Avropa Liqası: Ümid “Qarabağ” və “Xəzər Lənkəran”adır
21 iyul 2011 19:00 (UTC +04:00)

Avropa Liqası: Ümid “Qarabağ” və “Xəzər Lənkəran”adır

Lent.az-ın məlumatına görə, Ağdam və Lənkəran təmsilçiləri Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə müvafiq olaraq Farer adalarının “Streymur” və İsrailin “Makkabi” komandalarını sınağa çəkəcəklər.

Bir həftə öncə klublarımız səfərdə keçirdikləri ilk oyundan qalib ayrıla bilməyiblər. “Qarabağ” son dəqiqələrdə qapısından qol buraxaraq 1:1 hesablı heç-heçə ilə kifayətlənib. “Xəzər Lənkəran” isə böyük hesablı məğlubiyyətdən qurtulmağı bacarıb – 1:3. Nəzəri cəhətdən hər iki komandamızın Avroliqanın III təsnifat mərhələsinə yüksəlmə şansları var.

Xüsusən, “Qarabağ” bu vəzifənin öhdəsindən gəlməyə çox yaxındır. Baş məşqçi Qurban Qurbanovun komandasına qolsuz heç-heçə də kifayət edir. Növbəti mərhələyə yüksələcəyi təqdirdə, Ağdam təmsilçisi Belçika “Brügge”sinə rəqib olacaq. Lakin Qurbanov hazırda “Streymur”u düşündüklərini bildirib. O, Farer adalarının komandası ilə görüşə çox ciddi hazırlaşdıqlarını söyləyib: “Rəqibimiz güclüdür və bilirik ki, bizi çətin oyun gözləyir. Hər kəs bizim qrup mərhələsinə düşəcəyimizi gözləyir. Lakin bu, elə də asan deyil. Çünki rəqiblərimiz güclüdür. Sabah da uduzmağı sevməyən bir komandaya qarşı oynayacağıq. Onlar da sona qədər mübarizə aparırlar. Rəqibin yaxşı heyəti və təhlükəli oyunçuları var”.

Cavab görüşü 1:1 hesabı ilə nəticələnsə və əlavə vaxtda qol vurulmasa, qalib penaltilər seriyasında müəyyənləşəcək. Lakin gənc mütəxəssis oyunun taleyini əsas vaxtda həll etmək fikrində olduqlarını deyib. Onun fikrincə, matçı penaltilərə daşımaq “Qarabağ” üçün ağır nəticələnə bilər: “Penaltilər seriyası haqda düşünmək belə istəmirik. Futbolçuları da bu yöndə hazırlamışam. Çünki bu, oyunçulara psixoloji təsir göstərə bilər. Ona görə də, penaltilər üzərində məşq etməyə lüzum görmədim”.

“Streymur”un baş məşqçisi Hedin Aksam isə növbəti mərhələ şanslarının davam etdiyini söyləyib. O, Bakıya itki ilə gəlmələrindən gileylənib. Belə ki, “Streymur”un kapitan və əsas müdafiəçisi cavab görüşünü buraxmalı olacaqlar. Lakin Aksam qələbə naminə kollektiv oyun sərgiləməli olduqlarını vurğulayıb. Baş məşqçi “Qarabağ”ın Azərbaycan millisindən güclü olduğunu da iddia edib: “Həqiqətən də “Qarabağ” Azərbaycan millisindən daha güclüdür. “Qarabağ” bunu bizimlə ilk oyunda da sübut etdi”.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Streymur” matçı saat 21:00-da başlanacaq. Makedoniyalı baş hakim Qoran Spirkoskinin idarə edəcəyi qarşılaşma AzTV vasitəsilə canlı yayımlanacaq.

“Xəzər Lənkəran”a gəldikdə, baş məşqçi Mirça Rednikin komandasına 2:0 hesablı qələbə də yetərlidir. Rednik “böyük döyüş” adlandırdığı matça hazır olduqlarını açıqlayıb. Rumıniyalı mütəxəssis artıq rəqibi daha yaxşı tanıdığını söyləyib. Onun fikrincə, komandasının növbəti mərhələ şansı realdır: “İndi “Makkabi”ni daha yaxşı tanıyıram və bilirəm ki, onlar nəyə qadirdilər. İnanıram ki, doğma azarkeşlər önündə daha yaxşı oynayıb, hədəfimizə çata bilərik. Real danışsaq, “Makkabi” güclü rəqibdir. Amma keçilməz deyil”.

İlk görüşdəki səhvlərindən nəticə çıxardıqlarını söyləyən rumıniyalı mütəxəssis cavab oyununda ilk dəqiqələrdən hücuma atılacaqlarını bildirib: “İlk oyunun birinci hissəsindən sonra harada səhvlər etdiyimi və ikinci hissədə rəqibə qarşı necə oynamaq lazım olduğunu başa düşdüm. Heyətlə bağlı iki dəyişiklik etmişəm. Bizə qol lazımdır. Ona görə də rəqibin səhvlərindən yararlanaraq, qollar vurmalıyıq”.

“Makkabi”nin baş məşqçisi Motti İvanir isə növbəti mərhələyə adlamaq üçün yaxşı şanslarının olduğunu söyləyib. Bu səbəbdən, İvanir bildirib ki, ilk oyunda əldə etdikləri üstünlüyü qorumağa çalışacaqlar: “İnanıram ki, evə sərfəli nəticə ilə dönəcəyik. “Xəzər Lənkəran" yaxşı komandadır. Lakin biz də zəif deyilik. “Makkabi” heç bir rəqibdən çəkinmir. Bu komandada təhlükəli futbolçular olsa da, onların adlarını çəkməyəcəyəm. Biz rəqibi yaxşı təhlil etmişik və oyuna hazırıq”.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Makkabi” oyunu saat 20:30-da başlanılacaq. Lənkəran şəhər mərkəzi stadionunda baş tutacaq görüşü Andrey Şandor (Ukrayna) idarə edəcək. Qarşılaşma “İdman Azərbaycan” telekanalı vasitəsilə canlı yayımlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 452

Oxşar yazılar