“Qarabağ” çempion olsa...- ARAŞDIRMA
08 avqust 2011 14:13 (UTC +04:00)

“Qarabağ” çempion olsa...- ARAŞDIRMA

Bu mövsüm klublarımızın Avropa kuboklarında mübarizəni daha erkən dayandırmalarında püşk nəticəsində güclü rəqiblərlə düşmələri az rol oynamadı. AZAL, “Xəzər Lənkəran” və “Neftçi” ilkin püşkatma zamanı zəiflərin olduğu səpələnməmişlər qrupunda yer aldı. Bu isə onların bəxtinə “Minsk” (Belarus) kimi ortabab, “Makkabi” (Təl-Əviv), “Dinamo” (Zaqreb, Xorvatiya) kimi güclü rəqiblərin düşməsinə səbəb oldu. Həmin vaxt “Qarabağ” səpələnmişlər qrupunda olduğundan, I təsnifat mərhələsində “Banqa” (Litva), II təsnifat mərhələsində isə “Streymur” (Farer adaları) kimi zəif rəqiblərlə qarşılaşaraq onları çətinlik çəkmədən üstələdi. Lakin III təsnifat mərhələsinin püşkü zamanı səpələnməmişlər qrupuna düşən “Qarabağ” “Brügge” (Belçika) kimi ad-sanlı komanda ilə üz-üzə gəldi. Nəticədə “Brügge” ilk görüşdəki böyük hesablı qələbə sayəsində “pley-off”a çıxdı.


Avroliqanın qrupuna necə düşməli?

Amma futbolsevərlər və şəxsən AFFA prezidenti Rövnəq Abdullayev klublarımızdan birinin nəhayət, Avropa kuboklarında qrup mərhələsinə düşməsini arzulayır. Buna nail olmaq üçün komandalarımızın güclənməsi ilə yanaşı, püşk amili də az rol oynamır. İstənilən halda məlumdur ki, Çempionlar Liqasının III, Avropa Liqasının “pley-off” mərhələsində zəif rəqib olmur. Olsa belə, onunla düşmək üçün səpələnmişlər sırasında yer almalısan. Hazırda yalnız “Qarabağ”ın belə bir imkanı var. Avrokuboklara vəsiqə qazansa, çox güman ki, 2012-2013-cü il mövsümündə püşkatma zamanı bu klubumuz səpələnmişlər sırasında yer alacaq. “Bakı”nın da belə imkanı ola bilər. Lakin paytaxt klubunun III təsnifat mərhələsində də səpələnmişlər sırasına düşəcəyi inandırıcı deyil. “Qarabağ” isə son 3 mövsümdə topladığı reytinq xallarına əsasən, çox güman ki, Çempionlar Liqasının II və hətta III təsnifat mərhələlərində səpələnmişlər qrupunda olacaq. “Qarabağ” çempion olarsa, Çempionlar Liqasında II və III təsnifat mərhələlərini də keçə bilər. Çünki Ağdam komandası səpələnmişlər sırasında olacağından, nisbətən zəif rəqiblərlə qarşılaşacaq. Çempionlar Liqasının III təsnifat mərhələsini də geridə qoymaq isə ən azı Avropa Liqasının qrup mərhələsi vəsiqə deməkdir.


Təki “Qarabağ” çempion olsun

Bütün bunlar həlli daha real görünən məsələlərdir. Təki “Qarabağ” çempion olsun. Amma son 3 mövsümdə Ağdam komandası cəmi bir titul əldə edib ki, bu da 2008-2009-cu il mövsümündə qazanılan ölkə kuboku olub. Ümumiyyətlə, “Qarabağ” cəmi bir dəfə - 1993-cü ildə çempion olmağı bacarıb. 1997-ci ildə AFFA-nın o vaxtkı rəhbərliyinin aşağı yaş qruplarının nəticələri də nəzərə alınmaqla müəyyənləşdirdiyi çempionluğu nə UEFA, nə indiki AFFA, nə də Peşəkar Futbol Liqası (PFL) tanıyır.


“Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl Lent.az-a açıqlamasında artıq 2011-2012-ci il mövsümündə yeganə hədəflərinin çempionluq olduğunu söyləyib: “Avropa Liqasında son 3 mövsümdən ilk 2-də “pley-off” mərhələsinədək irəlilədik, axırıncısında isə III təsnifat mərhələsində mübarizəni dayandırdıq. Əvvəllər çempionluqla yanaşı, Avroliqaya vəsiqə verən yerlərdən birini tutmağı hədəf kimi müəyyənləşdirmişdiksə, indi yeganə məqsədimiz var: çempionluq! Biz də anlayırıq ki, bu yolla Çempionlar Liqasının II təsnifat mərhələsindən mübarizəyə başlaya və Avroliqanın qrup mərhələsinə cəmi 2 rəqibi keçməklə, düşə bilərik. Artıq “Qarabağ” Avropa kuboklarında böyük təcrübə toplayıb. Bu təcrübə bizə qruplara qalmaqda yardımçı ola bilər”.


