Onu futbol tarixinin ən yaddaqalan, əfsanəvi hakimi adlandırırlar. Bacarığı və qətiyyəti ilə yanaşı, xarici görünüşü ilə də digərlərindən seçilirdi. 60 il öncə məhz bugünkü tarixdə dünyaya göz açan italyan təkcə ölkəsində yox, bütün dünyada özünü sevdirməyi bacarıb. Bəli, söhbət Pyerluici Kollinadan gedir...
1960-cı il, fevralın 13-də Bolonyada doğulub Kollina. Atası İlya dövlət qulluqçusu, anası Luçano ibtidai sinif müəlliməsi idi. Evin tək uşağı olduğundan, valideynləri üstündə çox “əsirdilər”. Anası təhsilinə xüsusi fikir verirdi. Elə bunun nəticəsi idi ki, Pyerluici dərslərini yaxşı oxuyurdu. Amma paralel olaraq idmana - daha çox futbol və basketbola da maraq göstərirdi. Uzun müddət israr etdikdən sonra atası onu kilsə komandası “Don Orion”a yazdırır. Futbolun sirlərini öyrənməyə başlayan Kollina 15 yaşında doğma şəhərinin “Pallaviçini" komandasına keçir. Burada 2 mövsüm mərkəz müdafiəçisi mövqeyində oynayır. Bir gün zədəli olan Kollinaya məşqçisi maraqlı təklif edir: komandanın ikitərəfli oyununda hakimlik et. Bu, Kollina üçün yeni təcrübə olur. Vaxt keçdikcə futbolçu kimi uğur qazanmayacağını anlayan Pyerluici özünü referilikdə sınamağa qərar verir. 1977-ci ildə hakimlik kursuna yazılan Kollina 3 il sonra regional yarışlarda ədalət təmsilçisi kimi meydana çıxır. Bu müddət ərzində təhsilinə də diqqəti azaltmır və Bolonya Universitetinin iqtisadiyyat və kommersiya fakültəsini bitirir.
24 yaşında Pyerluici xoşagəlməz halla üzləşir: alopesiya xəstəliyinə tutulan Kollinanın başında və bədənində tüklər tökülməyə başlayır. Həm özü, həm də valideynləri çaş-baş qalmışdı. Cəmi 15 günün içində Pyerluici tam keçəlləşir. “Bunun necə baş verdiyini hələ də anlamıram”, - həmin dövrü yada salır Kollina. Dostları ona utanmamaq üçün parikdən istifadə etməyi məsləhət görürlər. Ancaq Pyerluici “taxma saça nə ehtiyac var?” deyərək buna razılaşmır, kompleks yaşamadığını bildirir. “Saçlarımı itirmək mənim üçün problem deyildi. Keçəl olandan sonra özümü daha yaraşıqlı hiss edirəm. Bunun nəyi pisdir? Bərbər yanına getmirəm, şampuna qənaət edirəm. Amma yaxşı ki, alopesiya xəstəliyinə xarakterim tam formalaşdığı vaxt tutulmuşdum. Uşaq yaşlarında saçlarım tökülsəydi, yəqin ki, sarsıntı keçirərdim”, - deyir Kollina.
Saçları tökülsə də, bu hadisə bir müddət sonra həyatını müsbətə doğru dəyişəcəkdi. Qeyri-adi görünüşünə görə publika onu daha tez yadda saxlayacaq, üstəlik, reklam çəkilişlərinə dəvət alacaqdı...
1988-ci ildən C Seriyasında oyunlar idarə etməyə başlayır. Həmin vaxt Kollina marketoloq kimi də fəaliyyət göstərirdi. Bir müddət sonra onu Toskanada yerləşən bankların birində çalışmağa dəvət edirlər. Elə həmin ərəfədə - 1991-ci ildə referi kimi A Seriyasına yolu açılır. Kollina anlayırdı ki, dünyanın ən güclü çempionatlarından birində hakimlik edə-edə başqa işdə də çalışması ona mane olacaq. Bu səbəbdən çalışdığı bankla əməkdaşlığı dayandırır.
