“Neftçi”nin bayrağını yandıranlar məlumdur
27 sentyabr 2010 19:30 (UTC +04:00)

“Neftçi”nin bayrağını yandıranlar məlumdur

Elnur Əşrəfoğlu: “Bayrağı dartıb apararaq, yandıranların kim olduqları lentə çəkilib”


Futbol üzrə Unibank Premyer Liqasının VII turunda “Xəzər Lənkəran” və “Neftçi” klubları arasında keçirilmiş oyunun nəticəsindən çox, iki komanda azarkeşləri arasındakı insident müzakirə olunmaqdadır. Lent.az-ın məlumatına görə, Lənkəran şəhər mərkəzi stadionunda keçirilmiş matç boyunca meydan sahiblərinin çoxsaylı azarkeşi ilə qonaq komandanın 200-dək tərəfdarı arasındakı söz savaşı “Neftçi”nin bayrağının yandırılması və 100-dən çox oturacağın sındırılmasına gətirib çıxarıb.


Bəs hadisələrin bu qədər böyüməsi və az qala nəzarətdən çıxmasının səbəbi nədədir. Bununla əlaqədar Lent.az hər iki klubun rəsmilərinin fikirlərini öyrənib.


“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov “Neftçi”nin bayrağının yandırılmasını düzgün addım saymayıb. Lakin onun fikrincə, iki komanda azarkeşləri arasındakı münaqişə məhz bayrağın yandırılmasından sonra baş verməyib: “Azarkeşlərin bayrağın yandırılmasından sonra coşduğunun şahidi olmamışam. Amma istənilən halda, bayrağın yandırılmasını dəstəkləmirəm. Klublar bir-birilərinin atributlarına, rəmzlərinə hörmətlə yanaşmalıdır. “Xəzər Lənkəran” olaraq, biz bu halları düzgün saymırıq. Lakin azarkeşlərin özlərini qeyri-sabit aparmalarını bayrağın yandırılması ilə bağlamaq da düzgün deyil. Azarkeşləri də başa düşmək olar. Gəliblər ki, sevimli komandalarını dəstəkləsinlər. Son dəqiqələrdə vurulan qolla məğlub olurlar. Bu zaman sinirlərinə hakim ola bilmirlər. Aydın məsələlərdir”.


Nadirov “Bu hərəkətə yol verən azarkeşlərə qarşı tədbir görüləcəkmi?” sualını belə cavablandırıb: “Bunu “Xəzər Lənkəran”ın rəsmi fan-klubu etməyib. Bəlkə də “Neftçi”nin azarkeşi gəlib tribunada provokasiya edib, bunu da deyə bilmərəm. Rəsmi fan-klubumuzun yerləşdiyi sektor tam əks istiqamətdə idi. Əgər bu hərəkəti rəsmi fan-klubumuz etsəydi, o başqa məsələ... 15 min nəfərin hər birinin məsuliyyətini klub daşıya bilməz. İkincisi də hələ bilmək olmaz ki, orada qəsdən təxribat törədən kimin azarkeşidir və ya kimdir?”


“Xəzər Lənkəran” rəsmisinin sözlərinə görə, baş verənləri polisin biganəliyi ilə əlaqələndirmək də düzgün deyil: “Polis baş verənlərə biganə yanaşsaydı, “Xəzər Lənkəran” azarkeşləri qonaq komandanın 200-dək tərəfdarını çoxdan “birtəhər” etmişdilər. Polis təhlükəsizliyi lazımi səviyyədə qoruyub. Bir nəfər digəri ilə əlbəyaxa olmayıb, fiziki təzyiq göstərməyib. Məhz polisin əməyidir ki, insident azarkeşlər üçün xətasız ötüşdü. Əsas odur ki, azarkeşlərin bir-birinə fiziki təzyiqləri, əlbəyaxa döyüşlər baş vermədi. Başı yarılan, döyülən olmadı. Nə ziyan oldusa, stadiona oldu. “Neftçi”nin azarkeşləri kresloları sındırıb atdılar”.


Lənkəran klubunun vitse-prezidenti stadionda təşkilatçılıqla da bağlı heç bir problemin olmadığını vurğulayıb. Onun sözlərinə görə, qonaq komanda və onların azarkeşləri lazımi səviyyədə qarşılanıb və yola salınıb: “50-100 nəfərin gəldiyi oyunlarda heç bir problem yarana bilməz. Lakin çoxlu azarkeşin gəldiyi oyunlar insidentsiz ötüşmür”.


