Koronavius pandemiyasının yayılması səbəbindən Avropa ölkələrində milli çempionatların dayandırılması ilə zərər görən klublara UEFA yardım əlini uzadıb.
Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu bəzi maliyyə məsələlərində klublara verilən vaxtı uzatmaq qərarına gəlib.
UEFA onlara maddi problemdən qurtulmaq üçün güzəşt edib. Yeni qərara əsasən, martın 31-nə qədər ödənilməli olan maaşlar və transfer ödənişlərinin vaxtı bir ay uzadılıb. Azərbaycan klubları da daxil olmaqla, "köhnə dünya"nın bütün təmsilçilərinə artıq məcburi ödənişləri etmək üçün aprelin 30-na qədər vaxt verilib.
Qeyd edək ki, klublar maliyyə feyr-pleyi əsasnaməsinə uyğun hesabatları aprelin 30-dək UEFA-ya təqdim etməlidirlər.