdi, hamı Samir Abasovdan, “Sumqayıt”dan danışırdı. Amma sonra beşinci pilləyə düşdü, qayıtdı ki, yerlilərlə bundan qabağa gedə bilmərəm. O, bunu deyə bilməz. Daha sonra “Zirə”yə getdi, nə oldu? Legionerlər var idi. Nəsə edə bildi? Yox. Halbuki azərbaycanlılarla hansı yerə qalxmışdı.

“Sezar millidə olduğu kimi, “Keşlə”də də bir azərbaycanlının yerini tutacaq”
- Samir Abasov bu cür açıqlamalar verəndə necə qarşılayırdınız?

- Əlbəttə ki, xətrimizə dəyirdi. “Sumqayıt”da çox yaxşı oynayırdıq. Ən yaxşı formada olan vaxtım idi. Robert Prosineçki deyirdi ki, “Sumqayıt” nə komandadır ki, milliyə oradan futbolçu götürüm. Milli komandanın baş məşqçisi bu cür söz deyə bilər? Mən də o vaxt demişdim ki, yığmanın qapısı hamıya açıq olmalıdır, kim yaxşı formadadırsa, o da oynamalıdır. O, sırf mənə qarşı olan sözlər idi. İstədilər ki, “Sumqayıt”da oynaya bilməyim, amma getdim orada özümü sübut etdim. “Keşlə”yə gəldim, gec-tez əsas heyətə düşdüm və orada da özümü göstərdim, komandanı düzəltdim. Bütün legionerlərlə də münasibətim yaxşı idi. Əcnəbi məsələsinə qayıtmaq istəyirdim, bu milliyə cəlb olunan legionerlər heç kimə lazım deyil. Boşuna milliləşdirməklə, 1-2 il oynatmaqla Azərbaycan futboluna heç nə verməyəcəklər. Məsələn, Sezar Meza Kolli millidə olduğu kimi, “Keşlə”də də bir azərbaycanlının yerini tutacaq. Dmitri Nazarov indiyə qədər yığmaya nə xeyir verib? 50 metrdən qapıya zərbə vurur. Özün üçün oynamamalısan, milli üçün can qoymalısan. Yığmanın keçmiş futbolçuları Zaur Ramazanov, Zaur Tağızadə, Kamran Ağayev, Rəşad Sadıqov, Elnur Allahverdiyev, Rail Məlikov zədəli ola-ola oynayırdılar. Amma indi millidə elə oyunçular var ki, ayağında kiçik bir cızıq olan kimi meydana çıxmaq istəmirlər. Oyuna baxırlar, rəqib güclüdürsə, mübarizədən qaçırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1537
avatar

Oxşar yazılar