Ümumiyyətlə, 1991-ci il Kollina üçün çox uğurlu il olur. Yüksək dəstədə hakimlik etməyə başlamasından əlavə şəxsi həyatında da önəmli hadisə baş verir. Pyerluici Janna adlı qadınla ailə həyatı qurur. Onların Françeska Romana və Karolina adlı 2 qızları var.
A Seriyasının oyunlarına təyinat aldıqdan sonra televiziya ekranlarında görünən Kollina tez bir zamanda məşhurlaşır. Futbolsevərlər ona əvvəlcə “Kodjak” ləqəbini verirlər. “Kodjak” həmin dövrün məşhur serialının qəhrəmanı idi. Pyerluici görünüşcə ona çox bənzəyirdi.
A Seriyasında 43 oyun idarə etdikdən sonra - 1995-ci ildə FİFA referisi statusuna yiyələnir. Getdikcə şan-şöhrəti daha da artırdı. 1996-cı ildə keçirilən Atlanta Olimpiadasında Argentina və Nigeriya yığmalarının final oyunu ona həvalə edilir. Bu sınaqdan üzüağ çıxan Kollina 3 il sonra UEFA Çempionlar Liqasının finalına təyinat alır. “Mançester Yunayted” və “Bavariya” komandaları arasında “Nou Kamp”da keçirilən qarşılaşmada almanlar 1:0 hesabı ilə öndə idi. Bu zaman Kollina görüşün əsas vaxtına 3 dəqiqə əlavə edir. Məhz həmin müddətdə oyunun taleyi həll olunur. 91-ci dəqiqədə Şerringem, 93-cü dəqiqədə isə Sulşer qol vuraraq “qırmızı şeytanlar”a tarixi qələbə qazandırır.
Artıq azarkeşlər tərəfindən Kollinaya yeni ləqəb verilmişdi: Fantomas. Təbii ki, bu dəfə də xarici görünüşü əsas götürülmüşdü.
2002-ci ildə Kollina daha bir mötəbər oyunda ədalət təmsilçisi olmaq hüququna yiyələnir. Bu, dünya çempionatının finalı idi. Braziliya ilə qarşılaşan almanlar növbəti dəfə “Fantomas”ın idarə etdiyi həlledici görüşdən məğlub ayrılırlar. Bu matçla bağlı Kollinanın maraqlı xatirəsi var: “Son saniyələr gedirdi, kimin qələbə qazanacağı artıq bəlliydi. Mundialın son oyununun topunu özümə götürmək istəyirdim. Bunun üçün doğru zamanda final fitini çalmalıydım. Əks halda, onu qüvvətli zərbə ilə hara gəldi vuracaqdılar. Topu özündə saxlayan braziliyalı futbolçuya yaxınlaşdım və ispan dilində onu mənə verməsini xahiş etdim. İspanca bilmədiyi üçün məni anlamadı. Yaxşı ki, həmin anda alman müdafiəçi ona qarşı kobud oynadı və mən yaxınlaşaraq topu əlimə götürdüm, dərhal final fitini çaldım (gülür).
Kollina əbəs yerə dövrünün ən ədalətli hakimlərindən sayılmır. Karyerası ərzində adı heç vaxt oyun alqı-satqısında hallanmayıb. “Yuventus"un keçmiş icraçı direktoru Luçano Modji telefon danışığında Kollinanı obyektiv hakim adlandırmış, onun cəzalanmalı olduğunu demişdi. Modji bütün danışıqlarının polis tərəfindən dinlənildiyindən xəbərsiz idi.
