Azərbaycanlı “hörümçək adam”lar - REPORTAJ
18 may 2011 18:44 (UTC +04:00)

Azərbaycanlı “hörümçək adam”lar - REPORTAJ

Həmin gün adi günlərdən biri idi. Mayın 15-i Bakının digər yerlərində olduğu kimi, Nəsimi rayonu Salatın Əsgərova küçəsi 101-də də oxşar hava hökm sürürdü. Nə soyuq, nə də isti olan yaz havası ora toplaşanların qış ayları boyunca uyuyan bədənləri ilə birgə elə bil ruhlarını da oyatmışdı. Bu, onlar arasında daha çox idmançılarda hiss olunurdu.

Mən də digər həmkarlarım kimi Azərbaycanın Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən bura dəvət olunmuşdum. Bildirmişdilər ki, bu gün Azərbaycanda ilk dəfə olaraq süni relyefdə qayayadırmanma üzrə respublika çempionatı keçiriləcək. Yarış qapalı yerdə keçirilirdi.

Ümumiyyətlə etiraf edim ki, ekstremal idman növləri barədə mən Azərbaycanda son bir neçə ildə eşidirəm. İlk dəfə bu ilin yanvar ayında Qusarda Ləzə dağlarında keçirilən buzadırmanma üzrə çempionatda şahidi oldum. O vaxta qədər bu idman haqqında eşidəndə bunu gənclər arası bir oyun zənn edirdim, amma yarış boyu peşəkarların gərgin mübarizəsinin şahidi olduqda hər şey dəyişdi. Əlbəttə, ola bilər ki, bu, mənim kifayət qədər idmanın əksər sahələri ilə maraqlanmamağımdan irəli gəlsin. Hər halda bu vaxta qədər haqqında bilmədiyim bir hadisənin birdən içinə düşməyim məndə kifayət qədər maraq oyadırdı.

Qapalı və geniş məkanda düzəldilən xüsusi hündür qayalıqlarda idmançılar qartal kimi hərəkət edirdilər. Xüsusilə burada qızların manevrlərini sözlə ifadə etmək çətindir - belə şeyləri mən ancaq “Hörümçək adam” filmində görmüşəm.

Bu gün də həmin ekstremal idman növlərindən biri üzrə yarış idi, özü də qeyd etdiyim kimi, süni relyefdə - qayalıqda olduğu üçün ölkəmizdə ilk dəfə idi keçirilirdi. Özü də yarışda tək Azərbaycan deyil, qonşu Gürcüstandan gələn klubun uşaqları da birincilik uğrunda mübarizəyə qoşulmuşdular.

Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan yarışa toplaşan, əksəriyyəti gənc olan idmançıların demək olar ki, hamısı həyəcanlı idi. Məlum oldu ki, bunların arasında Bakıdan başqa Qusar rayonundan gələnlər də var. Hətta aralarında qızlar da vardı. Hansı ki, onlarda qayayadırmanma üzrə böyük həvəs var.

Bu həvəs Qusardan gələn 19 yaşlı Günay İsrafilovada daha aydın formada hiss olunurdu. Onunla ilk söhbətimdə əmin oldum ki, yaxın 10 ildə Azərbaycanın bayrağını dünyada növbəti dəfə məşhur edəcək idmançılardan biri artıq yetişir. Günayın söylədiklərindən və hazırlığından hiss olunurdu ki, yarışa ciddi maraqla gəlib. O, deyir ki, qayayadırmanma ilə artıq 4-5 ildir məşğuldur. Ümumiyyətlə, onun nəinki bu ekstremal idman növünə marağı, onun bu haqda filosoflar kimi söhbəti də çox maraqlı idi: “Bilirsiniz, bizdə Qusarda Hil, Ləzə, Qubada Afurca və başqa kəndlər var ki, mən əksər vaxtlar oradakı dağlıq yerlərdə seçdiyim qayalarda məşq edirəm. Ailəmizdə ilk vaxtlar hamı mənim bu həvəsimə qarşı çıxırdı. Amma görəndə ki, mən bu idmanla ciddi maraqlanıram və məşqlərdə də pis nəticələr göstərmirəm, yavaş–yavaş mane olmamağa başladılar”.

Günay deyir ki, bir neçə dəfə yarışlarda yüksək nəticə də göstərib: “Məni çox narahat edirdi ki, məsələn, Rusiyadan gələn qızlar niyə qayadırmanmada ilk yerləri tutur, bizdə isə heç axırıncı yerlər də alınmır. Bunu mən ətrafımdakılara da dedim və ciddi məşqlərə başladım. Nəticələri də pis olmadı. Bura da o məqsədlə gəlmişəm. İnanıram ki, qələbə mənimlə olacaq. Çünki mənim həyatda yeganə arzum bacardıqca ən yüksək nöqtəyə dırmaşmaqdır”.

Həmsöhbətim sözünü bitirən kimi, idman çantasını götürüb böyük həvəslə komanda üzvlərinin yanına tələsdi.

