Avstriyanın "Hartberq" klubu 23 sponsordan ibarət formanı nümayiş etdirərək, peşəkar futbolda yeni rekorda imza atıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, artıq bir neçə ildir ki, “Hartber” öz formasındakı reklam loqolarının sayına görə yeni rekorda imza ataraq, onların sayını hər mövsüm ardıcıl olaraq artırır. Bu model cəmi altı min nəfər əhalisi olan eyniadlı şəhər klubuna 2016/17 mövsümündə Avstriya üçüncü divizionundan 2020/21 mövsümündə Avropa Liqasına vəsiqə qazanmaq üçün kifayət qədər maliyyə cəlb etməyə imkan verib.
“Hartberq”in əsas sponsoru köynəyində sperma keyfiyyətini yaxşılaşdıran Profertil dərmanını reklam edən Avstriyanın Lenus Pharma əczaçılıq şirkətidir. Bu brend öz adını klubun ev stadionu Profertil Arenaya da verib.
Sosial şəbəkələrdə azarkeşlər klubun formasının reklam lövhəsinə çevrildiyini zarafata salır, hətta bəziləri klubun kommersiya departamentinin işinə lağ edirlər, çünki “köynəkdə hələ də boş yer var”.
“Hartberq”lə bağlı çoxsaylı zarafatlara baxmayaraq, klub rəhbərliyi bu yanaşmanın büdcəsi məhdud olan kiçik klub üçün zəruri tədbir olduğunu vurğulayır.
Ötən mövsüm “Hartberq” Avstriya çempionatında səkkizinci yeri tutub.