Avrokubokların 2020/21 mövsümündə iştirak edəcək Azərbaycan klubları müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, bu, AFFA-nın İcraiyyə Komitəsinin bugünkü videokonfransından sonra bəlli olub.
Koronavirus pandemiyası üzündən dayandırılan Azərbaycan Premyer Liqası və Azərbaycan kubokunun yarımçıq başa çatdırılmasından sonra qitə arenasına çıxacaq “dördlük” dəqiqləşib. Çempion elan olunan “Qarabağ” Çempionlar Liqasında, digər iki mükafatçı “Neftçi” və “Keşlə” Avropa Liqasında oynamaq hüququ qazanıb.
Ölkə kubokunda qalib bəlli olmadığından 4-cü yerin sahibi - “Sumqayıt” ikinci dərəcəli qitə kubokunda oynayacaq. Bu, Sumqayıt tarixinə ilk kimi düşüb. İndiyədək şəhərin heç bir təmsilçisi avrokubokda oynamaq hüququ qazanmayıb. Müxtəlif illərdə Premyer Liqada şəhəri təmsil edən “Xəzər”, “Gənclərbirliyi” və “Standard” qitə miqyaslı turnirlərə yüksələ bilməyib.
Qeyd edək ki, təmsilçilərimizin hamısı yarışa I təsnifat mərhələsindən başlayacaq. Bir oyundan ibarət bu mərhələ Avropa Liqasında avqustun 18-19-da, Çempionlar Liqasında 24-25-də başlayacaq.