London olimpiadasına 46 lisenziya az deyil? - ARAŞDIRMA
13 iyun 2011 17:57 (UTC +04:00)

London olimpiadasına 46 lisenziya az deyil? - ARAŞDIRMA

İlk lisenziyanı taekvondoçular qazana bilər

2011-ci ildən olimpiadaya lisenziyalar qazanılmağa başlanılacaq. Artıq idmançılarımız cüdo, ağırlıqqaldırma, atçılıq, atıcılıq, atletika, üzgüçülük və digər növlərdə lisenziya yarışlarında mübarizə aparırlar. Amma bu növlərdə vəsiqələr xal sistemi və ümumi hesabda reytinq siyahısı ilə veriləcəyindən, onların sahiblərinin kimliyinə bir qədər gec aydınlıq gələcək. Əvəzində iyunun 30-dan etibarən ölkəmiz ilk lisenziyaya elə Bakıda sahib çıxa bilər. Həmin gün “Sərhədçi” İdman Olimpiya Kompleksində taekvondo üzrə kişi və qadınlar arasında dünya təsnifat turniri start götürəcək. Yarışda Azərbaycanı 2 kişi – Elvin Məmmədov (68 kq) və Ramin Əzizov (80 kq), 2 qadın - Günay Ağakişiyeva (57 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcək. Hər çəkidə ilk 3 yeri tutan taekvondoçular olimpiadaya lisenziya qazanacaqlar. Olimpiadaya lisenziya üçün daha bir şans 2012-ci ildə keçiriləcək Avropa təsnifat turnirində veriləcək. Həmin turnirdə də hər çəkidə ilk “3-lüy”ə düşmək lazımdır.

17 – 21 avqustda Macarıstanın Seqed şəhərində kayak və kanoe üzrə dünya çempionatı keçiriləcək. Həmin yarışda ən azı 3 kanoeçimiz – Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko duetinin lisenziya qazanma şansları var. Bunun üçün Demyanenko 200 metr, Bezuqlıy – Prokopenko dueti isə 1000 metr məsafəyə yürüşlərdə ilk “7-liy”ə düşməyi bacarmalıdırlar. Onlar istəklərini reallaşdıra bilsələr, Azərbaycan olimpiadalar tarixində ilk dəfə yeni idman növü ilə təmsil olunacaq. Dünya çempionatında buna nail ola bilməyəcəkləri halda, 2012-ci ildə keçiriləcək Avropa çempionatında ilk 2 yerdən birini tutmaq lazım gələcək.

28 avqust – 4 sentyabrda isə Sloveniyanın Bled şəhərində akademik avarçəkmə üzrə dünya çempionatı təşkil ediləcək. Həmin yarışda isə 3 avarçəkənimiz - Aleksandr Aleksandrov, Cavid Əfəndiyev və Natalya Mustafayevadan lisenziya gözlənilir. Kişilər ilk “11-liy”ə, qadınlar isə ilk “9-luğ”a düşməlidirlər. Əks halda, son imkan 2012-ci ildə İsveçrənin Lütsern şəhərində baş tutacaq təsnifat reqatasında veriləcək.

Ölkəmizin daha çox lisenziya əldə etmək imkanı 12 – 18 sentyabrda Türkiyənin İstanbul şəhərində keçiriləcək dünya çempionatında olacaq. Həmin yarışda sərbəst, yunan-Roma və qadın güləşi üzrə bir ölkənin ümumilikdə 18 vəsiqə qazanmaq imkanı var. Güləşçilərimiz bu lisenziyaların böyük hissəsinə məhz dünya çempionatında sahib çıxa bilərlər. Bunun üçün hər çəkidə ilk “6-lığ”a düşmək yetərlidir. Daha 3 imkan 2012-ci ilə təsadüf edəcək. Bunlar Avropa çempionatı və seçmə turnirlər olacaq.

