İsgəndər Cavadov Azərbaycan futboluna xəstəlik diaqnozu qoydu
07 avqust 2010 10:30 (UTC +04:00)

İsgəndər Cavadov Azərbaycan futboluna xəstəlik diaqnozu qoydu

Regional Futbol Federasiyalarının (RFF) prezidenti İsgəndər Cavadov Azərbaycan futboluna xəstəlik diaqnozu qoyub.


Bu haqda veteran futbolçu Lent.az-a açıqlama verib. Cavadov bildirib ki, futbolumuzun xəstəliyi “lipa”larla bağlıdır. Ötənlərin tanınmış futbolçusu 15-16 yaşlılar arasında keçirilən “Regionlar kuboku”nun seçmə mərhələsinin yekunlarına əsasən, belə qənaətə gəlib. 45 komandanın və 920 futbolçunun iştirakı ilə keçirilən turnir 7 regionu əhatə edib. Yarışın gedişini seleksiyaçı-məşqçilərlə yanaşı, RFF prezidentinin özü də izləyib.



Cavadov ilk dəfə təşkil olunan “Regionlar Kuboku”nda bir sıra müsbət məqamlarla yanaşı, çatışmazlıqlar da aşkarlayıb: “Şimal regionunda “Abşeron”la Şabranın “Çıraqqala” komandaları arasında keçirilmiş oyun birincilərin 4:0 hesablı qələbəsi ilə nəticələndi. Lakin şəxsən özüm “Abşeron”un heyətində bir futbolçudan şübhələndim. Onun sənədləri ilə maraqlandıqda 1992-ci il təvəllüdlü olduğu üzə çıxdı. Eyni halla Şimal-Qərb regionunda “Balakən UGİM” və “Ulduz-UGİM” komandalarının oyununda qarşılaşdıq. Balakənlilər 2:0 hesabı ilə qalib gəlsələr də, heyətlərində 1993-cü il təvəllüdlü oyunçu aşkarladıq. Hər iki halda AFFA Nizam-İntizam Komitəsi “lipa” oynadan komandalara 0:3 hesablı texniki məğlubiyyət verdi. “Lipa”lar Azərbaycan futbolunun xəstəliyidir və biz buna qarşı mübarizə aparırıq”.


RFF rəhbəri digər problemlərdən də danışıb. Onun sözlərinə görə, oyunların keçirildiyi meydançalar pis vəziyyətdədir. Futbolçuların geyim formaları heç də ürəkaçan deyil. Məşqçilərin biliklərini və ümumilikdə səviyyələrini artırmaq lazımdır. Onların bəzilərinin geyimlərinə və zahiri görünüşlərinə baxanda adam utanır. Biri oyuna saqqalla, digəri çəkərəklə, başqası isə şortiklə gəlir. Məhz məşqçilərin səhvləri üzündən qırmızı vərəqə alaraq, 2 oyunluq cəzalanan futbolçu növbəti görüşə buraxılıb. Nəticədə həmin komandaya texniki məğlubiyyət verilib. Oyunlara gələn hakimlərin əksəriyyəti Bakıdandır. Regionlardan da hakimlər çox gəlməlidirlər”.


Bununla belə, Cavadov “Regionlar Kuboku”nun böyük əhəmiyyətə malik olduğunu bildirib. Onun fikrincə, Azərbaycan futbolçuları xalq qarşısında məsuliyyət daşıyırlar: “Futbolumuzu inkişaf etdirmək üçün yerli oyunçuların gücündən yararlanmalıyıq. Onlar isə belə turnirlər nəticəsində tapılıb üzə çıxarılırlar. Sonradan isə həmin futbolçular xalq qarşısında məsuliyyət daşıdıqlarını anlamağa başlayırlar. Çünki onların ata-anası, bacı-qardaşı kənarda yox, Azərbaycanda yaşayır. Elə oynamalıdırlar ki, çölə çıxanda camaatdan özləri və ailələri barədə artıq söz eşitməsinlər. Əcnəbi futbolçular isə burada heç bir məsuliyyət daşımırlar”.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 588

Oxşar yazılar