“Neftçi”nin sabiq braziliyalı futbolçusu Flavinyonun apasport.az saytına müsahibəsi
- İşləriniz necə gedir? Hazırda nə ilə məşğulsuz?
- 2016-cı ildən futbolla vidalaşdım. Həmin vaxtdan oynamıram. Hazırda ailəmin qayğısına qalıram. Biznesim də var. Həm də onunla məşğulam.
- Azərbaycan futbolunu, çempionatını izləyirsiniz? Futbolumuzun son illəri ilə bağlı hansı bilgilərə sahibsiz?
- Düzünü desəm, Azərbaycandakı oyunlara baxa bilmirəm. Çünki Braziliyada idman telekanalları Azərbaycan çempionatının matçlarını göstərmir. Azərbaycan futbolundakı yenilikləri yalnız instaqram sosial şəbəkəsi vasitəsilə izləyirəm.
- O zaman yəqin ki, bilirsiniz, “Neftçi” son altı mövsümdür ki, çempionluğun nə olduğunu bilmir. Bu haqda fikriniz necədir?
- “Neftçi”nin son altı mövsümdə çempionluq yaşaya bilməməsi titul qazanmağın və yaxşı komanda formalaşdırmağın nə qədər çətin olduğunun sübutudur. Ona görə də hər zaman Sadıq Sadıqovun “Neftçi” prezidenti kimi gördüyü işləri dəyərləndirmək lazımdır.
- Sizcə, “Qarabağ” nəyi dəyişdi ki, altı mövsümdür yalnız onlar çempion olur? Hər halda, sizin vaxtınızda daha çox “Neftçi” titul qazanırdı...
- Bizim çempion olduğumuz vaxt hər şey çox mübarizəli idi. Biz titulları “Qarabağ”, “Xəzər Lənkəran”, “İnter” (indiki “Keşlə” – red), “Bakı” kimi güclü rəqiblərlə mübarizədən sonra qazanırdıq. Amma indiki gündə baxıram ki, heç “Qarabağ”la rəqabət aparacaq rəqib yoxdur.
- “Neftçi”dəki vaxtlarınızı necə xatırlayırsınız?
- Əlbəttə ki, hər zaman çox yaxşı xatırlayıram. Çünki futbolçu karyeramda ən yaxşı illərim Azərbaycanda olub. Həmin anları unutmaq olarmı? “Neftçi”dəki çıxışımı hər zaman böyük sevgi və sevinclə xatırlayıram.
- Azərbaycanda Avropa Liqasının qrup mərhələsinə ilk dəfə “Neftçi” vəsiqə qazanıb. Həmin anları sizin üçün daha yaddaqalan hesab etmək olar?
- Bəli, yaxşı qeyd etdiniz. “Neftçi” ilə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdıq. Mənim üçün həmin oyunlar, həmin anlar futbolçu karyeramın ən vacib anlarından idi. Avropa Liqası əsl arzu idi. Bəzən həmin oyunlara baxıram, qolları xatırlayıram, həqiqətən də xüsusi anlar idi.
- Maraqlıdır ki, ilk dəfə Avropa Liqasının qrup mərhələsinə “Neftçi” vəsiqə qazansa da, bundan sonra heç vaxt qruplara qala bilmədi. Əvəzində isə “Qarabağ” hər mövsüm bunu bacarır...
- Həqiqətən də, “Neftçi”yə görə üzülürəm. Mən də bu klubu sevirəm və bəyənirəm. Komanda yoldaşlarımla birlikdə titullar qazanmaq üçün əlimdən gələni etmişəm, hər şeyimi vermişəm. Biz “Neftçi”ni hər zaman olmalı yerdə qoyub, tərk etdik. Məncə, Sadıq Sadıqov klub prezidenti vəzifəsinə geri qayıtmalıdır. Çünki o, “Neftçi”nin yenidən titullar qazanmasına kömək ola biləcək bilər.
- Azərbaycanda beş ilə yaxın futbol oynadınız. Maraqlıdır, həmin dövrdə Azərbaycan millisində çıxış etmək sizə də təklif olunmuşdu?
- Bəli, Azərbaycan yığmasında oynamaq təklifi almışdım. Amma həmin vaxtı doğru an olmadığını düşündüm. Sonradan da bu baş tutmadı. Əslində, Azərbaycan millisində oynamaq üçün edilən ilk təklifi qəbul etmədiyimə görə peşmanam. Kaş ki, belə etməyəydim.
- Azərbaycan millisində oynasaydınız, nə dəyişəcəkdi ki? Yığmamız uğur qazana biləcəkdi?
- Məncə, Riçard Almeyda və ölkədəki digər futbolçularla birlikdə Azərbaycan yığmasının yaxşı nəticələr qazanmasına kömək ola bilərdim. Amma təəssüf ki, millidə oynamağım gerçəkləşmədi.
- Riçard Almeydadan söz düşmüşkən, Azərbaycanda fərqli iki cəbhədə olan futbol azarkeşləri tez-tez belə fikirlər səsləndirir ki, “ölkəmizə gəlmiş-getmiş ən güclü legioner Flavinyodur”. Digərləri isə Riçard Almeydanın adını çəkirlər. Bəs siz kimi deyərdiz?
- Azərbaycanda insanların məni hələ də xatırladıqlarına görə məmnunam. Mənə hər zaman çox yaxşı münasibət bəsləyən hər kəsə, xüsusilə də “Neftçi” azarkeşlərinə təşəkkürümü bildirirəm.
Hər halda, titullar və nəticələri nəzərə alsaq, Riçard Almeyda böyük addır. Amma tək başına heç nəyə nail olmadığını deyə bilərəm. Təbii ki, həm “Neftçi”də olarkən mənim komanda yoldaşlarım, həm də Riçard Almeydanın komanda yoldaşlarının uğur qazanmaqda böyük xidmətləri var.
- Hazırda “Neftçi” Azərbaycan çempionatında “Qarabağ”dan səkkiz xal geri qalır. Necə düşünürsünüz, sensasiya baş verə bilər?
- 8 xal böyük üstünlükdür. “Neftçi”nin “Qarabağ”a çatıb, onu keçməsi çətin görünür. Amma mən bunun baş verəcəyinə ümid edəcəm.