“Mən 2020-ci il martın 15-dən aprelin 5-dək Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə dünya çempionu adı uğrunda İddiaçılar turnirində iştirak etməli idim. Məlum olduğu kimi, hazırda bütün dünyada koronavirus epidemiyası yayılır”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə açıqlama verən qrossmeyster İddiaçılar Turnirindən imtinasının səbəbinə aydınlıq gətirib. O, atdığı addımı koronavirusla əlaqələndirib: “Ümumdünya Səhiyyə Təşkilatı epidemiyanın ən yüksək səviyyədə - qırmızı işıqda olduğunu açıqlayıb. Vəziyyətin axarından asılı olaraq dünyada əksər yarışlar və nüfuzlu tədbirlər ləğv olunur və ya başqa vaxta təxirə salınır. Beynəlxalq Şahmat Federasiyası bir sıra profilaktik tədbirlər həyata keçirib. Amma hamısını deyil. Çinli şahmatçıların, onların məşqçilərinin və müşayiət edən şəxslərin Rusiya ərazisində 14 gün ərzində karantin keçəcəyi elan olunmuşdu. Çinli şahmatçılardan biri, məşqçilər və nümayəndə heyəti həqiqətən karantinə yerləşdirilib. Amma Çindən olan ikinci iştirakçı karantin keçməyəcək və turnirin startına koronavirus epidemiyasının hər gün artan ölkədən uçacaq. Bundan başqa, FİDE aydınlıq gətirməyib ki, hansısa iştirakçı və ya iştirakçı ilə əlaqədə olan məşqçi, müşayiət edən şəxs, müsahibə götürən jurnalistlər, hakimlərdə soyuqdəymə, ORVİ və ya Allah eləməsin, koronavirus aşkarlansa, turnir necə keçəcək. İştirakçılar karantinə yerləşdiriləcək, analizlər üçün nə qədər vaxt və mərhələ lazımdır ki, virusun olub-olmamasını dəqiq müəyyənləşdirmək olsun. İddiaçılar turniri 22 gün ərzində keçiriləcək 14 turdan ibarət şahmat marafonudur. Dünya epidemiyası vaxtı turnir necə keçiriləcək, virusun aşkarlanacağı halda xəstələnən iştirakçı, hakimə qarşı hansı tədbirlər görüləcəyi aydınlaşdırılmır. Bu durumların çətinliyini nəzərə alaraq, FİDE-yə müraciətdə turniri daha gec vaxta keçirməyi təklif etdim. Təklifimə imtina cavabı aldım. Yuxarıdakılara əsasən hesab etdim ki, bu şərtlər İddiaçılar Turniri kimi belə vacib yarışda zəruri olan maksimal oyun səviyyəsi üçün gərəkli konsentrasiya və əhval-ruhiyyənin səviyyəsinə güclü təsir edə bilər, sağlamlıq üçün mümkün təhlükə yaradar. Nəticədə məni digər iştirakçı ilə əvəzlədilər”.