Braziliyalının Azərbaycanda qatarda başına nə gəlib? -  MÜSAHİBƏ
27 oktyabr 2021 17:16 (UTC +04:00)

Braziliyalının Azərbaycanda qatarda başına nə gəlib? - MÜSAHİBƏ

Azərbaycan çempionatlarında vaxtilə elə legionerlər top dalınca qaçıb ki, illər keçsə də, onları unutmaq mümkün deyil.

Belələrindən biri də Junivan Suarezdir.

2005-ci ildə Bolqarıstandan “Turan”a gələn, ardınca “Olimpik”in formasını geyinib, sonradan yenə bu iki komandanın uğurları üçün tər tökən braziliyalı forvardın sonuncu dayanacağı “Kəpəz” olmuşdu.

Azərbaycanda top qovduğu ayrı-ayrı zamanlarda ümumilikdə 145 oyunda forma geyinib, rəqib qapılarına 40 dəfə yol tapan Junivanı xeyli müddət Braziliyada axtarandan sonra Türkiyədə tapmaq mümkün oldu.

43 yaşlı “sambaçı” ilə söhbətimiz də elə türk dilində baş tutdu. Hal-əhval tutanda, bəndənizi Azərbaycan dilində salamladı: “Salam, qaqaş, necəsən?”

- Yaxşıyam, şükürlər olsun. Sən necəsən?

- Mən də yakşi, yakşi.

- Türkiyədə nə əcəb?

- Hə, burdayam. Türkiyədə yaşayıram, burda yerli klubda futbol məşqçisi işləyirəm.

- Hansı klubda?

- “Samsunspor”un aşağı yaş qruplarından ibarət komandalarından birində. Xeyli vaxtdır məşqçilik edirəm.

- Bizim gördüyümüz futbolçu Junivan artıq məşqçi işləyir.

- (gülür) Hə-hə, hocalıq edirəm. İnşallah, zamanla bu sahədə də uğur qazanaram.

- Xanımın türk olmalıdır, səhv etmirəmsə.

- Doğrudur.

- Azərbaycanda tanış olmuşduz, hə?

- Eynən. Bakıda görüb, bəyənmişdim. “Olimpik”də oynayırdım onda. 14 ildir birlikdəyik.

- Övladınız var?

- Var, əlbəttə. 11 yaşında oğlumuz var.

- Allah saxlasın! Tanışlığınızın tarixçəsini danışasan bəlkə.

- Xanımım 2007-ci ildə Bakıya istirahətə yollanmışdı. O vaxt Azərbaycanda tanışı vardı, onlara getmişdi. Mən də orda görmüşdüm. Elə ilk dəfə görəndə bəyənmişdim (gülür). Bir müddət dostluq etdik, sonra sevgili olduq və evləndik.

- Türkiyəli xanımla braziliyalı kişi. Dil tapa bilirsiz?

- Şükürlər olsun, hər şey yaxşıdır. 14 ildir birlikdəyiksə, bundan sonra problem olmaz, inşallah. Diqqətimizi övladımızın sağlam böyüməsinə ayırmışıq.

- Futbolçu kimi Azərbaycanda parladın, xanımınla Azərbaycanda tanış oldun. Amma Azərbaycana gəlmirsən heç. 2012-ci ildə gedənsən yəqin.

- Əslində, gəlməyi çox istəyirəm. Amma Azərbaycanı tərk edəndən sonra planlar qarışıq oldu. “Kəpəz”dən ayrılandan sonra birbaşa Braziliyaya yollandıq. Uzun illər orda yaşadıq. 2019-da Türkiyəyə qayıtdıq. Ondan sonra da koronavirus pandemiyası hər şeyi çətinləşdirdi. Amma mütləq gələcəyik. Xanımım da Bakını görmək istəyir. Kiminlə danışırıqsa, hamı Bakının gözəlləşdiyini deyir. Paytaxt çox dəyişib, gözəlləşib. Mütləq səfər edəcəyik.

- Bakı gözəldir, yoxsa Samsun?

- Hər ikisi, hər ikisi (uca səslə gülür).

- Vaxtilə Azərbaycanda birgə oynadığın futbolçularla əlaqən qalır?

- Bir çoxu ilə sosial şəbəkələrdə yazışıram arada. Fabio Luis Ramim, Usim Nduka, Ernani Pereyra, Nuqzar Kvirtiya... Hə-hə, Asen Nikolov, Dmitri Parxaçovla da əlaqəm var.

- Türkiyədəsənsə, Azərbaycan futbolu ilə maraqlanmamış olmarsan.

- Düzünü desəm, televiziya kanallarında Azərbaycan çempionatının oyunlarını görmürəm. Göstərsələr, böyük məmnuniyyətlə baxaram. Özümə da maraqlıdır. Amma sosial şəbəkələrdə qarşıma hansısa xəbər çıxanda oxuyuram.

- Azərbaycan deyəndə ağlına nə gəlir? Ölkəmizin həyatındakı rolu nədir?

- Heç vaxt unutmayacağım, mənə yaxşı insanlar qazandıran, futbolçu kimi parlamağımda rolu olan və ən əsası, həyatının dostunu tapdığım ölkə. Olduqca xoşbəxt günlər keçirmişəm. Azərbaycanda. Futbol bir yana, orda mehriban insanlarla tanış oldum.

- Uzun illər top qovduğun ölkə ilə bağlı hansısa maraqlı hadisəni danışa bilərsən?

- O qədər maraqlı əhvalatlar olub ki, adam bilmir hansını danışsın. Hansı mövzuda hadisə deyirsən?

- Maraqlı, gülməli, yaddaqalan...

- Biri var, qoy, onu danışım. (Danışmağa başlayanda xeyli gülür, birtəhər özünü toparlayıb, nəql edir) Deməli, 2005-ci ildə Azərbaycana ilk səfərim idi. O vaxt “Turan” Bakıda hazırlıq keçirdi və mən də bilirdim ki, təlim-məşq toplanışında iştirak etdikdən sonra komanda ilə birgə Tovuza yollanacam. Hazırlıq başa çatdı və Tovuza getməli olduğumuz vaxt qatarla yola düşəcəyimizi dedilər. Hava da çox soyuq idi. Açığı, özümə maraqlıydı qatarla yol getmək.
Qatara mindik, çoxu rayon, kənd adamlarıydı, bizə qəribə baxışlarla baxırdılar. Bəziləri hətta yaxınlaşıb nəsə soruşur, maraqlanırdı. Nə isə, neçə saatdır yol gedirdik, çatmaq bilmirdik. Mən də bir tərəfdən səbirsizlənir, digər tərəfdən həyəcanlanırdım ki, görəsən, hara gedirik (gülür). Yanımdakılardan soruşurdum, “az qaldı” deyirdilər, amma çatmırdıq. Sonunda Tovuza çatanda dəmir yolu vağzalında sağa-sola baxmışdım ki, görəsən, hardasa Tovuz yazılıb (gülür). Həyəcan dolu bir səfər olmuşdu.

- Adrenalin yaşamışdın. Nəyi pisdir ki?

- Hə-hə, əsl adrenalin idi, həm də çox (uca səslə gülür).

- Amma Tovuzdakı insanlar səni çox sevirdi (sportinfo.az).

- ... (davamı olacaq)

# 10617
avatar

Oxşar yazılar