Dəfnində dirildi, atasını ölümdən qurtardı, 35 illik arvadından ayrıldı... - SİRLİ ULDUZLAR
26 avqust 2020 17:01 (UTC +04:00)

Dəfnində dirildi, atasını ölümdən qurtardı, 35 illik arvadından ayrıldı... - SİRLİ ULDUZLAR

Film kimi həyat hekayəsi var onun. Valideynləri tərəfindən öldüyü zənn edilən bir körpənin həyatda qalaraq gələcəkdə tanınmış simaya çevrilməsi... İnandırıcı gəlməyə bilər, amma həqiqətdir! İşinə olan məhəbbəti ailə sevgisini üstələmiş birindən bəhs edirik. Lent.az-ın “Sirli Ulduzlar” layihəsində bu dəfə Türkiyə yığmasının və “Beşiktaş”ın sabiq futbolçusu, hazırda “Sivasspor”un baş məşqçisi olan Rza Çalımbaya yer vermişik...

Kəfənə bükülən körpə hamını şoka salır

1963-cü il, fevralın 2-də Sivasda dünyaya göz açır. 4 uşaqlı ailənin ilk övladı olan Rza körpə ikən ölümdən dönür. Qıcolma keçirən Çalımbayın öldüyünü zənn edirlər. Göz yaşlarına qərq olan valideynləri Rzanı kəfənə bükdürərək, qəbrini qazdırırlar. Dəfn zamanı körpənin anası Fatma xanım sonuncu dəfə oğlunu görmək, ona sarılmaq istəyir. Təkidindən sonra uşağın kəfəni açılır. Bu zaman həm Fatma xanım, həm də ətrafdakılar şoka düşür. Sən demə, körpə ölməyibmiş, yaşayırmış... Bir andaca kədər göz yaşları sevinc göz yaşları ilə əvəzlənir.

Atasını şikəst edən iş qəzası

Atası Bektaş Çalımbay daş karxanasında işləyərək həyat yoldaşı və övladlarını dolandırırdı. Bir gün ailənin başçısı iş prosesində ağır qəza keçirir və bir ayağı şikəst qalır. Bu azmış kimi, işindən də olan Bektaş doğma məmləkətində yeni iş tapa bilmir və İstanbula köçməyə qərar verir. Həmin vaxt Rza orta məktəbi bitirmişdi artıq. Sivasdan köç etmək daha çox onun həyatını dəyişəcəkdi...

Bina qapıçısı və Hasan Əfəndi

İstanbula çatan kimi Bektaş Çalımbayın qohumları ona əvvəlcə teatrda təmizlikçi işi tapırlar. Bu iş ona çətin gəldiyindən, bir müddət sonra binanın qapıçısı kimi fəaliyyətə başlayır. Oğlu Rza məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək istəmir və bir işə başlamaqla atasına maddi cəhətdən kömək etməyə qərar verir. Trabzonlu Hasan Əfəndi onu yanına - ərzaq mağazasına işə götürür. Rzanın günü həmin mağazada işləyərək və işdən çıxdıqdan sonra məhəllədə futbol oynayaraq keçirdi...

“Ata, məni də apar”

Bir gün dostları kimi, o da futbola yazılmaq istəyir, ancaq atası buna qarşı çıxır. İstəyindən vaz keçməyən Rza gizlicə olaraq “Beşiktaş” klubunun seçim mərhələlərinə qatılır, əvvəlcə sınaqlardan keçə bilmir. Lakin hirsi və qərarlılığı ilə yenidən seçimlərdə iştirak edir, bu dəfə istəyinə çatır. Bektaş Çalımbay oğlunun “Beşiktaş”ın aşağı yaş qrupuna qəbul olunmasından xəbər tutur və aləm bir-birinə dəyir. Əslində, Bektaş da uzun illər futbola bağlı biri olub. 1967-ci ildə keçirilən və 38 nəfərin öldüyü “Kayserispor” - “Sivasspor” oyununa o da gedəcəkmiş, lakin həmin vaxt 4 yaşı olan Rzanın atasının ayaqlarından yapışaraq “ata, məni də apar” deməsindən sonra fikrini dəyişib, nəticədə ölümdən dönüb. Həmin hadisə Bektaş Çalımbayı futboldan soyutmuşdu. Üstəlik, “futbolda pul yoxdur, gəlirli iş tap” düşüncəsi ilə yanaşırdı məsələyə. Rzanın fikrindən dönmədiyini gördükdən sonra onu evdən qovur...

“Bu, sənin pulun, uşaqla işin olmasın...”

Küçədə qalan Rzaya məhz trabzonlu Hasan Əfəndi sahib çıxır. O, Bektaş Çalımbaya pul verərək “bu, sənin pulun, uşaqla işin olmasın, həm futbol oynasın, həm də yanımda işləməyə davam etsin” deyir. Beləliklə Rzanın futbol həyatı başlayır...

Əslində o qədər də istedadlı oyunçu olmayıb Rza Çalımbay. Ancaq tükənməz enerjisi və təslim olmayan xarakteri ilə azarkeşlərin rəğbətini qazana bilib. 1980/1981 mövsümündə əsas komandaya yüksəldiyi vaxt “Beşiktaş”ı Dorde Miliç çalışdırırdı. Miliç rəhbərliyə “mən doymuş, yatan futbolçu istəmirəm, gənc, qaçan, meydanda ürəyi ilə mübarizə aparan oyunçulara ehtiyacım var” demişdi. Onun gəlişindən sonra 17 yaşlı Rzanın bəxti üzünə gülmüşdü. Nizam-intizamı, çalışqanlığı və böyük-kiçik yeri bilməsi ilə “Beşiktaş”da kapitanlığa qədər yüksəlmişdi.

