Burada hər şey ağ və qaradır - REPORTAJ
17 fevral 2009 10:39 (UTC +04:00)

Burada hər şey ağ və qaradır - REPORTAJ

“Neftçi”nin bazasında müqəvvalar da var, “oyun satan” da...

Futbol üzrə Azərbaycan Premyer Liqasında 75 günlük fasilə arxada qaldı. Fasilə çərçivəsində klublarımızın əksəriyyəti Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışlarında oldular. Yalnız ikinci dövrənin startına bir neçə gün qalmış vətənə qayıtdılar. Lent.az da bu məqamı nəzərə alaraq “Komandalarımızın düşərgəsindən reportaj” layihəsini bərpa etməyi qərarına gəldi. Bu dəfə “qonaqlıq məkanı” kimi “Neftçi” seçildi.

“Dəyişən və yeniləşən”...

72 illik tarixə malik klub mövsümün ilk yarısında uğursuz çıxışı və bundan doğan daxili qalmaqallarla diqqət mərkəzinə düşmüşdü. Almaniyalı baş məşqçi Hans-Yurgen Gede birinci dövrədə Rəşad Sadıqov, Rəşad Sadiqov, Aleksandr Çertoqanov, Georgi Adamiya, Elnur Allahverdiyev, Ruslan Abbasov, Levent Kartop və qapıçı Anar Nəzirovu komandadan kənarlaşdırmışdı. Əvəzində heyətə 6 yeni futbolçu - polşalı qapıçı Tomaş Bobel, avstraliyalı və irlandiyalı müdafiəçilər Con Tamburasla irlandiyalı Co Kendrik, rumıniyalı yarımmüdafiəçi Marian Aliuta və hücumçu Adrian Neaqa, eləcə də kamerunlu forvard Valentin Atem cəlb olunub. Baş verən dəyişikliklərin komandadakı əhval-ruhiyyəyə nə dərəcədə təsir etdiyini öyrənmək maraqlı olardı. Bu məqsədlə klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlıya müraciət etdikdə, istəyimizi müsbət cavablandırdı. Beləliklə, fevralın 12-də saat 11:00-da AFFA-nın Nobel prospektindəki inzibati binasının yaxınlığında yerləşən “Neftçi”nin bazasına yollandım.

“Ağ və qara” “Neftçi”

İçəri daxil olduqda hasarların zolaqlı formada ağ və qara rənglərə boyanması dərhal diqqətimi çəkdi. Ağ və qara “Neftçi”nin sevimli rəngləridir. Amma təqribən dörd saatlıq müşahidədən sonra belə qənaətə gəldim ki, bu rənglər həm də komandanın görünən və görünməyən, işıqlı və qaranlıq tərəfləridir. İlk baxışdan, görünənlər baza daxilindəki üçmərtəbəli bina, bir də təbii və süni örtüklü meydançalardır. Təbii örtüklü meydançanın mərkəzi hissəsində bir neçə yerdə insan formasında maketlər basdırılıb. Uzaqdan isə onlar müqəvvaya bənzəyirlər. Sanki gecə vaxtı əraziyə soxulmaq istəyən canlıları qorxutmaq üçündürlər. Həm də yaxşı üsuldur: meydançada futbolçular məşq keçmədikləri vaxt onları maketlər əvəzləyə bilər.

