Avropa çempionatında ən azı 4 medal
26 avqust 2011 11:46 (UTC +04:00)

Avropa çempionatında ən azı 4 medal

Lent.az-ın məlumatına görə, Azərbaycanın bu mərhələdə mübarizə aparan 6 boksçusundan 4-ü qələbə qazanaraq, ən azı bürünc medalı təmin edib.

Boksçularımızdan əvvəlcə Rauf Rəhimov (75 kq) rinqə çıxıb. Son qitə birinciliyinin gümüş mükafatçısı İtaliya təmsilçisi Cüzeppe Rannonu 15:11 hesabı ilə məğlub edib.

Superağır (+91 kq) çəki dərəcəsində yarışan Heydər Heydərov da yarımfinala vəsiqə qazanıb. Həmyerlimiz belaruslu Nikolay Ramanenkodan üstün olub - 23:6.

Coşğun Əliyev də (64 kq) ən azı qitə birinciliyinin bürünc medalını boynundan asacaq. Milli komandamızın üzvü 1/4 finalda Bolqarıstan idmançısı Nikolay Koev üzərində 8:4 hesabı ilə qələbə qazanıb.

60 kq çəki dərəcəsindəki təmsilçimiz Pərviz Bağırov 1/4 finalda yerli boksçu Maykl Makdonahla üz-üzə gəlib. Yerli publikanın dəstəyi də boksçumuzun qələbəsinə mane olmayıb – 9:6.

Lakin yığmamızın digər üzvü Tural Əhmədovun (52 kq) irlandiyalı Coe Fitzpatriklə döyüşündə hakimlər yerli idmançının qələbə qazanması üçün əllərindən gələni ediblər. Əhmədov rinqdə daha yaxşı təsir bağışlasa da, qələbə rəqibə verilib – 14:15.

Fəqan Hüseynov isə (69 kq) türkiyəli İhsan Ərdoğana 7:11 hesabı ilə məğlub olub.

Yarımfinal görüşləri avqustun 26-da keçiriləcək.
# 380

Oxşar yazılar