Tezliklə yarış başladı. Gürcü idmançılar ilk andan fərqlənməyə başladılar. Hiss olunurdu ki, lazımi qədər peşəkardırlar. Gürcülərdən fərqli olaraq Azərbaycandan bir neçə komanda yarışa qatılmışdı.

Bəzi digər idman növlərində yeni-yeni komandalar yaranmasına və onların hələ də heç bir nailiyyət əldə edə bilməmələrinə baxmayaraq, ekstremal idmanda yaranan klublar qısa müddətdə özlərini doğruldurlar. Buna indiyə qədər bu sahədə keçən yarışlarda dəfələrlə rast gəlmişəm.

O klublardan əksəriyyəti bu gün burada idi. Bunlar “A+A”, “Ekosport”, “Climb-club”, “AMEAST”, “AzDBTİA”, “Salavat” və “Zirvə” klublarıdır. Gürcülərlə birlikdə ümumilikdə 70 nəfərin qatıldığı yarış kənardan baxanda ölüm-qalım mübarizəsinə oxşayırdı.

Birincilik uğrunda mübarizənin getdikcə gücləndiyi çempionat bir neçə mərhələdə kişilər və qadınlar arasında keçirilirdi. Yarışda əvvəlcə təsnifat mərhələsi, daha sonra 1/8, 1/4, 1/2 və final mərhələlərində birinci yer uğrunda mübarizə aparıldı.

Hətta distansiyanın təşkili üçün Hava və Ekstremal İdman Növləri Federasiyası tərəfindən Gürcüstandan mütəxəssislər də dəvət olunmuşdu. Təsnifat mərhələsindən keçən 20 idmançının birinci yer uğrunda mübarizəsində gürcü idmançıları yaxşı nəticələr göstərdilər - onlar kişilər arasında yarımfinalda birinci üç yeri bölüşdülər. Kişilər arasında hər üç yeri Gürcüstandan olan idmançılar tutdu. Birinci yer Dabrundaşvili Quram, ikinci yer Mikaladze Erekle, üçüncü yeri isə Xutşişvili Quram tutdular.

Gürcü qadınlar da onlardan geri qalmadı. Tarixi peşəkarlıq burada da özünü göstərdi. Qadınlar arasında keçirilən yarışda da birinci 2 yeri Gürcüstan idmançıları, 3-cü yeri isə yerli idmançı tutdu. İlk yeri uzun illərdi bu idmanla məşğul olan Xutşişvili Nutsa sahibləndi. İkinci yeri də gürcülərdən Meladze Tamara tutsa da, nəhayət üçüncü yerdə Azərbaycan komandasından olan Maşkova Yanina tutdu.

Hiss olundu ki, çempionat bizim idmançılar üçün gözlənilməz oldu. Əksəriyyəti məğlubiyyətlə barışmaq istəmirdi. Bu arada mən axtarıb yarışın əvvəlində söhbətləşdiyim idmançımız Günayı tapdım. Maraqlı burasındadır ki, mən onu gözlədiyimin tərsinə olaraq gördüm. Yoldaşlarından fərqli olaraq onda heç bir ruh düşkünlüyü yox idi. Ona yaxınlaşanda, sualımı gözləmədi: “Bilirəm nə soruşacaqsınız… Amma mən yenə sözümün üstündə dururam. Mənə lazım olan, haqqında eşitdiyim Gürcüstanın peşəkar idmançıları ilə bir meydana çıxmaq idi. Çıxdım və bilmədiklərimi öyrəndim. Onlar məndən yaşca da xeyli böyükdürlər. Bu da o deməkdir ki, təcrübələri də çoxdur. Amma mən söz verirəm ki, mən onların yaşına çatanda çıxa bilmədiyim yüksəklik qalmayacaq”.

Təbii ki, mən ona ancaq uğurlar arzulaya bilərdim...

Bu ərəfədə Gürcüstan idmançıları arasında yaşca və təcrübəyə görə fərqlənən idmançılarla da söhbətləşdim. Onlardan Quram Dabrundaşvili bir-iki etiraf da etdi. O, deyir ki, Azərbaycanda qayayadırmanmaya bu qədər maraqlı olan insanlar təsəvvür etmirmiş: “Sizdə elə uşaqlar var ki, onların arasında onlarla gələcək dünya çempionu var. Bundan başqa, mən bildiyimə görə, Azərbaycanda bu idman sahəsi üçün təbii relyeflərdə kifayət qədərdir. Ona görə də, hesab edirəm ki, bu idmanın gələcəyi sizdə parlaqdır. Sadəcə işləmək lazımdır”.

Beləcə yarış sona çatdı. Başqalarını bilmirəm, həmin gün mən oradan yeni bir təəssüratla ayrıldım. Onu deyə bilərəm ki, ucqar rayonlarda belə ekstremal idman növlərinə qızlarımızın da ciddi-cəhdlə marağı hər halda kiçik hadisə deyil.


Mübariz Aslanov

mubariz1982@mail.ru
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1481

Oxşar yazılar