18 – 25 sentyabrda Fransanın Monpelye şəhərində bədii gimnastika üzrə dünya çempionatı təşkil olunacaq. Həmin yarışda da Azərbaycan gimnastlarının imkanları yüksək qiymətləndirilir. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına fərdi yarışlarda 2, komanda şəklində isə 5 əsas, 1 ehtiyat idmançımız lisenziya qazanmışdı. Bu dəfə də eyni nəticəni göstərmək mümkündür. Dünya çempionatında lisenziya qazana bilməyənlər güclərini 2012-ci ildə keçiriləcək seçmə turnirdə də sınaya bilərlər. Həmin turnirdə ilk “4-lüy”ə düşmək lazımdır.

Sentyabrın 22-də isə Bakıda boks üzrə kişilər arasında dünya çempionatı start götürəcək. Oktyabrın 10-dək davam edəcək yarışda 10 çəki dərəcəsi üzrə lisenziya sahibləri müəyyənləşəcək. Azərbaycan Boks Federasiyasının rəhbərliyi bütün çəkilərdə lisenziya qazanmağı hədəfləsə də, buna ilk cəhddəcə nail olunacağı inandırıcı görünmür. Çünki yüngül və orta ağır çəkilərdə ilk “10-luğ”a, ağır çəkilərdə isə ilk “6-lığ”a düşmək lazımdır. Dünya çempionatında olimpiya vəsiqəsi əldə edə bilməyənlər 2012-ci ilin mart-aprel aylarında keçiriləcək Avropa təsnifat turnirlərinə bel bağlaya bilərlər.

Ölkəmiz ilk dəfə komanda növlərində də olimpiadada təmsil oluna bilər. Bunlar qadınlar arasında voleybol və otüstü hokkey yarışlarıdır. Voleybolçuların ilk sınağı 4 – 18 noyabrda Yaponiyada keçiriləcək Dünya Kuboku olacaq. Həmin yarışda ilk “3-lüy”ə düşən ölkələr olimpiadaya vəsiqə qazanacaqlar. Qalan 8 lisenziyanın taleyinə 2012-ci ildə keçiriləcək Avropa və dünya seçmə turnirlərində aydınlıq gələcək.

Otüstü hokkeyçilər isə qitəmiqyaslı və təsnifat turnirlərində 11 lisenziya uğrunda mübarizə aparmalıdırlar.

Reytinq xalları ilə qazanılacaq lisenziyalar

Cüdo, ağırlıqqaldırma, atçılıq, atıcılıq, atletika, üzgüçülük, velosiped idmanı növlərində də idmançılarımızın lisenziya qazanmaq imkanları var. Bunun üçün müxtəlif mərhələ yarışlarını keçmək lazımdır. Lisenziya qazanılması planlaşdırılan idman növlərinin bir çoxunda legionerlərin xidmətindən istifadə olunacaq. Bunlara misal olaraq, güləş, avarçəkmə, boks, ağırlıqqaldırma, atçılıq, atletika, üzgüçülük və velosiped idmanını göstərmək olar.

Ümumiyyətlə, 2012-ci il London Yay Olimpiya Oyunlarında 35 idman növü üzrə təqribən 12500 idmançı çıxış edəcək. Ölkəmiz 2008-ci il Pekin olimpiadasında 11 növdə (atletika (2), boks (2), atçılıq (1), bədii gimnastika (8), ağırlıqqaldırma (5), cüdo (6), güləş (16), üzgüçülük (2), taekvondo (1), atıcılıq (1) 44 idmançı ilə təmsil olunub. Londona isə 16 növdə - atletika, akademik avarçəkmə, boks, kayak və kanoe, veloidman-trek, atçılıq idmanı, qılıncoynatma, bədii gimnastika, ağırlıqqaldırma, otüstü hokkey, cüdo, güləş, üzgüçülük, taekvondo, atıcılıq, voleybol lisenziya qazanıla bilər.

Cəmi 46 lisenziya?

Lisenziyaların sayına gəldikdə, bu yaxınlarda Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Mirkamil Rəhimov bu məsələyə belə aydınlıq gətirib: “Ölkəmiz London olimpiadasına 46 lisenziya əldə etməyi planlaşdırıb”.

