Dünyada geniş yayılmış koronavirus pandemiyasına görə demək olar ki, bütün turnirlər ya təxirə salınıb, ya da ləğv olunub.
Apasport.az saytının məlumatına görə, bu pandemiyanın Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün dövlət tərəfindən geniştərkibli addımlar atılır.
Bu qəbildən olan addımlardan biri 14 mart – 14 aprel tarixlərində ölkə ərazisində tətbiq olunan xüsusi rejimdir. Bununla əlaqədar olaraq, Azərbaycanda kütləvi idman tədbirlərinin keçirilməsinə də qadağa qoyulub. Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən Operativ Qərargahın göstərişini rəhbər tutaraq Azərbaycan I Divizionu və Azərbaycan Premyer Liqasının 14 aprel tarixinə qədər bərpa olunmayacağını açıqlayırıq. Əgər 14 aprel tarixdə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılsa, Peşəkar Futbol Liqası olaraq klubların baş məşqçiləri ilə görüş keçirib ümumi vəziyyəti müzakirə edəcəyik və daha sonra yarışların bərpa tarixini ictimaiyyətə açıqlayacağıq.
Qeyd edək ki, UEFA dünən keçirdiyi videokonfransdan sonra vəziyyətə uyğun olaraq yerli liqaların 30 iyuna qədər yekunlaşdırılmasını bildirib. Hesab edirik ki, bu tarix Azərbaycan Premyer Liqası və I Divizionunun bərpası və başa çatdırılması üçün uyğundur.