Azərbaycan Qran-Prisinin təxirə salınmasının səbəbi AÇIQLANDI
25 mart 2020 10:31 (UTC +04:00)

Azərbaycan Qran-Prisinin təxirə salınmasının səbəbi AÇIQLANDI

“Avstraliya Qran-Prisinin təşkilatçılarının timsalında gördük ki, onlar nə dərəcədə çətin duruma düşüb. Heç bir Qran-Pri promouteri bu vəziyyətdə olmaq istəməzdi”.

Apasport.az saytının məlumatına görə, bunu Bakı Şəhər Həlqəsi Əməliyyat Şirkətinin icraçı-direktoru Arif Rəhimov deyib.

O, Formula-1 üzrə Azərbaycan Qran-Prisinin koronavirus pandemiyası səbəbindən təxirə salınmasının səbəblərini açıqlayıb. Rəhimov bildirib ki, Avstraliya Qran-Prisi ilə bağlı baş verənlər digər mərhələlərin təşkilatçıları üçün nümunə olub: “Həqiqətən də Endryu Uestkott və onun komandası üçün təəssüflənirəm. Onların yaşadıqları dəhşətdir. Qran-Prinin son anda ləğvi promouter üçün faciədir. Mərhələnin keçirilməsi ciddi səylər tələb edir. Üstəlik, Avstraliyada yarış müvəqqəti quraşdırılan trasda keçirilir. Onlar bunu qurmağa çox vaxt, pul və güc sərf etdilər, sonda isə ləğv olundu. Bu əsl faciədir”.

İcraçı direktor Rusiya mətbuatına təxirə salınma ilə bağlı qərarı son anda verdiklərini bildirib: “İndi digər promouterlər belə halla üzləşməkdən qaçmağa çalışır. Aydındır ki, bir çox yürüşün təxirə salındığı vəziyyət və Avstraliyada baş verənlər durumu yüngülləşdirmir. Amma siz vəziyyəti digərlərinə izah edəndə mövqeyinizi məntiqli göstərir. Biz trasdakı işlərə başlamamış bu qərarı verdik. Bu əsas orientirlərdən biri idi. Əmin olmaq istəyirdik ki, lazımsız xərclər çəkməyəcəyik. Trasın inşasına bütün bunları xərcləsək, sonra yarışı keçirə bilməsəydik, tam faciə olardı. Bizim üçün trasdakı işlərin başlaması üçün son tarix martın ortaları idi. Biz bunu bir həftə təxirə saldıq ki, yarışın keçirilməsi barədə qərar qəbul edək. İşə başlamalı olduğumuz son gündə də bu qərarı verdik”.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi iyunun 7-də keçirilməli idi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 513
avatar

Oxşar yazılar