Onun sözlərinə görə, 20-dən çox lisenziya döyüş növlərinin təmsilçilərindən gözlənilir: “Hazırda bir neçə cüdoçumuzun müəyyən qədər xal toplaması onların Londona lisenziya qazanacağını böyük ölçüdə deməyə əsas verir. Həmin cüdoçular Elxan Məmmədov, Elnur Məmmədli, Kifayət Qasımova, İlqar Müşkiyev və Tərlan Kərimovdur. Fikrimcə, sərbəst və yunan-Roma güləşində də yüz faizlik nəticə göstərəcəyik. Hər iki növdən birlikdə 14 lisenziya qazanacağıq. Qadın güləşində isə 4 lisenziyaya ümid edirik”.

M. Rəhimov deyib ki, boksçular və taekvondoçularımızın da London olimpiadasına getmək üçün yaxşı şansları var: “Bu il Bakıda keçiriləcək boks üzrə dünya çempionatının nəticələrinə əsasən, 1 - 6-cı yerləri tutan idmançılar olimpiya lisenziyası qazanacaqlar. Bundan başqa, 30 iyun – 3 iyulda paytaxtımızda taekvondo üzrə beynəlxalq turnir keçiriləcək. Turnirdə 4 lisenziyanın taleyinə aydınlıq gələcək”.

O, kanoe növündən minimum 2 olimpiya lisenziyası gözlənildiyini də gizlətməyib. M.Rəhimov bildirib ki, ölkəmiz bədii gimnastlarımızın yeddi lisenziya qazanmasına da ümid bəsləyir. Bunlardan ikisi şəxsi, beşi isə komanda yarışlarından gözlənilir. M. Rəhimovun sözlərinə görə, Azərbaycan yüngül atletika komandasının 5 olimpiya lisenziyası qazanacağını planlaşdırır: “Bunlardan üçü 3000 metr məsafəyə maneələrlə və 1500 metr məsafəyə qaçışlarda olmalıdır”. Açıq suda 10 min metr məsafəyə üzgüçülük yarışında ölkəmizi olimpiadada ABŞ-da hazırlıq kursu keçən Natalya Fesenko təmsil edə bilər. Daha iki üzgüçümüzün də Londona getmək şansları var. Komanda idman növlərinə gəlincə, nazirliyin şöbə müdiri bildirib ki, qadınlardan ibarət otüstü hokkey və voleybol komandalarımız London olimpiadasında qatıla bilər. “Azərbaycan Pekin Olimpiadasına 44 lisenziya qazanmışdı. Buna qədər isə lisenziyaların sayı müvafiq olaraq, 38, 31 və 23 olub. Yəni lisenziya qazanmaq prosesi yüksələn xətt üzrə davam edir. Qənaətimcə, bu dəfə idmançılarımız müxtəlif idman növlərində ən azı 46 lisenziya əldə edəcəklər” – deyə, M. Rəhimov qeyd edib.

Fikrimizcə, 46 lisenziya minimum rəqəmdir və ölkəmiz bu qədər vəsiqə əldə etsə, aşağı göstərici sayılmalıdır. Çünki yeni idman növlərində lisenziyaların qazanılacağı, əvvəlki olimpiadalara az sayda vəsiqənin əldə olunduğu növlərdə kəmiyyət artımı gözlənilir. Bu, həm də o deməkdir ki, komanda növlərində vəsiqə əldə etmək yenə mümkün olmayacaq. Hər halda, Gənclər və İdman Nazirliyi rəsmiləri “Olimpiadada əsas məsələ iştirakdır” deyiminə əsaslanaraq, lisenziya sayının önəm daşımadığını iddia edə də bilərlər. Lakin nəinki lisenziya, hətta medalların sayı da önəmli amildir. Bunun üçün isə 2012-ci ilin 27 iyul – 12 avqustunda baş tutacaq London olimpiadasını gözləmək lazımdır.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 838

Oxşar yazılar