2021-ci il dünya və Azərbaycan idmanı üçün zəngin alınıb. Həm dünya, həm qitə, həm ölkə miqyasında bir sıra önəmli hadisələr yaşanıb.
Lent.az Apasport.az saytına istinadla 21-ci əsrin 21-ci ilinin 21 ən yaddaqalan idman hadisəsini təqdim edir:
1. Prezident İlham Əliyev yenidən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilib.
2. UEFA-nın yeni layihəsi olan Avropanın üçüncü dərəcəli klub turniri – Konfrans Liqasına start verilib.
3. DÇ-2022-nin seçmə mərhələsində 8 oyun keçirən Azərbaycan millisi tsikli qələbəsiz başa vurub.
4. Avrokuboklarda ardıcıl 8-ci, Konfrans Liqasında ilk dəfə qrup mərhələsinə düşən “Qarabağ” pley-offa adlayan ilk Azərbaycan klubu olub.
5. Emin Mahmudov bir ildə 7, bir seçmə mərhələdə 4 qol vuraraq Azərbaycan yığmasının tarixində iki rekorda imza atıb.
6. Koronavirus pandemiyası üzündən təxirə salınan və bu il keçirilən AVRO-2020-nin dörd oyunu Bakıda baş tutub.
7. AFFA Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi ilə müqaviləni Millətlər Liqasının 2022/23 mövsümünün sonunadək uzadıb.
8. Koronavirus pandemiyası üzündən təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan yığması 3 gümüş və 4 bürünc medal əldə edib.
9. “Keşlə” futbol klubunun Bakıdan Şamaxıya köçməsi barədə qərar qəbul edilib.
10. Koronavirus pandemiyası üzündən təxirə salınan Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycan yığması 14 qızıl, 1 gümüş və 1 bürünc medal qazanmaqla tarixinin rekorduna imza atıb.
11. Azərbaycan gənclər və idman naziri Azad Rəhimov vəfat edib və onu Fərid Qayıbov əvəzləyib.
12. “Qarabağ”ın futbolçusu Mahir Emreli Polşanın “Legiya” klubuna transfer olunub və burada “Lester”lə “Napoli”yə qol vurub.
13. Milliləşdirmə prosesini “inkişaf etdirən” AFFA Filip Ozobiç, Höccət Haqverdi kimi legionerləri yığmaya calayıb.
14. Koronavirus pandemiyası üzündən 2020-ci ildə ləğv olunan “Formula-1” üzrə Azərbaycan Qran-Prisi yenidən Bakıda təşkil edilib və Serxio Peresin qələbəsi ilə nəticələnib.
15. Azərbaycan Premyer Liqasında “Qarabağ”ın 7 illik hegemonluğuna son qoyan “Neftçi” 9-cu dəfə ölkə çempionu olub.
16. Bir sıra idman federasiyalarında, o cümlədən əsas olimpiya ümidlərimiz sayılan güləş və cüdo federasiyalarında hesabat-seçki konfransları keçirilib, qurumlara yeni prezidentlər seçilib.
17. Son 8 ildə heç bir rəsmi matça çıxmayan basketbol üzrə Azərbaycan millisi FİBA reytinqindən çıxarılıb.
18. “Neftçi” bir mövsümdə avrokubokların hər üç turnirində çıxış edən və hamısı ilə vidalaşan ilk Azərbaycan klubu olub.
19. Azərbaycan idmanının tanınmış simaları Səmədağa Şıxlarov, Yaşar Babayev, Rza Məmmədov, Aydın İbrahimov, Sabir Əliyev, Süleyman Məmmədov, Elnur Əşrəfoğlu, Vera Lantratova vəfat edib.
20. Tokio-2020-də bürünc medal qazanan İrina Kindzerska Azərbaycan cüdo tarixinə olimpiya mükafatı qazanan ilk qadın kimi düşüb.
21. Tokio-2020-də uğursuz çıxış edən Azərbaycan yığması 25 ildən sonra Atlanta-1996-da olduğu kimi yenə qızıl medal qazanmadı.