Bir oyunda öz qapısına 2 qol vuranlar: azərbaycanlı futbolçu da var -  SİYAHI
22 aprel 2021 18:31 (UTC +04:00)

Bir oyunda öz qapısına 2 qol vuranlar: azərbaycanlı futbolçu da var - SİYAHI

Bir futbolçu üçün ən böyük bəxtsizlik topu öz qapısından keçirməkdir.

Apasport.az saytının məlumatına görə, adətən avtoqol müəllifi olan oyunçuda ruh düşkünlüyü yaranır, həmin görüşün sonuna qədər özünü toparlamaqda çətinlik çəkir.

Ancaq elə oyunçular da olub ki, eyni matçda bir yox, hətta iki avtoqola imza atıb. Həmin hadisə ilə üzləşmiş futbolçuları təqdim edirik:

Mikel San Xose

Hazırda “Birmingem” forması geyinən ispaniyalı müdafiəçi “Atletik”də olarkən uğursuz bir oyunla yadda qalıb. 2018-ci il aprelin 28-də “Real Sosyedad”la qarşılaşmada İspaniya millisinin sabiq üzvü öz qapısından iki top keçirib.

Mario Ermoso

“Atletiko”nun futbolçusu da bir qarşılaşmada iki avtoqol edən bəxtsizlərdəndir. Bu, onun “Everton”dakı illərinə təsadüf edib. Ermoso 2018-ci il yanvarın 28-də “Leqanes”lə qarşılaşmada “avto-dubl”la diqqət çəkib.

Joao Pereyra

Qış fasiləsində “Sportinq”ə keçən Pereyra noyabr 2017-ci il noyabrın 19-da “Trabzonspor” – “Ankaraspor” görüşündə formasını geyindiyi “bordo-mavililər”i iki dəfə mərkəzə dəvət edib.

Aissa Mandi

“Betis”in şərəfini qoruyan əlcəzairli futbolçu akademiyasında yetişdiyi “Reyms”ə bir dəfə bu aqibəti yaşadıb. 2014-cü il aprelin 5-də PSJ sınağına çıxan Mandi iki dəfə qapıları səhv salıb.

Ante Kuluşiç

Türkiyə Super Liqasının XXXV turunda “Beşiktaş”la görüşdə 4 qol vuran “Ankaragücü” 2 xal itirib. Çünki toplardan ikisinə paytaxt klubunun müdafiəçisi Kuluşiç imza atıb. Ancaq o da qapıları səhv salıb.

Conatan Uolters

2018/19 mövsümündə karyerasını başa vuran Uolter “Stok Siti”də çıxış etdiyi vaxt öz qapısına yol tapanlar sırasına qoşulub. O, 2013-cü il yanvarın 12-də “Çelsi” ilə görüşdə rəqibi iki dəfə sevindirib.

Kərim Haqqi

Tunisli sabiq futbolçu 2009-cu il dekabrın 12-də Mönhenqladbax “Borussiya”sı ilə oyunda formasını geyindiyi “Hannover”in iki dəfə mərkəzdən başlamasına səbəb olub.

Əmrə Toraman

2019-cu ildə karyerasını “Bucaspor”da yekunlaşdıran Toraman da Kuluşiçlə bənzər ssenari yaşayıb. O, 2009-cu il martın 15-də“Bucaspor”la matçda “Əskişəhərspor”un oyunçusu kimi “avto-dubl” müəllifi olub.

Natiq Qasımov

Azərbaycan çempionatlarında belə bir hadisə bir dəfə yaşanıb. Bu, 2006-cı il aprelin 5-nə təsadüf edib. Həmin vaxt MOİK-in şərəfini qoruyan Natiq Qasımov 2005/06 mövsümündə “Karvan”la görüşün 15-ci və 69-cu dəqiqələrində avtoqola imza atıb. Adıçəkilən qarşılaşma “Karvan”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Maraqlıdır ki, Natiq Qasımov həmin mövsümü 3 avtoqolla bitirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2724
avatar

Oxşar yazılar