Sonda Nadirov bildirib ki, sındırılan oturacaqlara görə ziyanın ödənilməsini “Neftçi” rəhbərliyindən tələb etməyəcəklər: “İndiyədək bir çox klubun azarkeşləri ilə belə hallar baş verib. Lakin heç vaxt dəyən ziyan qarşılığında pul istəmişik. “Neftçi” rəhbərliyi ilə dost münasibətimiz var. Onlar da istəməzdilər ki, belə olsun”.


“Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu isə qalmaqalın məhz bayrağın yandırılmasından sonra baş verdiyini söyləyib. O, baş verənlərə görə, “Xəzər Lənkəran” azarkeşlərinin üzr istəməli olduqlarını vurğulayıb: “Xəzər Lənkəran” – “Neftçi” matçı Azərbaycan reallığının derbisidir. Derbidə belə halların baş verməsi normaldır. İlk növbədə, klubumuzun rəhbərliyi adından “Xəzər Lənkəran” rəsmilərinə minnətdarlığımı bildirmək istərdim ki, onlar futbolçularımızı avtobusla təmin etdilər. Həmin avtobus oyundan bir gün öncə və oyun günü komandamızı oteldən məşqə apardı və geri qaytardı. Yəni, Lənkəranda bizim üçün bütün şəraiti yaratmışdılar. Oyunda azarkeşlər arasında baş verən qalmaqala gəldikdə, bu, Lənkəran şəhər mərkəzi stadionunda ilk hal deyil. Buna qarşı nə vaxtsa ölçü götürmək lazımdır. Oyunda azarkeşlərin bir-birilərinə qarşı hansısa şüarlar səsləndirmələri, hansısa söz işlətmələrini derbi adını əsas tutaraq, normal qəbul etmək olar. Düzdür, bu zaman hansısa söyüşdən, nalayiq sözlərdən söhbət gedə bilməz. Belə hallar da yolverilməzdir. Qalmaqal isə “Neftçi” klubunun bayrağının yandırılmasından sonra baş verdi. Bayraq müqəddəsdir. O cümlədən, hər bir klub üçün. Bayrağı “Xəzər Lənkəran” azarkeşləri yandırıblarsa, “Neftçi” tərəfdarlarından rəsmən üzr istəməlidirlər. Heç kəs Azərbaycanın köklü komandası, flaqmanı olan “Neftçi”nin müqəddəs atributlarına bu cür yanaşa bilməz. Bunun cavabı da olmalıdır. İnşallah, “Neftçi” bunu meydançada göstərdiyi təmiz, ədalətli oyunla verəcək”.


Əşrəfoğlunun fikrincə, baş verənlərdə “Xəzər Lənkəran” rəhbərliyinin heç bir məsuliyyəti ola bilməz: “Sadəcə, yerli azarkeşlər elə bir aura yaratmışdılar ki, sanki “Neftçi” fanatları vəhşidirlər, vurub-dağıdırlar. Amma gəlin baxaq, oyunda “Neftçi”yə neçə nəfər azarkeşlik edirdi? 200 nəfər. Məgər bu 200 nəfər xüsusi təyinatlı, desant qrupdur ki, 15 minədək yerli tərəfdarın qarşısında qoçuluq etsinlər. Belə iddialar heç bir məntiqə sığmır. Səslənən və açılan “Möhsün, yaz! “Neftçi” – qaz!”, “Xaqani – istefa!” şüarları, mənim və klubumuzun vitse-prezidenti Tahir Süleymanovun karikaturaları nə dərəcədə düzgün idi? Derbidə bunları normal qarşılamaq olar. Amma bayrağın yandırılması, heç kimə bu cür hərəkət etməyə haqq vermir”.