Adı mətbuat katibi, özü isə…

Bina daxilində isə ilk tanışlıq mətbuat katibliyi üçün ayrılan otaqdan başladı. Kiçik otaqda mətbuat xidmətinin rəhbəri və onun köməkçisindən əlavə, hüquqşünas da oturur. Hüquqşünasın gördüyü işlərdən biri klubun lisenziyalaşma məsələləri ilə məşğul olmaqdan ibarətdir. Deməli, “Neftçi” mətbuat katibinə lisenziyalaşma işlərinin də həvalə olunduğu klublardan deyil. Amma onsuz da “flaqman”ın mətbuat xidmətinin rəhbəri Səbuhi Səfiyarlının işləri başından aşır. Mətbuat katibi - onun rəsmi vəzifəsidir. Reallıqda isə hamının işinə yarayır. Kimin problemi yaransa, ona yaxınlaşır. Birini azərbaycanca, digərini rusca, başqa birisini isə ingiliscə yola verir. Klubun ən uzun stajlı işçilərindəndir. Görünür, “Neftçi”də 5 illik təcrübəsi onun ən tələbatlı əməkdaşlardan birinə çevrilməsinə yardımçı olub. Bu təcrübə ona həm də ağzından çıxardığı ifadələrində də diqqətli olmağı öyrədib. Komanda daxili ən xırda sirləri belə açıqlamamağı üstün tutur: “Niyə məndən soruşursan?”

Vəli Qasımov hələ də “Neftçi”dədir?

Səbuhi ilə söhbətləşdiyimiz vaxt otağa veteran futbolçu Vəli Qasımov daxil olur. Qasımov ötən ilin yayında “Neftçi”nin idman direktoru vəzifəsinə təyin olunmuşdu. Bir neçə ay işlədikdən sonra klubda bu vəzifə ləğv edildiyindən, rəhbərlik Vəli ilə yollarını ayırıb. Amma deyəsən, veteran futbolçu çoxdandır yaşadığı İspaniyaya qayıtmaq fikrində deyil. O, hələ Bakıdadır. Hətta “Neftçi”nin bazasına da yolu düşür. Bir azdan məlum olur ki, Vəli bazaya sənədlərinin dalınca gəlibmiş.

Birmənalı qəbul edilməyən baş məşqçi

Az sonra bina daxilindəki otaqlarla tanışlıq başlayır. Mətbuat xidməti və digər sənədləşmə işlərinin görüldüyü otaqların qonşuluğunda baş məşqçi Hans-Yurgen Gede, onun hollandiyalı köməkçisi Rob Reekers və tərcüməçisi qalır. Gede ilə söhbətləşməyin vacibliyini Səbuhiyə çatdırıram. O da baş məşqçinin otağına girərək müsahibə istəyim barədə baş məşqçini məlumatlandırır. Gedenin cavabı isə bu olur ki, növbəti rəqibin oyunlarından birinin videokasetini izlədikdən sonra suallara cavab verə bilər. Yeri gəlmişkən, “Neftçi”nin düşərgəsində almaniyalı mütəxəssisə münasibətin heç də birmənalı olmadığını qeyd etməliyəm. Hər halda, klubda Gedenin başına and içildiyini demək olmaz. Yəqin ki, hamı ondan bir baş məşqçi kimi özünü sübut etməsini gözləyir.

Futbol sədaları altında masaj

Digər otaqlardan daha çox tibbi kabinələr diqqəti cəlb edir. Futbolçulara tibbi xidmət üçün masaj, sauna otaqları var. Bir otağın rəflərinə isə başdan-ayağa dərmanlar yığılıb. “Neftçi”nin həkimi milli komandada da çalışan Tofiq Kərimov, masajçı isə futbol komandalarında böyük təcrübəsi olan Rəhim Məhərrəmovdur. Rəhim otaqdakı böyük ekranlı televizor vasitəsilə İspaniya və İngiltərə yığmaları arasında keçirilmiş yoldaşlıq görüşünə baxa-baxa “Neftçi”nin ikinci komandasından olan futbolçunun ayaqlarını masaj edirdi. Daha bir geniş yer isə qış məşq zalıdır. Çöldə əlverişsiz hava şəraiti hökm sürdükdə, içəridə mini-futboldan tutmuş voleybol, basketbol və digər idman növləri ilə məşğul olmaq mümkündür.

