Ronaldudan 10 dəqiqəyə het-trik
21 iyul 2011 16:50 (UTC +04:00)

Ronaldudan 10 dəqiqəyə het-trik

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu 10 dəqiqə ərzində 3 qol vurub. Lent.az-ın məlumatına görə, bu, iyulun 21-ə keçən gecə Meksika “Çivas”ı ilə yoldaşlıq görüşündə baş verib.

ABŞ-ın San-Dieqo şəhərində keçirilən oyun 3:0 hesabı ilə nəticələnib. Ronaldu 73, 76 və 82-ci dəqiqələrdə fərqlənib. Portuqaliyalı hücumçunun hələ ilk yarıda fərqlənmək üçün bir neçə imkanı olub. Lakin “Çivas”ın qapıçısı Luis Miçel Ronaldunun 3 təhlükəli zərbəsini dəf edib.

Oyundan sonra “kral klubu”nun baş məşqçisi Joze Mourinyo hələlik komandasının ən yaxşı oyununu sərgiləmədiyini bildirib. Portuqaliyalı mütəxəssisin sözlərinə görə, “Real Madrid”in hazırlıq prosesinə bir neçə futbolçusunun iştirak etdiyi Amerika Kuboku və zədələr mane olur.

Qeyd edək ki, daha öncə Şimali Amerika türnesində “Real Madrid” ABŞ-ın “Los-Anceles Qalaksi” klubuna qalib gəlib – 4:1. İyulun 24-də İspaniya təmsilçisi “Filadelfiya Yunion”la da görüşdükdən sonra Avropaya qayıdacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498

Oxşar yazılar