“Neftçi” rəsmisinin sözlərinə görə, oturacaqlar əvvəlcə “Xəzər Lənkəran” azarkeşləri tərəfindən sındırılıb və flaqmanın fanatları tərəfə atılıb: “Bunu klubumuzun azarkeşləri də görüblər. Həmin fanatı stadiondan iki dəfə çölə çıxarsalar da, yenə geri qayıdıb. Bundan başqa, ayran və su qabları tullayıblar. Hətta bu hadisədən sonra polislər bizim azarkeşlərin yerini bir tribuna sola dəyişdilər. Bunlar hamının gözünün qarşısında baş verdi. Hətta onlar “Xəzər Lənkəran” klubunun “Neftçi” üçün ayırdığı avtobusa da daş atdılar. Əlbəttə, öz klubunun avtobusuna daş atan azarkeş öz stadionunda oturacağı da sındıra bilər. “Xəzər Lənkəran”ın qapıçısı da təsdiqləyir ki, klubumuzun prezidenti Sadıq Sadıqov ötən mövsüm Bakıda keçirilmiş görüşdən sonra piyada uzun məsafə qət edərək, onları “Neftçi” fanatlarının hücumlarından qoruyub. Bunun müqabilində “Neftçi”nin bayrağının yandırılması nə dərəcədə düzgündür? Hətta bayrağı dartıb apararaq, yandıranların kim olduqları da lentə çəkilib. Fotolara baxmaqla da tədbir görmək olar. Dünyada da belə praktika var”.


Əşrəfoğlu da Nadirov kimi olayların təxribat məqsədilə törədildiyini istisna etməyib. Amma onun fikrincə, bu, həqiqətən də belədirsə, hüquq-mühafizə orqanları təxribatın qarşısını almalıdırlar: “Nə vaxtadək “Xəzər Lənkəran”ın “Neftçi” ilə oyunlarında bu cür hallar baş verəcək? Hər iki klubun rəhbərləri peşəkarlardan ibarətdir. Gözəl işlər görülür, gözəl ab-hava yaradılır, gözəl oyun keçirilir. Amma hansısa təxribatçılar ortalığa girir və aranı qızışdırırlar. Fikrimcə, belə şeylərə yol vermək olmaz. Oyun öncəsi səslənirdi ki, AFFA və Peşəkar Futbol Liqası “Neftçi”ni çempion etmək istəyir, flaqman hakimlərin hesabına irəli gedir. Budur “Neftçi”ni çempion etmək? Hakimliklə də bağlı müəyyən iradlar, səhvlər vardı. Lakin komandamız məğlub olubsa, bununla barışır, həzm edirik. Bu, dünyanın sonu deyil. Hələ mövsüm ərzində “Xəzər Lənkəran”la 3 dəfə də görüşə bilərik. Sadəcə, hər iki komandada bu cür təxribatçılar varsa, onların qarşısı alınmalıdır”.


Flaqman rəsmisi “Neftçi”nin prezidenti Sadıq Sadıqovun “Xəzər Lənkəran”ın qapıçısı Kamran Ağayevə irad bildirməsi haqda xəbərləri də təkzib edib: “Kamran Ağayevin “Neftçi” azarkeşlərini özündən çıxarmaları haqda deyilənlər düzgün deyil. Mən Sadıq Sadıqovla 2 olimpiadada iştirak etmişəm. Hamı ona dayı deyir. Sadıq müəllimin hamı ilə gözəl münasibətləri var. Onun kiməsə nələrsə deməsi absurddur. Bunu şişirtməyin məntiqi əsası yoxdur”.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 801

Oxşar yazılar

Madrid derbisində HEÇ-HEÇƏ

Madrid derbisində HEÇ-HEÇƏ

30 sentyabr 2024 , 02:01
"Tottenhem" səfərdə "Mançester Yunayted"i DARMADAĞIN ETDİ

"Tottenhem" səfərdə "Mançester Yunayted"i DARMADAĞIN ETDİ

29 sentyabr 2024 , 21:47
"Qarabağ" "Sabah"ı MƏĞLUB ETDİ

"Qarabağ" "Sabah"ı MƏĞLUB ETDİ

29 sentyabr 2024 , 21:30
Velosipedçi qız  dünya çempionatında öldü

Velosipedçi qız dünya çempionatında öldü

28 sentyabr 2024 , 14:33
"Bavariya" "Bayer"in əsas ulduzunu 100 milyona alacaq

"Bavariya" "Bayer"in əsas ulduzunu 100 milyona alacaq

28 sentyabr 2024 , 10:23
“Borussiya” 3 xalı 4 qolla qazandı

“Borussiya” 3 xalı 4 qolla qazandı

28 sentyabr 2024 , 04:54
Maaşının yarısından imtina etməyə  hazırdır - SƏBƏB

Maaşının yarısından imtina etməyə hazırdır - SƏBƏB

27 sentyabr 2024 , 21:46
“Mançester Siti” üçün iki pis xəbər

“Mançester Siti” üçün iki pis xəbər

27 sentyabr 2024 , 19:46