Nişanlı Əli Cansun evlənməyə tələsmir

Həmin gün “Neftçi”nin məşqi saat 15:00-a təyin olunduğundan, hazırlıq prosesinə üç saat qalmış baza daxilində futbolçu tapmaq müşkülə çevrilmişdi. Bu da məşq saatınadək oyunçulara sərbəstlik verilməsi ilə əlaqədar idi. Komanda üzvlərinin əksəriyyəti şəxsi işlərinin dalınca yollanmışdılar. Heç yerə getməyənlər isə öz otaqlarına çəkilmişdilər. Otaqlarının qapısını içəridən bağlayaraq dincəlirdilər. Koridorda isə baş məşqçi köməkçisi İqor Getman gəzişirdi. Yalnız türkiyəli hücumçu Əli Cansun otağının qapısını bağlamadan, noutbuku ilə işləyirdi. Ona yaxınlaşırıq. Deyir ki, kompüterdən Türkiyədə olan qohumları və nişanlısı ilə internet vasitəsilə danışmaq üçün yararlanır. Artıq bir müddətdir nişanlı olsa da, gələn ilin mayında evlənməyi planlaşdırır.

Futbolçusuz yeməkxana

Digər futbolçuların saat 12:00-da başlanan nahar vaxtı yeməkxanada olacaqlarını güman edirik. Bu məqsədlə yeməkxanaya yollanırıq. Bura geniş, səliqəli bir məkandır. Divarlarda nəinki “Neftçi”nin, hətta hazırkı “Bakı”nın “Dinamo” adlandığı vaxt çəkilən kollektiv şəkilləri asılıb. Yeməkxananın bir tərəfində divanlar qoyulub, taktiki hazırlıq lövhəsi quraşdırılıb. Masa üzərinə növbənöv yeməklər, salatlar və əlbəttə, spirtsiz içkilər düzülüb. Hərə masaya yaxınlaşır və istədiyini seçdikdən sonra stol arxasında əyləşərək, yeməyini yeyir. Həmkarımın təklifini qəbul edərək, dadlı təamlara qonaq oluram. Həm də futbolçuların indi yeməyə gəlmələrini gözləyirəm. Amma oyunçulardan heç biri gəlmir. Əvəzində baş məşqçi öz köməkçisi və tərcüməçisi ilə birgə yeməkxanaya daxil olur. İstədikləri təamları seçdikdən sonra ayrıca stolda əyləşirlər. Bu zaman Gede yemək stolu arxasında şəklinin çəkilməsinə etiraz etmir.

“Get, “trınır”la danış”

“Neftçi”nin əsas komandasının futbolçularını görmək üçün daha iki saat gözləmək lazım gəlir. Həmin vaxtadək klubun vitse-prezidenti İlqar Quluzadə və baş məşqçi Hans-Yurgen Gede ilə müsahibə almaq istəyirəm. Lakin Gedenin otağına daxil olduqda məlum olur ki, baş məşqçi klub prezidenti Əkbər Hacıyevlə görüşə tələsir. “Azərneftyağ” Neft Emalı Zavodunun direktoru olan Hacıyev Gedeni öz iş yerinə çağırıbmış. Amma zavod yaxında olduğu üçün baş məşqçinin tez qayıdacağına ümidliyik. Quluzadəyə yaxınlaşıram. O, əvvəlcə nahar etmək istədiyini bildirir. Bir müddət sonra isə cavabı daha maraqlı olur: “Mənim indi işlərim çoxdur. Get, “trınır”la danış”. Gedenin artıq klub prezidentinin yanında olduğunu bildirdikdə isə o, baş məşqçi köməkçiləri Böyükağa Ağayev və ya İqor Getmanı nişan verir. İnsafən, həmin gün Quluzadənin işi çox idi. Onu qapı arxasında “Neftçi”nin ikinci komandasının bir neçə futbolçusu gözləyirdi. Qış transfer pəncərəsinin bağlanmasına çox az vaxt qaldığından, özlərinə yeni klub tapmaqda vitse-prezidentdən kömək umurdular.

“Mənə “oyunsatan” deyənin qarnına bıçaq soxaram”

Onların arasında qaradərili Erik Obidike də var. Transfer hüququ “Neftçi”yə məxsus olan afrikalı mövsümün birinci dövrəsində icarədə olduğu Salyanın “Muğan” komandasından qovulub. İndi Erik MOİK-ə icarəyə verilməsini istəyir. Afrikalı futbolçu hamının zarafat obyektidir. Azərbaycan dilində demək olar ki, səlis danışan Obidike ilə Səbuhi də zarafat etməyə başlayır:

- Erik, MOİK-də oyun satma, ha!

