Londonun “Arsenal” klubu İngiltərə çempionatının 27-ci turu çərçivəsində səfərdə “Şeffild Yunayted”i darmadağın edib. “Brammel Leyn” stadionunda keçirilən görüş 6:0 hesabı ilə başa çatıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, bununla da “Arsenal” İngiltərə futbol tarixində ardıcıl üç səfər matçında 5+ top fərqi ilə qalib gələn ilk komanda olmaqla rekorda imza atıb. Bundan əvvəl Mikel Artetanın komandası səfərdə “Vest Hem Yunayted” (6:0) və “Bernli”ni (5:0) məğlub edib.
Həmçinin “Arsenal” son 4 qarşılaşmada 21:1 ümumi fərqlə qalib gəlib.
27 turdan sonra “Arsenal” Premyer Liqada 61 xalla 3-cü pillədə qərarlaşıb. Çempionata “Liverpul” başçılıq edir (63 xal).
London klubu növbəti oyununu evdə “Brentford”a qarşı keçirəcək.