“Futboldan çirkin, yersiz xatirələrlə ayrılmaq istəmədim” - MÜSAHİBƏ
18 noyabr 2010 15:35 (UTC +04:00)

“Futboldan çirkin, yersiz xatirələrlə ayrılmaq istəmədim” - MÜSAHİBƏ

Azərbaycanın tanınmış futbolçusu Kamal Quliyevin Lent.az-a müsahibəsi

- Qış transfer dövründə hansısa komandada çıxış etməyə hazırlaşırsınız?

- Xeyr. İndiyədək bu haqda heç yerdə danışmamışam. İlk dəfədir sizə deyirəm. Futbolçu karyeramı başa vururam. Fikrim qətidir. Bu il futbolla vidalaşıram. AFFA və Peşəkar Futbol Liqasına müraciət etməyə hazırlaşıram. Vida matçı keçirmək istəyirəm. Konkret olaraq, futbolla, yaşıl meydanla futbolçu kimi birdəfəlik uzaqlaşıram. İnşallah, dekabrda sənədlərimi məşqçilik kursuna verəcəyəm. Kursun ilkin mərhələsini Bakıda, sonrakı mərhələsini isə Ukraynanın paytaxtı Kiyevdə keçmək fikrindəyəm.

- Şəxsi biznesiniz də var. Bu işlə daha dərindən məşğul olmaq fikrində deyilsiniz?

- Həyatda əlimdən gələn yeganə iş futbol oynamaqdır və futboldur. Futbola aid gözəl fikirlərim var. İnşallah, qismət olarsa, şans verilərsə və belə imkan yaranarsa həmin fikirlərimi, ideyalarımı məşqçi kimi can-başla həyata keçirə bilərəm. Əvvəllər böyük məşqçilərlə işləmişəm, Ukraynanın “Volın” klubunda legioner həyatı yaşamışam. Bir çox mütəxəssislə əlaqələrim də var. Ukraynanın iki komandasının hazırkı baş məşqçiləri ilə əvvəllər “Volın”da futbol oynamışam. Bunlar “Obolon”un baş məşqçisi Sergey Kovalets və hazırda Luqanskın “Zarya” komandasında çalışan İqor Dudnikdir. Amma daha çox Kovaletslə yaxın münasibətdəyəm. O, həqiqətən də Ukrayna futbolunda tanınmış simalardan, futbolçulardan biri olub. Hələ də “Volın”ın baş məşqçisi kimi çalışan Vitali Kvartsyanı ilə də bir neçə dəfə söhbətləşmişəm. O, Azərbaycanda gənc və perspektivli futbolçular olarsa, komandasına yönəltməyimi istəyib. Mən də dəfələrlə bildirmişəm ki, hansı futbolçu öz gücünə inanırsa, “Volın”a təmənnasız göndərə və orada onun üçün şərait yarada bilərəm.

- Klub tapa bilmədiyiniz üçünmü futbolçu karyeranızı başa vurursunuz?

- Mənə çoxları dedi ki, ora-bura, I divizion komandalarına müraciət et. Amma qoy yekəxanalıq kimi çıxmasın. Mən futbolçu olmuşam. Mən Kamal Quliyev olmuşam. İndiyədək etmədiyim bir şeyi bundan sonra da etmərəm. Karyeram boyunca güclü klublar mənə, pis çıxmasın, elçi düşüblər, məni istəyiblər. Lakin mən Azərbaycanda oynadığım dövrdə 8 il “Neftçi”nin şərəfini qorudum. Bu müddətdə hər şeyin şahidi oldum. Çətinlik də gördüm. Bir ara klubun o qədər də yaxşı çıxış etmədiyi vaxt məni böyük klublardan da istədilər. “Neftçi”ni atıb getmədim. Həm yaxşı, həm də pis günlərimiz olub. Bu gün heç kimin qapısını döyüb “Məni komandanıza götürün, oynayım” demək fikrim yoxdur. Qoy, I divizionda çıxış edən futbolçu qardaşlarım da məni pis başa düşməsinlər. Əlbəttə, onlar ailələrinə pul qazanırlar, ailələrini saxlayırlar. Buna pis baxmıram. Onların hamısına böyük hörmətim var. Sadəcə, mən Kamal istəmədim ki, I divizionda futbol oynayım.