2005-ci ildə Kollina ilə İtaliya Futbol Federasiyası arasında problem yaranır. Səbəb “Fantomas”ın “Milan”ın sponsorlarından olan “Opel” şirkəti ilə müqavilə bağlaması idi. Həmin vaxt federasiya rəhbərliyi ona “ya karyeranı bitir, ya da “Opel”lə müqaviləni ləğv et” deyə ultimatum göndərir. Hətta ikinci variantı seçməsi üçün federasiya rəhbərliyi yaş həddi ilə bağlı qaydalarda dəyişiklik etməyə də razı olur. Ancaq Kollina “Opel” rəhbərliyinə reklama çəkiləcəyinə dair söz verdiyi üçün karyerasını bitirməyi üstün tutur. Bir müddət sonra bu qərarına “Opel”lə müqavilə bağlamaq mənim səhvim idi” deyə şərh verir.
Kollina referilik karyerası ərzində 6 dəfə (1998, 1999, 2000, 2001, 2002, 2003) dünyanın ən yaxşı hakimi seçilib. Bundan əlavə, İFFHS tərəfindən futbol tarixində ilk dəfə əsrin ən yaxşı referisi elan olunub.
“Futbol mənə hörmət qazandırdı. 17 yaşımdan meydanda təkbaşına, özü də təzyiq altında qərar verməyi öyrəndim. Meydandan kənarda isə qərar verməkdə valideynlərim kömək edirdilər. Hakimlik hobbi deyil, peşədir. Mən də öz peşəmdə həmişə əlimdən gələni etmişəm. Əlbəttə, mənim də səhvlərim olub. Səhvsiz mümkün deyil. Axı mən də insanam. Ancaq axmaqlar özlərinin səhv buraxmadıqlarını düşünə bilərlər”, - deyə Kollina bildirir.
Karyerası ərzində 500-dən çox oyun idarə edən Kollina 2010-2018-ci illərdə UEFA Hakimlər Komitəsinin sədri vəzifəsində çalışıb. FİFA-da da analoji postu tutan “Fantomas” 2010-2017-ci illərdə Ukrayna Futbol Federasiyasının Hakimlər Komitəsinin kuratoru olub.
Bəs Kollinanın VAR texnologiyası ilə bağlı fikri necədir? Özündən eşidək: “VAR sistemi az müddətdir ki, icad olunub. Bu, hakim üçün sadə bir vizual arayış olmalıdır. Ən böyük problemlərdən biri etibarlılıq idi. Ancaq texnologiyanın sürəti əhəmiyyətli dərəcədə artıb. Bu gün 1 dəqiqə çəkən proses 2014-cü ildə 5 dəqiqə alırdı. Texnologiyanı inkişaf etdirmək üçün daim çalışırıq. Beş il sonra sistem indi gördüyümüzdən tamamilə fərqli ola bilər. Əlbəttə ki, heç kim gözləməyi sevmir. Dərhal 20 fərqli kamera bucağından təkrar seçməyimiz üçün süni intellektdən istifadə edən bir proqram yaratdığımız böyük bir addım olacaq. VAR-ın qolu qeyd etmək baxımından emosiyaları öldürdüyünü düşünmürəm. İndi azarkeşlərin qolu 2 dəfə qeyd etmək imkanı var - qol vurulduqda və VAR təsdiqlədikdən sonra”.
İtalyan, ingilis, ispan və fransız dillərində sərbəst danışan Kollina kofe içmir. Özünün buna münasibəti belədir: “Yəqin ki, kofe xoşlamayan yeganə italyanam”.
“Fantomas” müasir futbolun çox inkişaf etdiyi fikri ilə razıdır: “Köhnə oyunların lent yazısına baxanda hərdən elə düşünürəm ki, televizorum xarab olub. Yaxın keçmişin futbolçuları o qədər yavaş oynayırlar ki... Futbolun sürəti çox artıb. İndi hakimlik etmək daha çətindir. Gənc referilərə 3 məsləhətim var: məşqlərdə var gücünüzlə hazırlaşın, cəsarətli davranın və qərar verməyi bacarın. Heç kim məni rüşvətlə “almaq” üçün cəhd etməyib. Siz də bu cür olmalısınız”.