- Mən həyatım boyu oyun satmamışam.

- Satmamısan? Səni “Qəbələ” almaq istəyirdi. “Muğan”dan oyun satdığın üçün qovulduğunu biləndən sonra imtina etdilər.

- Mənim aləmimdə oyun satmaq çox pis şeydir. Heç vaxt boğazımdan haram tikə keçməyib. Kim mənim oyun satdığımı fikirləşirsə, gəlsin, üzümə desin. Həmin adamın qarnına bıçaq soxaram.

“Mən polyakam, rusca bilmirəm”

Saat 14:00-dan etibarən “Neftçi”nin əsas komandasının futbolçuları bazada görünməyə başlayırlar. İkinci dövrə üçün “flaqman” rəhbərliyi 15 əcnəbi, 9 yerli futbolçu sifariş edib. Oyunçuların təmsil etdikləri ölkə, dil baxımından ayrı-ayrı otaqlara bölündüklərini ehtimal etmək mümkündür. Futbolçuların bəzilərinin otaqlarında olduqda bunun əyani şahidi oldum. Onlardan ikisi - bolqarıstanlı Marko Dafçevlə Svetoslav Stefanov da belələrindəndir. Stefanov 3 ildir “Neftçi”dədir. O, ötən mövsüm icarəyə verildiyi Çin klubu ilə ölkə çempionu olduqdan sonra yenidən Bakıya qayıdıb. Azərbaycan dilində bəzi sözləri bilir. Komanda yoldaşları ilə zarafatlaşdığı vaxt işlətdiyi ifadələr maraqlı səslənir. Dafçev isə ötən yay “Neftçi”yə gəlib. Stefanov paytaxtımızdakı yaşayış şəraitindən razıdır. Fevralın 11-də hər iki futbolçunun həyat yoldaşları Bakıya gəlib. Dafçevin xanımı qızını da gətiribmiş: “Onlar burada olduqda, bütün günümüzü birgə keçiririk. Hava yaxşı olduqda bulvarda gəzişirik. Soyuq havada isə evdə oluruq. İnternetlə məşğul olur, televizora baxırıq. Bir sözlə, dincəlirik”. Bakıda qalmağa kirayə ev tutduqlarını deyən Stefanov bazayadək 40 dəqiqə yol qət etdiyini bildirir. O, paytaxtımızda tıxacların çoxluğundan gileylənsə də, Bakının gözəl şəhər olduğunu da söyləməyi vacib sayır. Komandadakı durumundan da razıdır. “Neftçi”də uzun müddət qalmaq istəyir. Bolqar futbolçularla söhbət zamanı yeni transfer Tomaş Bobel otağa girir. Polşalı qapıçı Stefanov və Dafçevlə elə görüşür ki, sanki çoxdanın tanışlarıdırlar. Bobeldən də müsahibə götürmək istədikdə, maraqlı cavab verir. O, rus dilində çətinliklə “Mən polyakam, rusca bilmirəm. Almanca bilirsənsə, danışaq” söyləyir.

Gözəgörünməz futbolçular

Futbolçuların otaqlarını tərk edib birinci mərtəbəyə düşürük. Oyunçulardan bəziləri yenə gözə dəymir. Xüsusən də, Samir Əliyev və Zaur Tağızadə ilə heç yerdə rastlaşmırıq. Məşqə çox az vaxt qalıb. Məşqçilər otağına növbəti dəfə daxil olduqda Gedenin artıq yerində olduğunu görürük. Bir neçə dəqiqəlik söhbətə razılıq verir. Suallarımı tələsik cavablandırdıqdan sonra “Məşqə getməliyəm” deyərək, sağollaşır. Komandanın rahat avtobusu Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına stadiona doğru istiqamət götürür...

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1891

Oxşar yazılar