- Bəs bu qərarınızı niyə yay transfer pəncərəsi bağlanarkən, klubsuz qaldığınız vaxt açıqlamadınız?

- Bir neçə nüans var idi. Hələ yeni mövsüm başlanarkən belə qərara gəlmişdim. Sadəcə, heç yerdə açıqlamaq istəmirdim. Oynamağa qalsa, qoy, bunu klublarımız da bilsin, qorxub-çəkinmirəm. Qarşısına məqsəd qoyan klublarımızdan ikicə ay möhlət istəyirəm, bu müddətdə məşq etdikdən sonra istənilən mövqedə çıxış edən futbolçu ilə rəqabət yaradaram. Bunu qəti şəkildə deyirəm və özümə əminəm. Amma istəmədim.

- Cəmi 34 yaşınızda karyeranızı başa vurmağınıza səbəb nə oldu?

- Kənardan azarkeşlərin təhqiramiz sözlərini eşitməmək üçün futbolla üzüsulu vidalaşmaq qərarına gəlmişəm. Futbolçu karyeram dövründən mənə yalnız xoş təəssüratların qalmasını istəyirəm. Çünki istər klubların, istərsə də millinin heyətində meydançaya çıxarkən mübarizə aparmışam, canımı qoymuşam, ürəklə futbol oynamışam. Qorxmamışam. Sadəcə, vaxtilə mənimlə birgə çıxış etmiş futbolçular məşqçi oldular, özüm isə qıraqda qaldım. Sanki onlarla heç futbol oynamamışam. Çempionatda son pillələrdə gedən komandalarda yox, yüksək pillələr uğrunda mübarizə aparan klublarda oynamalı idim. Oyun səviyyəm də buna imkan verirdi. Amma başa düşürəm ki, o insanlara klub rəhbərliyi tərəfindən heyəti gəncləşdirmək tapşırığı verilmişdi. Mən Kamal Quliyev meydançaya çıxarkən azarkeşlərdən alqış görürdüm. Elə bu cür də xoş təəssüratların qalmasını istəyirəm. Futboldan nə isə çirkin, yersiz xatirələrlə ayrılmağı arzulamadım. Qoy, futbol oynadığım dövrləri xatırlayanda nostalji duyğuları qalsın.

- Vida matçını hansı komandanın heyətində keçirmək istərdiniz?

- Bütün komandalara hörmətim var. Amma çox istərdim ki, legioner həyatım üçün pəncərə olan, karyeramın ən gözəl dövrlərini keçirdiyim, mənə çox şeyi öyrədən “Neftçi”nin heyətində vida matçına çıxım.

- Nəyə görə məhz “Neftçi”də?