“Utandığından üzü qızarmışdı, deyinirdi”

Türkiyəli jurnalist Bülənt Tuncayın Rza Çalımbayla bağlı maraqlı xatirəsi var: “Beşiktaş”ın məşqlərinə tez-tez gedirdim. Onda indiki kimi deyildi, komandanın içində olmağa icazə verirdilər. Kapitan Rza Çalımbay o vaxtkı baş məşqçi Qordon Milnenin yanına getdi və ertəsi günə özü üçün çox önəmli olan bir məsələ ilə bağlı icazə istədi. Dəqiq nə məsələ olduğunu xatırlamıram, amma “baş məşqçi kapitana buna görə mütləq icazə verməlidir” deyə düşünürdüm. Ancaq Milne “kapitan həmişə komandanın başında olmalıdır” deyərək icazə vermədi. Utandığından üzü qızaran Rza yanımızdan keçəndə “həyatımda ilk dəfə məşqə çıxmamaq üçün xahiş etdim, onda da belə oldu” söyləyərək deyinirdi. Kefsiz olsa da, ertəsi gün məşqə çıxdı. Karyerasını bitirənə qədər bir dəfə də olsun, məşq buraxmadı. Xəstə və ya zədəli olanda da bazaya gəldi. Buna görə sevilirdi Rza Çalımbay”.

“Təhsilimi davam etdirsəydim, həkim olardım”

Müsahibələrinin birində jurnalist ona “futbolçu olmasaydın, kim olardın” sualını verir. Rza Çalımbay cavabında “həkim” deyir: “Həkimlik çox hörmət etdiyim peşədir. Futbolçu olmasaydım və təhsilimi davam etdirsəydim, həkim olardım. İnsanlara yardım etmək, pis vəziyyətdə olan birinin həyatını qurtarmaq çox gözəl şeydir. Bəziləri şöhrət qazanırlar, onlar haqda hər yerdə danışırlar. Həkim isə insan həyatını qurtarmağına baxmayaraq, heç kimin vecinə deyil. O, işini görür, evinə qayıdır, ertəsi gün yenə işini görür, insanları xilas edir. Eyni sözlər polis əməkdaşlarına da aiddir”.

16 ildə tək komanda

Nə az, nə çox, düz 16 il “ağ-qara” formanı əynində daşıyır. Özü də karyerasının sonunadək “Beşiktaş”a sadiq qalır. Türkiyə yığmasında 38 oyun keçirən Rza Çalımbaya millidə də kapitanlıq sarğısını daşımaq qismət olur. Sabiq yarımmüdafəçi 1996-cı ildə - 33 yaşında futbolçu karyerasını bitirir. Butslarını mismardan asan Rza Çalımbay futboldan birdəfəlik getmir. O, İngiltərəyə yollanaraq məşqçilik kurslarına qatılır və aylarla orda qalıb ingilis dilini öyrənir. Həmin ərəfədə verdiyi açıqlamada “oxumaq şərt deyil, özünü başqa cür də inkişaf etdirə bilərsən” deyir.

“Beşiktaş”dan “Sivasspor”a qədər

Bir gün ona “Beşiktaş”dan zəng gəlir. Yetirməsi olduğu kluba qayıtmaq, baş məşqçi Kristof Daumun köməkçisi işləmək imkanı əldə edir. Razılaşır və Türkiyəyə dönür. İngilis dilini tam öyrəndiyindən, klubda eyni zamanda tərcüməçi missiyasını yerinə yetirir. Bir müddət sonra isə “Göztəpə”dən təklif gəlir və baş məşqçi kimi ilk fəaliyyətinə başlayır. Sonra “Dənizlispor”, “Ankaragücü”, “Çaykur Rizəspor” (3 dəfə), “Beşiktaş”, “Ankaraspor”, “Əskişəhərspor”, “Mersin İdmanyurdu”, “Kasımpaşa”, “Antalyaspor”, “Trabzonspor”, “Konyaspor” klublarını çalışdırır. 2019-cu ildə isə 6 illik fasilədən sonra - ikinci dəfə doğma məmləkətinin komandası “Sivasspor”un başına keçir.

“Nə yay tətilinə çıxdıq, nə gəzintiyə getdik”

Futbola çox bağlıdır. Hətta o qədər bağlıdır ki, “Sivasspor”la ikinci dəfə müqavilə imzaladığı həftə 35 illik həyat yoldaşı Leyla xanımla boşanır. Leyla Çalımbay həmin vaxt verdiyi açıqlamada boşanmaqlarının səbəbini belə izah edir: “Futbol camiəsi çətin camiədir. Əslində, həyat yoldaşımla heç bir problemimiz yox idi. Sadəcə, Rza işini çox sevir. Onunla evli olduğum müddətdə nə yay tətilinə çıxdıq, nə gəzintiyə getdik. Rza üçün ancaq futboldur. İşinə inanılmaz dərəcədə aşiqdir. Mən də daha rahat işləməsi üçün boşanma qərarı verdim”.

Rza Çalımbay nizam-intizam, üzərində dayanmadan işləmək deməkdir. Onun rəhbərliyi altında “Sivasspor” Türkiyə Superliqasının son mövsümünü 4-cü pillədə bitirib. Elə bu səbəbdəndir ki, 57 yaşlı Çalımbayın qarşıdakı illərdə Sivas təmsilçisini daha güclü komandaya çevirəcəyinə inam böyükdür. Necə deyərlər, həmyerlilərinin ümid yeridir Rza...

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 58630
avatar

Rizvan Babayev

Oxşar yazılar