“Neftçi” telekanallar üçün açıq qapı elan etdi
05 avqust 2010 10:30 (UTC +04:00)

“Neftçi” telekanallar üçün açıq qapı elan etdi

"Neftçi" futbol klubu Unibank Premyer Liqasının və Azərbaycan kubokunun 2010/2011-ci il mövsümündə ev oyunlarının teleyayımı ilə bağlı bəyanat verib.


Lent.az-ın məlumatına görə, bu haqda flaqmanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu klubun rəsmi saytına açıqlama verib.

O bildirib ki, bununla əlaqədar açıq qapı elan olunub: “2010/2011-ci il mövsümündə evdə keçirəcəyimiz oyunlarla bağlı açıq qapı layihəsini elan etmişik. Bu isə o deməkdir ki, “Neftçi”nin matçlarını yayımlamaqda maraqlı olan telekanalları danışıqlara dəvət edirik. İstənilən telekanal bu məsələ ilə əlaqədar bizə müraciət edə bilər. “Neftçi” klubu olaraq, bizim oyunlarımızı göstərmək istəyən telekanallarla danışıqlara hazırıq. Dünya təcrübəsinə əsasən, İngiltərə, İspaniya, İtaliya, Almaniya, Fransa, Braziliya, Argentina, Türkiyə və digər ölkələrdə klublar yayım hüququnu telekanallara pulla satırlar. Həmin ölkələrdə telekanallar külli miqdarda pul xərcləyərək, sonradan reklam vasitəsilə xərclərini sığortalayırlar. Sadaladığım ölkələrin çempionatları ilə Unibank Premyer Liqasının eyni səviyyədə olmadığını və bizdə reklam bazarının bir o qədər də inkişaf etmədiyini nəzərə alsaq, açıq qapı layihəsinin tətbiqi məqsədəuyğundur”.


Əşrəfoğlunun fikrincə, bu layihə Azərbaycan futbolunda yenilikdir: “Ola bilsin ki, “Neftçi”nin Premyer Liqadakı oyunlarını bir telekanal, kubokdakı görüşlərini isə digər telekanal yayımlasın. Klubumuzun matçlarını göstərmək telekanallara da reytinq gətirər, onların imicini yüksəldər, tamaşaçı kütləsini artırar. Çünki Azərbaycan futbolunun flaqmanı olan “Neftçi” adı markadır. “Neftçi” ölkəmizin ən köklü, adlı-sanlı klubudur. Komandamız avqustun 8-də saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ı qəbul edəcək. Hansısa telekanal bu matçı yayımlamaqla, böyük reytinq qazana bilər. Onu da qeyd edim ki, bir telekanal “Neftçi”nin görüşlərini canlı yayımlayacağı təqdirdə, digər telekanalların da həmin matçdan informasiya və ya idman xəbərləri üçün reportaj hazırlamasına şərait yaradılacaq”.
# 432

Oxşar yazılar