Mövsümün sonunda "Neftçi"nin yollarını ayıracağı ilk futbolçunun adına aydınlıq gəlib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Vangelis Platellas Azərbaycanı tərk edəcək.
"Flaqman"la müqavilə müddəti mövsümün sonuna qədər olan yunanıstanlı hücumameyilli oyunçu Roberto Bordindən sonra Füzuli Məmmədovun da etimadını doğrulda bilməyib. Təsadüfi deyil ki, 32 yaşlı futbolçu qış fasiləsindən sonra cəmi 2 qarşılaşmada iştirak edib, onda da ümumilikdə 49 dəqiqə meydanda olub.
Ehtiyatda oturaraq yüksək məvacib alan Platellasa "ağ-qaralar" mövsümün sonuna qədər olan müqavilə müddətini yeniləməklə bağlı təklif etmək fikrində deyil. Həmçinin futbolçu özü də komandada qalmaq istəmir. Yunanıstan yüksək liqasının bir neçə klubunun diqqət mərkəzində olan Vangelis gələn mövsümdən ölkəsində çıxış etməyi qərara alıb.
Qeyd edək ki, ötən ilin yanvarında OFİ-dən "Neftçi"yə keçən Vangelis Platellas cari mövsüm Premyer Liqada 12 matçda iştirak edib, 1 qola imza atıb.