Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Baniyas" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Riçard Almeyda ölkəmizə qayıtmağa hazırlaşır.
Apasport.az saytının məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi yenidən "Qarabağ"ın formasını geyinməyə çox yaxındır.
"Baniyas"la müqavilə müddəti başa çatan orta sahə oyunçusu klubunda qalmayacaq. Baş məşqçi postunda dəyişiklikdən sonra futbolçu özü də BƏƏ klubunun formasını geyinməkdə maraqlı deyil. "Qarabağ" isə ona karyerasını məhz Ağdam klubunda başa vurmaq şəraiti yaradıb. Keçid reallaşarsa, Almeyda futbolçu kimi son müqaviləsini imzalayacaq və karyerasını burada başa vuraraq "Qarabağ"da məşqçilik fəaliyyətinə başlayacaq.
Qeyd edək ki, Riçard Almeyda 2012-2018 və 2019-cu ildə "Qarabağ"ın formasını geyinib.