Lakin son zamanlar “Qarabağ” rəhbərliyi xəsislikdə günahlandırılır. Bunu da klub rəsmilərinin heyəti gücləndirmək üçün yeni transferlərə, Avroliqanın oyunları üçün səfərlərə çarter reysi ilə getməyə və hətta səfər oyunlarının teleyayımının təşkilinə pul ayırmamaları ilə əsaslandırırlar. Çəlikəl bu ittihamlara belə reaksiya verib: “Biz nə etmək istədiyimizi yaxşı bilirik. Baş sponsorumuz “Azersun” daim “Qarabağ”ın ehtiyaclarını ödəmək üçün lazımi miqdarda vəsait ayırıb. Sadəcə, klubumuzun strategiyası var: yerli gənc və perspektivli futbolçular və öz yetirmələrimiz hesabına uğur qazanmaq. Bunu son 3 mövsümdə Avroliqadakı çıxışımız da göstərir. Pulu çox xərcləməklə, ölkə çempionluğu və ya kuboku qazanıb ilk rəqiblə oyunlarda uduzaraq Avropa kuboklarında mübarizəni dayandırmaq istəmirik. Transferləri də məhz bu strategiyamıza uyğun həyata keçiririk. Baxın, yayda heyətimizə qatdığımız hücumçu Bəxtiyar Soltanov Avroliqadakı oyunlarımızda 2 qol vurdu. Fikrimcə, bu heyət də çempionluq üçün yetərlidir. Qaldı ki Belçika “Brügge”si də Bakıya çarter reysi ilə gəlmişdi, amma “Qarabağ”a uduzdu”.


Artıq indidən AFFA və PFL rəhbərliyinin “Qarabağ”ı çempion etmək üçün hərəkətə başladıqlarına dair xəbərlər yayılıb. Hətta klublarımızın da bu plandan məlumatlı olduqları halda etiraz etməyəcəkləri bildirilir. Qeyd olunur ki, “Neftçi”, “Xəzər Lənkəran”, “İnter” və digər iddialı klublarımızın güclənməkdə elə də maraqlı olmamaları artıq çempionun kim olacağını bildiklərindən irəli gəlir. Lakin “Qarabağ” rəsmisi bu cür söz-söhbətlərin sponsorları futbola sərmayə qoymaqdan çəkindirdiyini söyləyib. Çəlikəl AFFA və PFL rəhbərliyinin Ağdam komandasını çempion etmək üçün hərəkətə keçməsinə dair xəbərlərə inanmadığını vurğulayıb: “Biz çempionluğu kənar qüvvələrin köməyi ilə yox, öz gücümüz hesabına qazanmaq istəyirik. Kollektivimiz daxilində gözəl ab-hava var. Futbolçularımız oyun zamanı bir-birini gözəl anlayır. Rəqiblərimizi Ağdamda – bizə daha doğma olan azarkeşlərimiz qarşısında qəbul edəcəyik. İnşallah, yeganə hədəfimiz olan çempionluğa öz gücümüz hesabına çatacağıq”.


PFL və AFFA prezidentləri nə deyir?

PFL-in prezidenti Ramin Musayev isə belə söz-söhbətlərə və “Qarabağ”ın çempionluq şanslarına hər hansı şərh verməkdən imtina edib. O Lent.az-a bildirib ki, hansı komandanın çempion olacağını zaman göstərəcək. Musayev iddialı komandalarımızın zəifləməsi fikri ilə də razılaşmayıb: “Mən bu mövsüm zəif komanda görmürəm. Ötən mövsüm Avropa kuboklarına vəsiqə qazana bilməsə də, “Bakı” və “Qəbələ” xeyli güclənib. “Qarabağ” və “Neftçi”nin güclü heyəti var, “İnter” də heyətini gücləndirib. “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirovla danışmışam, onlar da yeni futbolçular cəlb edəcəklər. “Turan” və debütant “Rəvan” ilk “6-lığ”a iddia edir. Bir sözlə, XX – yubiley çempionatının daha böyük rəqabət şəraitində keçəcəyini düşünürəm”.

AFFA-nın prezidenti Rövnəq Abdullayev isə “Qarabağ”ın Avropa Liqasının III təsnifat mərhələsində mübarizəni dayandırdıqdan sonra Azərbaycan komandalarından birinin qitə miqyaslı turnirlərdə qrup mərhələsində oynaya bilməməsindən təəssüfünü gizlətməyib: “Çox istəyirdim ki, komandalarımızdan biri qrupda oynasın. Təəssüf ki, bu baş vermədi”.


Abdullayev Unibank Premyer Liqasının səviyyəsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan çempionatında yaxşı və təmiz oyunlar gedir: “Premyer Liqanın səviyyəsi yüksəkdir və çalışıb daha da yüksəltmək lazımdır”.

Qeyd edək ki, indiyədək postsovet məkanı təmsilçilərindən Rusiya və Ukrayna komandalarından əlavə, Belarusun BATE-si ilə Moldovanın “Şerif”i də qitəmiqyaslı turnirlərdə qrup mərhələsində oynayıb. Hazırda Gürcüstanın “Zestafoni” və “Dinamo” (Tiflis) klubları buna yaxındır.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 582

Oxşar yazılar