- DOğulub boya-başa çatdığım Sumqayıt komandasından ayrıldıqdan sonra məni “Neftçi”yə o vaxtkı baş məşqçi, rəhmətlik Ruslan Abdullayev dəvət etdi. Flaqmanın hazırkı baş məşqçisi Arif Əsədovla komanda yoldaşı idim. Bu komandada hamıdan çox, səhv etmirəmsə, 12 ilədək Əsədov çıxış edib. Ona deyirdim ki, “Neftçi”də səndən də çox oynayacağam. Amma 8 il oynaya bildim. Sonra isə Ukrayna çempionatında çıxış edən “Volın”a yollandım. Orada oynadığım vaxt da deyirdim ki, Azərbaycana qayıtsam, yenə “Neftçi”də oynayacağam. Lakin Ukraynadan döndükdən sonra flaqman rəhbərliyi ilə anlaşa bilmədik. Transfer vərəqimi “Volın”dan ala bilmədilər. Bu zaman Yunis Hüseynov məni yenicə yaradılan və o vaxtlar baş məşqçisi olduğu “Karvan”a dəvət etdi. Yevlax klubu transfer vərəqimi də aldı. Daha sonra “Xəzər Lənkəran”a keçdim. Lənkəran komandasında oynamaq mənim üçün şərəf idi. Çünki orada məqsəd Avropa səviyyəli klub formalaşdırmaqdan ibarət idi. Mən də bunu eşidərək, “Xəzər Lənkəran”a üz tutmuşdum. Çox təəssüf ki, 3-4 ay oynadıqdan sonra problemlə üzləşdim. Əslində problemlik bir şey yox idi. Sadəcə, klubun baş həkimi Boris Xetaqurov məsuliyyəti öz üzərinə götürmədi. Həkimlər demişdi ki, bu futbolçu ürəyindəki problemə üzündən nə meydançada ölüb-qalasıdır, nə də buna başqa bir şey olasıdır. Sadəcə, qorxdular. Ürək xəstəliyi olduğu üçün risk etmədilər. Bununla belə, “Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimova minnətdaram. Məhz onun köməkliyi sayəsində İtaliyada müalicə olundum. Lakin çox təəssüf ki, qayıtdıqdan sonra o vaxtkı baş məşqçi Viktor Pasulko ilə alınmadı. Halbuki Mənsimovun yaxşılığının əvəzini qaytarmağı çox istəyirdim. Sonradan “MKT-Araz”a keçdim. 3 ay sonra bu klub dağıldı. Ötən mövsümü isə “Standard”da başa vurdum. Mənə köməyi dəyən hər bir şəxsə ömrüm boyu duaçıyam. Hansı klubda çıxış etmişəmsə, mənə verilən çörəyi halallıqla, zəhmət haqqı ilə yemişəm. Meydançada canımı qoymuşam. Heç nədən qorxmamışam. Başımla rəqibin ayağına sürüşmə fəndi etmişəm. Ayağım sınıb, 6 ayadək futbol oynaya bilməmişəm. Amma yenə də mübarizədən çəkinməmişəm. Bunları xatırlamaqla demək istəyirəm ki, bütün klublara hörmətim var. Lakin mən “Neftçi”nin heyətində futbolçu karyeramı başa vurmaq istərdim.

- Bəs vida görüşünün hansı formatda baş tutmasını arzulayırsınız?

- “Neftçi”nin hazırkı komandasına Azərbaycan millisinin hazırkı futbolçularından da bir neçəsini dəvət edərək, ölkəmizdə çıxış edən legionerlərə qarşı oynamağı çox istərdim. Digər tərəfdən, oynadığım dövrün futbolçularını da vida matçımda görməkdən çox şad olardım. Çünki mən güclü futbolçularla çiyin-çiyinə çıxış etmişəm, Vidadi Rzayev, Yunis Hüseynov, Tərlan Əhmədov, Elxan Həsənov, Nazim Əliyev, Mehman Yunusov, Azad Mütəllimov, Vaqif Sadıqov, Yaşar Vahabzadə, Vadim Vasilyev, Bəxtiyar Musayev, İlham Yadullayev, Samir Əliyev, Zaur Tağızadə kimi insanlarla futbol oynamışam, onlardan öyrənmişəm. Amma kaş bizim oynadığımız dövr indi olaydı. İndi klublarımızda hər cür şərait var. Əvvəllər formamızı özümüz yuyurduq, bir qarnı ac-bir qarnı tox olurduq, hava limanlarında 8 saatadək növbəti reysə təyyarə gözləyirdik, avtobusla 24 saat yol gedirdik. Amma indi Allaha şükür, hər şey yüksək səviyyədədir. Çarter reysi ilə gedib qayıdırlar. “Bakı” klubunun avtobusunda hətta internetə qoşulma imkanlarınadək mövcuddur. İstərdim ki, futbolçu qardaşlarım oynasınlar və yaxşı da pul qazansınlar.

- “Neftçi” rəhbərliyinə vida matçı barədə müraciət etmisiniz?

- Bu günlərdə “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanovla Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğluna müraciət etmək fikrindəyəm.

- Oyunun hansı tarixdə təşkilinin tərəfdarısınız?

- İstərdim ki, aralıq dövr olsun, komandaların heç birinin hazırlıq planına maneçilik törətməyim.

Elşən MƏMMƏDOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 640

Oxşar yazılar